Keçid linkləri

Təcili xəbərlər

Şair olmaq


İki gün əvvəl Nazim Hikmətin ad günü idi. Sosial şəbəkələrdəki dost siyahılarında Nazimi anan, şeirlərini paylaşan, barəsindəki xatirələrdən parçalar yazan insanlar çox idi, adam hətta təəccüblənirdi ki, bizim insanlar bu qədər şeir, şair sevən imişlər.

O şairlər, onların taleləri, onlara bəzən sevdiyimiz, bəzən ürəyimizi darmadağın edən şeirləri yazdıran səbəbləri düşünürdüm.

Sarıtel, mavigöz, yaraşıq sarıdan bəxti yaman gətirən şairin şəkillərinə baxır, şeirlərini oxuyur və ağlıma gələn bütün şairlər barədə düşünürdüm. Yesenin, Mayakovski, Lermontov, Rembo, Svetayeva, Axmatova... O şairlər, onların taleləri, onlara bəzən sevdiyimiz, bəzən ürəyimizi darmadağın edən şeirləri yazdıran səbəbləri düşünürdüm.

Nədir şair olmaq...Necə olur bu. Necə olur ki, başqaları ilə eyni dövrdə, eyni şəraitdə yaşayırsan, amma sən şair olursan. Necə olur ki, sən də hər səhər duş qəbul edib, kostyum geyinib, işə getməkdən, yaxşı maaş almaqdan, gözəl mənzilə, gözəl qadına ya kişiyə sahib olmaqdan, şirin-şirin övladların atası ya anası olmaqdan məmnunluq duya bilmirsən. Necə olur ki, normal insanların ailəsini başına yığıb, şam eləməsi, səyahətə getməsi, məclislərdə iştirak eləməsi, başını ev tikmək, maşın almaq, şopinq etmək kimi şeylərlə qatıb, xoşbəxt olması sənə yad olur. Necə olur ki, anandan övladına, sevgilindən dostuna qədər nə qədər yaxın görünsələr da, əslində yad və uzaq olur sənə hamı...

O ağrı...o ağrı imkan vermir axı sənə. Ağlın kəsəndən sinəndə səbəbi bilinməz o ağrı gözündən salır bütün sevinclərini, yadlaşdırır sənə bütün yaxınlarını...

O ağrı...o ağrı imkan vermir axı sənə. Ağlın kəsəndən sinəndə səbəbi bilinməz o ağrı gözündən salır bütün sevinclərini, yadlaşdırır sənə bütün yaxınlarını...Sən yaşadığın hər gün, sevdiyin hər insan, oxuduğun hər kitabla, anladığın hər həqiqətlə əslində o ağrını yemləyirsən. O ağrı doymayan bir əjdaha, ağzı yumulmayan qurbanlıq tanrısı kimi hər an, hər saat səndən yem, qurban gözləyir ki, ağzına atasan. Sən sevirsən – o ağrını yemləyirsən, sən bağlanırsan – o ağrını yemləyirsən, sən öyrənirsən – o ağrını yemləyirsən, sən nəfəs alırsan – o ağrını yemləyirsən...

O ağrı səni qadından-qadına, kişidən-kişiyə, ölkədən-ölkəyə, kitabdan-kitaba, qədəhdən-qədəhə atır. Bəzən insanlar Nazim Hikmətin, Yeseninin çoxlu qadınları, Svetayevanın, Axmatovanın çoxlu kişiləri olmasından iştahla danışır, bunu onların bir zövqü, üstünlüyü olduğunu düşünürlər. Ən yaxşı halda, ədədbiyyata, şeirə bir az yaxın adamlar düşünürlər ki, məsələn Yesenin qadınlarda, Axmatova kişilərdə könül rahatığını axtarırdı, o rahatlığı tapmağa çalışırdılar.

Heyhat! Nə qədər böyük yanılma, nə qədər uzaq olmaq şair ürəyinə. Dünyada hələ heç bir şair sevgilisndə ya dostunda könül rahatlığı axtarmayıb. Nazim də, Yesenin də, Axmatova da sevgililərində ümidsiz və çarəsizcə bircə şey axtarırdılar. Xilas! O qadınlarda sürtkəcdən keçirilirimiş kimi işkəncə çəkən ürəklərinin o qeyri-insani ağrısını azacıq da olsa azaldacaq, səngidəcək hissləri yaşamağa ümid edirdi Nazim də, Yesenin də, Lermontov da...İçini gəmirən, cırmaqlayan, didən o ağrını az da olsun unutmağa çalışırdı Axmatova o kişilərdə.

Şair üçün vaxtını keçirdiyi dost, yatağını paylaşdığı sevgili, oxuduğu kitab, içdiyi şərab, yolda üzünə gülümsəyən uşaq, rəngini bəyəndiyi köynək, dadını sevdiyi yemək, başını sığalladığı it, təmas etdiyi hər şey xilas axtarışıdır.

Şair üçün vaxtını keçirdiyi dost, yatağını paylaşdığı sevgili, oxuduğu kitab, içdiyi şərab, yolda üzünə gülümsəyən uşaq, rəngini bəyəndiyi köynək, dadını sevdiyi yemək, başını sığalladığı it, təmas etdiyi hər şey xilas axtarışıdır. O ağrıdan xilas olmağın əslində ümidsiz yoludur şair həyatındakı hər kəs, hər şey...

Özünə qəsdən fiziki ağrı yaşadır şairlər. Bu ağrı içindəki daha dəhşətlidi əzabı unutdursun deyə. Bəzən nadürüst insanla yaxın olur, bəzən özünü səfil gününə qoyur, bəzən gülünc vəziyyətə salır, özünütəhqir aktını seçir şairlər. Bu utanc içindəki ağrını unutdursun deyə. Amma içindəki ağzıaçıq əjdaha rəhm nədir bilməz, yatmaq nədir bilməz, doymaq nədir bilməz.

Sənin ancaq bir çıxış yolun var. Bu qeyri-insani ağrını şeirə çevirmək. Şeirlər, sən şairə içindəki ağrının mükafatı, əvəzidir. O ağrı nə qədər güclüdürsə, şeirlər o qədər gözəldir.

Sənin ancaq bir çıxış yolun var. Bu qeyri-insani ağrını şeirə çevirmək. Şeirlər, sən şairə içindəki ağrının mükafatı, əvəzidir. O ağrı nə qədər güclüdürsə, şeirlər o qədər gözəldir.

Nə qədər gəncsənsə, o qədər ağrı hakimdir içinə. Ya dözə bilməyib, intiharı seçirsən, ya dözüb bəlli bir sərhədi atlayırsan. O sərhədi atlayanca, yəni sən yaşlandıqca ağrı bitməsə də, ürəyin daha keyiyir, öyrəşir bu ağrı ilə yaşamağa. Yolunu tapırsan onunla yaşamağın. Daha xilas axtarmırsan.

Buna görə də qoca şair olmur. Qoca şeir olmur. Şairlik ədəbiyyatın gəncliyidir. Sən onu yaşlı vaxtına apara bilməzsən. Aparsan da o nəsə başqa cür olacaq, yazdığın şeirlərin əsas cövhəri çatmayacaq ki, bu cövhərin adı ağrıdır. Çünki itirilmiş ağrı, itirilmiş şairlikdir. Sən o ağrı ilə yaşamağa öyrəşdiyin günü şeirləin öz sehrini itirir.

Sən insansansa o ağrıya öyrəşdiyinə sevinirsən.

Sən şairsənsə, o sehri itirdiyini həzm edə bilmirsən.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG