Keçid linkləri

Son günlərdə Qafqaz Univeristeti (QU) ilə bağlı tirajlanan xəbərlər bir qədər təəssüf hissi doğurur. Belə ki, ilk əvvəl universitetə yeni rektor təyin olunandan sonra bir sıra işçilərin çıxması ilə başlanan narazılıq, tələbələrin bəzi iradlarının yeni yardılan işçi heyət tərəfindən qəbul edilməməsi fonunda baş verənlər nələrdənsə xəbər verirdi. Daha sonra isə 2017-ci ilin ilk günlərindən etibarən Türkiyənin bəzi KİV-lərində QU məzunlarının diplomlarının Türkiyədə tanınmayacağı ilə bağlı verilən rəsmi açıqlamalar, işin bir qədər mürəkkəbliyini göstərirdi.

18 Yanvar, 2017-ci il. Ölkə gündəmində yeni xəbər- “Qafqaz Universiteti ləğv olundu”.

AzVision.az-ın xəbərinə istinadən, rektor Havar Məmmədov açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi tərəfindən universitetin fəaliyyəti 9 yanvar tarixindən dayandırılıb. “Hazırda Universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək. Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək”.

Daha sonra isə Lent.az xəbər verib ki, Qafqaz Universiteti tamamilə ləğv olunacaq və əvəzində isə Bakı Mühəndislər Universiteti yaradılacaq.

Bir şeyi də xatırladım ki, son 5 ildə QU məhz Dünya Universitetləri Reyting Cədvəlində (QS WORLD UNIVERSITY RANKING) ilk 700 univeristet içərisində, Azərbaycan üzrə isə birinci idi.

QU təhsilindən magistratura pilləsi üzrə yararlanmaq, iki il həddindən artıq peşəkar professor-müəllim heyəti, səmimi və mehriban insanlarla, olduqca dəyərli tələbə yoldaşlarımla tanış olmaq imkanım olmuşdu. Azərbaycanda ilk dəfə olaraq müəllim-tələbə münasibətlərinin bu qədər yaxınsəmimi olduğunun şahidi olmuşduq. Adətən professorlarla dostluq münasibətinin olması Azərbaycanda bir qədər qeyri-ənənəvi kimi görünüb. QU isə bunu ənənəyə çevirmişdi. Professorlarla bərabər səmimi bir ortamda çay içmək, məsələləri müzakirə etmək, dərsin gedişatını olduqca effektiv təsir edən amillərdən idi. Müəllimlərdən biri hətta bir dəfə bir tələbə dostumuzun təhsil haqqını ödəmişdi, həm də heç bir məqsəd güdmədən. Bunun adı insanlıqxoş niyyət.

Cənablar və xanımlar, sizlərə QU təhsilinin keyfiyyətlərindən uzun-uzadı yazmaq niyyətim yoxdur, hər şey göz qabağındadır.

Bir xatirəni sizlə bölüşmək istəyirəm. Hansı univeristetin rektoru axşam dərsindən çıxan tələbələri görüb maşını ilə yaxınlaşaraq “Uşaqlar, buyurun əyləşin, gedəcəyiniz yerə aparım sizi, hava soyuqdur” deyir? Bunu edən əvvəlki QU rektoru, Professor Ahmet Saniç idi.

Qafqazla bağlı o qədər xoş xatirələr var ki... Uğur Arif kimi möhtəşəm bir insanla tanış olmaq özü böyük bir qürurdur. Professor Cihan Bulut, Ədalət İbadov, Səbuhi Yusifov, Elnur Abbaszadə, Samir Quliyev kimi insanların da adını çəkməyi özümə borc bilirəm.

Siyasətdən dərs deyən müəllimimiz dəyərli Uğur Arifin “Arkadaşlar, fikirlerinizi bildirin. Yeterince saçmalamak haqqınız var, bu size doğruyu bulmanıza yardımçı olucak” deməsi hələ də qulağımdadır. O qədər gözəl izah edirdi ki, bu cümlə hər şeyi. Tələbənin nə qədər azad olmasının ən böyük işarəsi idi. Tələbələrə düşünmək, fikrini ifadə etmək, azad fikir yürütmək kimi lazımlı dəyərlər aşılanırdı. Professor tələbələrə təkidlə öz fikrini yeritmir, doğru olanı tapmağa yardımçı olurdu. Bundan gözəl nə olar?

QU-dan hələ o qədər öyrəniləcək, dərs çıxarılacaq şeylər var idi.

Tam məsuliyyətimlə bildirmək istəyirəm ki, Avropada aldığım iki illik təhsilim QU təhsil sistemi ilə uyğunluq təşkil edir. Çünki, QU Azərbaycan Avropa Təhsil Sistemi ənənlələrini formalaşdırmış bir təhsil mərkəzi idi. Təhsil standartlarından tutmuş, maddi-texniki bazası, labarotoriyaları, professional kadrları, xaricdə təhsil almış professorları, elektron tələbə bazası, elektron kitabxanası, əksər texniki imkanları Avropa universitetlərindən heç də geri qalmayan bir sistem. Bəziləri elektron məlumat bazasına yeni-yeni keçirlər, ancaq bunu QU illər öncəsindən edə bilmişdi.

Bir sözlə, olan yenə Azərbaycan təhsilinə oldu. Qafqazsız qaldıq. 24 il ərzində fəaliyyət göstərən bu universitetin məzunları, dünyanın dörd bir yanında Azərbaycan adından söz etdirməyi bacarıblar. Qafqaz bir dəyər idi. Qafqazın adını dəyişə və ya ləğv edə bilərlər, ancaq QAFQAZ UNİVERSİTETİ adı hər zaman yaddaşlarda xoş xatırlanacaq.

Azərbaycan təhsil tarixinə adını qızıl hərflərlə yazdıran bir universitetin məzunu olduğum üçün qürur duyuram. Hər şey üçün təşəkkürlər, QAFQAZ ailəsi. Haqqınızı halal edin.

Növbəti yazılarda oxunmaq ümidilə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG