Keçid linkləri

Əgər siz bir Anadolu lisesində və həm də son sinifdə şagird oldunuzsa, ilin bu aylarında həyatınız yalnız dərslərə bağlanar, heç azad vaxtınız olmaz, yuxusuz qalar, hər sözə və xəbərə diqqət verməzsiniz. Qarşıda həyəcan dolu universitet imtahanları var. Amma dünyadan da xəbərsiz olmursunuz. İnsanlığa, yurdunuza, şəxsinizə bağlı ciddi bir məsələdirsə, üstündən keçməzsiniz. Heç nə dərsləri ertələməz, dərslər də heç nəyi unutdurmaz. Sevimli lisemizin öyrətdiyi budur.

Odur ki, heç nəyə baxmadan bir mövzuda səsimi qaldırmaq qərarı verdim. Yeni illə bağlı qısa tətildə çox gözəl fizika müəlliməsi olan, fizika müəlliməsi olmasına rəğmən, eyni zamanda çox uğurla riyaziyyat müəllimliyi edən bibimlə görüşdüm. Bizdə bibiyə “mama” da deyilir, Anadoluda isə “hala”.

Bibim sərt döndü mənə:

  • Bax, ay qız, sən bu türk məktəbinə getməsəydin, indi 11 il oxuyub məktəbi qurtarmışdın, burada da bir universitet oxuyurdun. Özünə də, atana da boş əziyyətlər verməzdin. Bizim məktəblər nə qədər pis olsa da türk məktəblərindən geridə qalmaz. Guya sənin fizika və riyaziyyat müəllimin məndən yaxşıdırmı, həə?

Mənim gülümsəyərək sakit-sakit dinlədiyimi görüncə bibim daha irəli getdi:

  • Onsuz da Türkiyədə vəziyyət yaxşı deyil. Gün-gündən pisləşir. Sən ağıllı qız deyilsən, nahaq getdin o türk məktəbinə.
Anadoluya gəldikdə mənimlə danışmağa başladılar, “sus” demədilər, məni dinlədilər və danışmağımı istədilər.

Bibimin üstümə gəlməsini, məni ağılsız adlandırmasını gülümsəyərək və olduqca sakit qarşıladım. Amma ona yaxşıca izahlar verməyə hazırlaşırdım. Özümə əmin idim ki, onun yanlış saydığım baxışlarına qarşı aydın dəlillər gətirərəm. Cavab verməyə hazır idim. Bu anda xatırladım ki, mən Anadolu lisesini qazanana qədər, sözünü udan, bundan içi yanan, sıxılıb hirslə ağlayan biri idim. Bu söhbət o zaman olsaydı, mən ağlayıb bibimə bir söz demədən haray-həşirlə ya evin çölünə, ya otaqların birinə qaçacaqdım. Bizə danışmaq yasaq kimi idi. Cavab vermək isə tərbiyəsizlik və disiplinsizlik sayılırdı. Anadoluya gəldikdə mənimlə danışmağa başladılar, “sus” demədilər, məni dinlədilər və danışmağımı istədilər.

Danışmaq bir yana. Azərbaycan məktəbində oxuyarkən düşünürdüm ki, qardaşıma doğuluşdan yazmaq yetənəyi verilmişdir, çünki çox rahatlıqla hər şeyi yazar, yazdığı esselər çox gözəldir. Mən isə onun kimi deyildim. Amma Anadoluda oxuduqda anladım ki, bunu mən də öyrənə bilərəmmiş, esse yazmağı və akademik yazını bizə fizik və matematik kimi öyrədə bilərlərmiş. Hətta bir gün ciddi bir mövzuda qəzetlərə məqalə yazmağa da cəsarətim çatdı.

“KARNE GÜNÜMÜZÜN SEVİNCLƏRİ”

Bibimə ilk öncə sordum ki, onların məktəbində karne günü olurmu? O isə “Karne nədir?” deyə sordu. Mən Azərbaycan məktəbini də bildiyim üçün söylədim ki, illik, ilarası qiymətlər cədvəli karnedir, yekun qiymətləndirmə sənədidir.

Başqa bir yolla qiymətini artıra bilməzsən, əgər sən özün hesab etsən ki, qiymətin ədalətsizdir, bunu apelyasiya edə bilərsən və buna görə kimsə sənə qarşı çıxmaz və sənə qərəzli yanaşmaz.

“Yox, bizdə karne günü yoxdur” söylədi, təbii. Dedim ki, sizdə karne günü ola bilməz də. Çünki doğru-dürüst qiymətləndirmə də yoxdur. Qiymət cədvəli mötəbər olmayan, etimad doğurmayan bir sənəddir. Müəllim hər kəsə istədiyi qiyməti verə bilir, bunu məktəb müdirinin istəyi ilə də edir, valideynlərin xahişi və hətta hədiyyəsi ilə də. Hətta yüksək bilikli şagirdlərin də qiyməti aşağı yazıla bilər, müəllimin qərəzi varsa. Şagird müəllimdən qorxar, bəziləri onlara yaltaqlanar da. Amma bizdə karne ala bilmək bayramdır, çünki bu, sənin öz əməyinlə, bacarığınla mümkündür. Başqa bir yolla qiymətini artıra bilməzsən, əgər sən özün hesab etsən ki, qiymətin ədalətsizdir, bunu apelyasiya edə bilərsən və buna görə kimsə sənə qarşı çıxmaz və sənə qərəzli yanaşmaz.

Söylədim ki, sevgili bibim mənim, türk məktəbində müəllimim zəif ola bilər (əslində zəif də deyil), bəlkə o qədər yaxşı adam olmaya da bilər, amma məktəbə bir quruluş olaraq, bir təhsil sistemi olaraq etimad var. Türkiyə məktəbi də ideal deyil, amma ədaləti və etimadı var. Karne günü də ona görə var. Eyni zamanda mən bir ədalət və insanlıq gördüm, ədalət və insanlığa inandım, onlardan yana oldum, özümü və başqalarını ləyaqətli və hüquqlu gördüm. Üstəlik, Türkiyəni daha çox sevdim.

Bunu sevgili bibimə də söylədim, hər kəsə də söylərəm. Azərbaycan məktəbi qiymətlərinə etimadı qaytarmasa, uğurlar əldə etməyəcək, hətta babalarımızın öydüyü əski günlərin halına belə dönməyəcək. Ədalət olmayınca, dürüstlük olmayınca, net olaraq, karnelər doğruları bildirtməyincə, qiymətlər həqiqi olmayınca, saxta qiymətləndirmə fonunda hər şey qüsurlu qalacaq. Məktəbin qiymətinə etimad yoxdursa, onun müəlliminə də, verdiyi dərsin keyfiyyətinə etimad yarana bilməz.

Azərbaycan məktəbini yaxşıya doğru dəyişmək üçün nə Amerika kəşf etməyə, nə velosiped icad etməyək gərək yoxdur. Sadəcə, dürüstlük və etimad gətirmək gərəkdir ona.

Azərbaycan məktəbini yaxşıya doğru dəyişmək üçün nə Amerika kəşf etməyə, nə velosiped icad etməyək gərək yoxdur. Sadəcə, dürüstlük və etimad gətirmək gərəkdir ona. Bu dürüstlük hər şeyi ələyib düzəldəcək. Bizim uşaqlar qədərincə ağıllı, oxumağa meyllidir, onlara heyran olmamaq mümkünsüzdür, ata-analarımız da bizi oxutmaq üçün fədakarlıqlar edər, hər yanda da gözəl müəllimlərimiz var.

Etimadsızlıq və ədalətsizlik təkcə məktəbi yox, hər şeyi məhv edər, insanı da. Bir arada ABŞ silikon dərəsi (Silicon Valley) barədə bir yazı oxudum. NASA-nı bilirdim, amma bunu yox. Heyranlığımı gizlədə bilmirdim və məlumatlı birindən soruşdum ki, Silicon Valley´in bənzəri varmı kənar ölkələrdə? Söylədilər ki, Rusiya onun bənzərini yaratmaq istəmiş, amma 3 dəfə layihə rəhbərlərinin maliyyə qüsurları aşkar edilmiş və layihə batmış kimidir. Etimad və ədalət olmayanda son budur.

Türkiyə məktəblərinin etimadı və ədaləti var. Uğurun zəmini budur, dadı-duzu də budur.

Türkiyədə vəziyyətin pisə getdiyini deyənlər isə yanılır. Türkiyə məktəb və universitetlərinə baxıb hər kəs əminliklə deyə bilər ki, son illər bu sevgili ölkədə yaranan təlatümlər uğursuz olacaq, Türkiyə düz yolda, Atatürkçü, eyitimçi tavrı ilə davam edəcək. Türkiyəyə hücumlar da əslində elə buna görədir.

“AZƏRBAYCAN TƏHSİLİ YENİ BİR SƏHVƏ DOĞRU”

Azərbaycan təhsili isə əksiklərini düzəltmək əvəzinə, son illərdə yenidən səhv bir yola baş vurmaqdadır. Azərbaycanda hər şeyin günahını test üsulunun üstünə yıxmağa başlayıblar. Yenidən məktəblərə test olmayan imtahanlar üsulu gətirilir. Çox yanlış yoldur. Baxın, SAT bir ABŞ test sistemidir, 1901-ci ildən tətbiq edilir və bu gün də dünyanın ən qabaqcıl universitetləri tələbələrini onunla seçir. ABŞ test üsulu dünyanın ən öncül universitetlərini, araşdırma mərkəzlərini yarada bilibsə, test sistemi bizə niyə əngəl olsun?

Test sistemi ən dürüst yoxlama üsuludur və bizim ölkədə də özünü təsdiq edib. Türkiyə də bu üsulla ən yaxşı universitetlərini qurub, məktəblərini inkişaf etdirib.

İlk illərdə Türkiyə təhsili deyə öyünərdim, amma sonucda anladım ki, ayrıca bir Türkiyə sistemi yoxdur, bu, dünyanın uğur yolunun bir parçasıdır.

Mən həm öz məktəbimizi görmüşəm, həm də Türkiyə məktəbini. İlk illərdə Türkiyə təhsili deyə öyünərdim, amma sonucda anladım ki, ayrıca bir Türkiyə sistemi yoxdur, bu, dünyanın uğur yolunun bir parçasıdır. Türkiyə təhsilini bəyənməyən bibimə də bunu söylədim.

Odur ki, çıxış yolu çox aydındır. Çıxış yolu əlimizi sevgili Türkiyənin təhsil sisteminə uzadıb, birlikdə modern dünyanın bir parçası olmaqdır. Azərbaycanın Türkiyə ilə ən çox qardaşlaşacağı sahə də elə təhsil alanıdır.

Türkiyənin artıq mənimsədiyi uğurlar var. Məsələn, kaş hər kəs biləydi ki, Türkiyədəki dərsliklərlə çalışmaq nə qədər üstünlük verir. Azərbaycanda İmanuel Kant kimi dumanlı filosofun ələşdirici doktirinini və apriori-sini uşağın da anlaya biləcəyi, maraqla oxuyacağı “Fəlsəfə” dərsliyi varmı? Bizimsə vardı və onu çox sevmişdik! Belə uğurları öyrənmək ayıb deyil.

Ötən tətildə məhşur yazar Stendalın “Qırmızı və qara” romanını oxumağa başladım. İngiliscə asta oxuduğum üçün sona yetə bilmədim, amma onun əvvəlində sarkazmla söylənən bir fikir oxudum: “Toplumda insanlar yaxşı təhsil almadıqda səviyyəsi aşağı olan lətifələrlə mülahizə yürütməyə məcburlar”. Yəni əsası olan və olmayan qarmaqarışıqlarla! Məktəblər cocuqları yalnız bu qarmaqarşıqlardan öyrənməyin ixtiyarına buraxmamalıdır.

Türkiyə məktəbində (Anadolu lisesi özəl deyil, pulsuz təhsil verən bir dövlət quruluşudur) oxuduğum ilk günlərdən hey azərbaycanlı qardaş-bacılarımın nələrdən məhrum edildiyini düşünməyə və ağrımağa başladım. Onlar daha yaxşılara layiqdir deyə. Kiçik qardaşım Anadolu lisesinə alınmadığı gün ağladım hətta.

Odur ki, bu yazı təkcə Türkiyə məktəbinin uğuruna sevincim deyil, sevgili Azərbaycanımda görmək istədiklərimlə bağlıdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG