Keçid linkləri

Türkiyə kinomatoqrafçılarının Mustafa Kamal Atatürk haqqında çəkdikləri “Son bal” sənədli filmində belə bir epizod var: “Atatürk orkestrin rəhbəri azərbaycanlı Mehmetə dönərək yüksək səslə “Zeybek” çalın!” dedi.”

...bu günün özündə də Türkiyənin istənilən sənət ocağına üz tutsanız, ən azı bir həmyerlimiz qarşınıza çıxacaq.

Bu film 1938-ci ildə baş verən hadisələrdən bəhs edir, yəni aradan 80 ilə yaxın vaxt keçir. Amma bu günün özündə də Türkiyənin istənilən sənət ocağına üz tutsanız, ən azı bir həmyerlimiz qarşınıza çıxacaq. Bu say bəzən 6-7 nəfər arasında da dəyişə bilər. Azərbaycanın istedadları ölkədən niyə gedir?

Məsələnin dərin səbəbləri var, şübhəsiz. Sənət tariximizi vərəqləsək, gözəl izlərin yer aldığı onlarca uğur səhifəsi çıxar qarşımıza. Bu günün böhran içində çapalayan sənət sahələrinə nəzər salanda isə dərin bir təəssüf hiss edirsən. İllərdir sənət ocaqlarımız yalnız qalmaqallarla gündəm yarada bilir ölkədə. Son günlərin yeni bir qalmaqalı da Azərbaycan Opera və Balet Teatrında meydana çıxıb.

Yaxın zamanda teatrdan 15 nəfər gedib. Onların arasında son 15 ilin ən uğurlu Leylisi sayılan Nəzakət Teymurova da var. Gedənlər diqqətsizlikdən, idarəçilikdən, maaşların azlığından narazılıq edirlər. Amma böhranı yaradan səbəblər yalnız bunlarmı? Əlbəttə, yox. Səbəblər o qədər çoxdur ki, adam hardan başlayıb, harda nöqtə qoyacağını belə bilmir...

Şərqin ilk operasını yaratmış ölkə olaraq hər yerdə öyünürük. Ancaq o varislik bağlarının çoxdan qırılıb getməsi kimsəni narahat etmir. ...Sonuncu operamız nə zaman yazılıb, bilirsiniz? 11 il bundan əvvəl.

​Şərqin ilk operasını yaratmış ölkə olaraq hər yerdə öyünürük. Ancaq o varislik bağlarının çoxdan qırılıb getməsi kimsəni narahat etmir. Klassik musiqimiz illərdir böhran burulğanından çıxa bilmir. Sonuncu operamız nə zaman yazılıb, bilirsiniz? 11 il bundan əvvəl. Bəstəkar Firəngiz Əlizadənin “İntizar” operası bu müddətdə teatr repertuarına daxil olan yeganə yeni əsərdir. Bəstəkarlarımız nədən bu janrda əsər yazmaq istəmir? Bəstəkar Firudun Allahverdiyə belə bir sualla müraciət etdik və cavabı da maraqlı oldu:

- Ümumiyyətlə, opera klassik musiqinin ən mürəkkəb sahəsidir. Opera əvvəllər kralların əyləncəsi sayılırdı, yəni bu səviyyədə bahalı, böyük resurslar tələb edən bir sənət sahəsi idi. Fransız inqilabından sonra Avropada teatrlar milliləşdirildi. Kinomatoqrafiyanın inkişafından sonra isə bütün başqa sənət sahələrində olduğu kimi, operanın da qarşısında yeni tələblər qoyuldu. Tələblər yetərincə sərt idi: elə etməlisən teatra tamaşaçı gəlsin. Kino, bəyaz pərdə hər şeyi göstərmək imkanına malik olduğuna görə, teatrın səhnəyə daha maraqlı şeylər çıxarması gərək idi. Beləliklə, Avropada teatrlar yeni üsullar düşünməyə başladı - daha orjinal konsepsiyalar, orjinal həll yolları. Azərbaycanda isə teatrlar, o cümlədən Opera teatrı da 19-cu əsr səviyyəsində qalıb. Dekorasiya da, quruluşlar da, proqram və repertuar da. Nə deyim...gərək Opera teatrı da müasir reallıqları öyrənsin, tamaşaçı cəlb etməyin yeni yollarını axtarsın.

Opera yazmağa gəlincə...Mən uşaq vaxtı opera yazmaq istəmişdim. Ağlım ağlım başıma gələndən sonra anladım ki, opera çox çətin bir işdir. Böyük resurslar əldə olunmalıdır ki, adam opera yazsın və onu səhnəyə qoysun. Ümumiyyətlə, dünyanın hər yerində bütün bəstəkarlar opera yazmır. Hər bəstəkar kamera operası yaza bilər ki, onu balaca bir zalda, kiçik ansamblın müşayiəti ilə təqdim etmək çox asandır.

Bəstəkar klassik musiqimizin illərdir böhrandan çıxa bilməməsinin ilkin səbəbini təhsil sistemində görür. Deyir ki, Azərbaycanın təhsil sistemi müasir dünya ilə ayaqlaşa bilmədiyinə görə, ortaya uğurlu bir nəticə də çıxmır:

- Təhsil sistemi son dəfə 60-cı illərdə, azacıq da 70-80-ci illərdə yenilənib. Bu sistemi yenidən qurmaq lazımdır. Gedib qabaqcıl ölkələrin təcrübəsini öyrənmək lazımdır- orda hansı sistemdən istifadə olunur, necə istifadə olunur... Yalnız bunları öyrənəndən sonra yeni sistem yaratmaq olar. Əvvəllər sovet vaxtında pis-yaxşı müəyyən uğurlar ona görə qazanılırdı ki, yuxarıdan-Moskvadan nəzarət vardı. Biz ki, müstəqil olduq və heç nəyi yeniləmədik, ona görə olduğumuz yerdə də qaldıq. İndi qabaqcıl bir sistemin, Avropa Birliyinin üzvü olsaydıq, yəqin ki, müəyyən uğurlarımız da olacaqdı... Bəlkə, nə zamansa bir qabaqcıl cəmiyyətin üzvü olsaq, yenə nəyəsə ümid etmək olar. Ya da özümüz papağımızı qabağımıza qoyub fikirləşməliyik...

- Və bu şərtlər altında Azərbaycan bəstəkarı ürəyindən keçən əsəri də yaza bilmir, deyilmi?

- Adamın öz istədiyini etməsi üçün çoxlu şərtlər, çoxlu faktorlar vacibdir. Ona görə mən öz istədiyimi yaza bilmirəm... istədiyimi yazmaq çətindir. Əsasən təkliflər əsasında yazıram, bu halda da gərək həmin təklifi çox professional şəkildə, yüksək səviyyədə yerinə yetirməyi bacarasan. Ancaq elə çalışıb bunları çatdıra-çatdıra aydan-aya, ildən-ilə vaxt keçib gedir...

Bəstəkarın fikirləri ilə razılaşmamaq mümkün deyil. Hər bir cəmiyyətin ümumi ovqatı mütləq şəkildə öz impulslarını sənətə də ötürür. Müəyyən zaman və məkan kəsiyində yaşanan gerçəklər bəzən sənət aləminə ən gözəl şəkildə, bəzən isə ən ağrılı şəkildə iz buraxıb gedir. Biz indiki Azərbaycan gerçəkliyində hələ ki, ancaq o ağrılı izləri görə bilirik. Bütövlükdə bir yaradıcı nəslin imkanlarını sıfıra endirən ən ağrılı izləri...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG