Dünya əhalisinin yarısından çoxu (51%) - 3,9 milyard insan internetdən istifadə etmir. Bu məlumat Beynəlxalq Elektron-kommunikasiya İttifaqının hesabatında yer alıb. İnternetdən istifadə etməyənlərin böyük hissəsi (80%) Asiya-Sakit okean regionunda və Afrikada yerləşir. MDB ölkələrinin 93 milyon sakini də internetdən istifadə etmir.
Hesabatın müəllifləri bildirirlər ki, inkişaf etməkdə olan ölkələrdə internet qeyri-aktual olduğuna görə istifadə edilmir. Səbəblərdən biri – şəbəkəyə girişi necə həyata keçirilməli olduğunu bilməməkdir. Gender bərabərsizliyi və dil baryerləri kimi maneələr də bir çoxlarını internetdən uzaqlaşdırır (bir çoxları doğma dillərində saytlar tapa bilmirlər). Bundan başqa, internetdən istifadə etməyənlərin digər hissəsi isə ona maraq göstərmir, onlar internetdə heç bir fayda görmürlər.
İnternetdən istifadə səviyyəsi ölkənin iqtisadi inkişafından asılıdır – ən az inkişaf etmiş ölkələrdə əhalinin 85%-i internetdən istifadə etmir. Lakin daha çox inkişaf etmiş ölkələrdə bu göstərici cəmi 22%-dir. İnternetdən istifadə etməyən hər ikinci şəxsin yaşadığı ölkədə aldığı gəlir ildə 6500$-dan azdır. Bunların təqribən 60% kənd sakinləridirlər. İnternetə qoşulmayanların böyük hissəsi isə (58%) qadınlardır.
Hesabatda o da qeyd edilir ki, internetə girişə həmçinin internet-trafikin qiyməti, avadanlıq və elektroenerji də təsir göstərir. İnternetə qoşulmayanların 57%-i məhz onun baha qiymətinə görə bundan məhrumdur. Hesabat müəllifləri Beynəlxalq Mobil Operator Assosiyasiyasına istinad edərək qeyd edirlər ki, inkişaf etməkdə olan ölkələr arasında smartfonların məqbul qiyməti 25-50$ arası dəyişir. Hazırda isə smartonfonların böyük hissəsinin qiyməti 100 $-dan çoxdur.