Keçid linkləri

Rusiyanın Moskva Fizika-Texniki İnstitutunun (MFTİ) alimləri və onların xarici həmkarları onkoloji xəstəliklərin bitki terapiyasının işlənib hazırlanması istiqamətində daha bir addım atıblar. Dərman hazırlamaq üçün istifadə olunan bitkilərə şüyüd və cəfəri kimi bizə gündəlik həyatdan tanış olan bitkilər də daxildir.

Ötən il MFTİ-nin alimləri xərçənglə mübarizənin mövcud mexanizmlərini təkmilləşdirmək üzərində işlədikləri zaman qeyri-adi bir kəşf etmişdilər. Belə ki, onlar bu gün onkoloji xəstəliklərin medikamentoz müalicəsinin əsas üsulu olan kimyaterapiyanı antimiotiklərin köməyilə həyata keçirirlər. Antimiotiklər şiş hüceyrələrinin böyüməsinə imkan verməyən, tibulun zülalını parçalayaraq xərçəng hüceyrələrinin bölünmə prosesini pozan maddələrdir.

Braziliyada bitən Ateleia glazioviana Baill ağacının yarpaqlarında olan glaziovanin A güclü antimiotik vasitədir. Alimlər deyirlər ki, bu maddənin laboratoriya analizi mürəkkəb prosesdir. Çünki bu iş üçün bahalı prekursorlar və katalizatorlar tələb olunur. Prekursorlar son məhsulun alınması üçün zəruri olan reaksiyalarda iştirak edən maddələrdir. Katalizatorlarsa reaksiyanı sürətləndirən maddələrdir. Tədqiqatın müəllifləri qlaziovianin A-nın daha ucuz və qısa yolla sintezinin yeni üsulunu təklif etmişdilər.

Budəfəki tədqiqatda isə alimlər daha öncə tapdıqları maddələrin və onlara oxşar olan tienopiridin sinfinə aid birləşmələrin necə işlədiyini anlamağa çalışıblar. Bundan ötrü onlar xərçəng hüceyrələrindən yox, onların ən yaxın "sağlam" analoqundan - kirpi embrionlarından istifadə ediblər. Kirpi embrionunun iri hüceyrələrinin bölünməsini rahatlıqla müşahidə etmək olur.

Təcrübələr göstərir ki, dərmanlar hüceyrələrə seçkili təsir edir. Onlar tubulinlə birləşərək onu parçalayır. Bu maddələr və onların virtual "nüsxələri" ilə eksperiment aparan biokimyaçılar preparatın tubulinlə birləşərək zülala maksimal təsir göstərə biləcəyi ən optimal nöqtəni tapıblar.

"Biz aşkar etdik ki, araşdırdığımız molekullar məhz tubulin zülalının mikroborucuqları vasitəsilə birləşirlər. Biz həmçinin onların zülalla birləşdiyi yeri dəqiqləşdirdik. Bu məlumatın əsasında bu molekulların təsirinin sabitliyini və selektivliyni təkmilləşdirmək olar", deyə MFTİ-ın professoru Aleksandr Kiselyov qeyd edib.

Alimlər ümid edirlər ki, topladıqları məlumatlar xərçənglə mübarizə aparmağa qadir olan, eyni zamanda sağlam hüceyrələri kütləvi ölümdən qoruyan yeni preparatların hazırlanmasına kömək edəcək.

Alimlərin tapdığı bu üsul daha təhlükəsizdir. Belə ki, bu üsulun tətbiqindən sonra ölmüş xərçəng hüceyrələrinin yerinə yeniləri yaranmır.

Kiselyovun rəhbərlik etdiyi alimlər komandası sözügedən maddəyə bənzər birləşmələri cəfəri və şüyüdün toxumlarında da tapıblar.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG