Keçid linkləri

Təcili xəbərlər

Türkiyə prezident respublikasına çevrilmək ərəfəsində...


REFERENDUM APRELDƏ OLA BİLƏR

Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı planlar intensiv xarakter almaqdadır. Hazırda bunun üçün ilkin zəruri prosedurlar həyata keçirilir və bir müddət idi ki, hakim partiya məsələnin parlament mərhələsini başa çatdırmaq üçün Böyük Millət Məclisində təmsil olunan əsas müxalifət partiyaları ilə sürəkli məsləhətləşmələr və danışıqlar aparırdı.

Əgər prezident layihəni bu tezliklə imzalayarsa o halda artıq bu ilin aprel ayında referendum keçirmək mümkün olacaqdır.

Artıq parlament düzəlişlərə “hə” deyib. Gəl ki, səslər məsələnin parlamentdə birdəfəlik həll olunması üçün yetərli deyil və bu gün qanunverici orqanda təsdiqlənmiş layihənin həyata vəsiqə alması üçün onun referenduma çıxarılmasına ehtiyac var.

Əgər prezident layihəni bu tezliklə imzalayarsa o halda artıq bu ilin aprel ayında referendum keçirmək mümkün olacaqdır.

HƏR İKİ MODELİN ÖZ ÜSTÜNLÜYÜ VAR, AMMA...

Bu xüsusda əvvələr də bir neçə dəfə yazmışam, əsas siyasi modellərin – parlament və prezident respublikalarının hansının daha əlverişli olması ilə bağlı ən müxtəlif arqumentləri nəzərdən keçirmişəm. İndi onlara bir daha qayıtmaq, ya da köhnə arqumentləri təzədən səsləndirmək fikrim yoxdur...

Əslində hər iki modelin öz üstünlükləri var. Dünya politoloqları hər iki modelin spesifik tərəflərinə diqqət çəkiblər.

Əslində hər iki modelin öz üstünlükləri var. Dünya politoloqları hər iki modelin spesifik tərəflərinə diqqət çəkiblər. Kimi parlament respublikasını daha demokratik və dayanıqlı hesab edir, kimi də bunun əksinə olaraq prezident respublikasının üstünlüklərinə diqqət yönəldir.

Mənə elə gəlir ki, əsas məsələ fərdin və cəmiyyətin azadlıq sferasının nə qədər geniş olmasında və bütövlükdə hakimiyyətin cəmiyyətin həyatına müdaxilə imkanlarının nə qədər məhdud olmasındadır.

Əgər bütövlükdə hakimiyyətin fəaliyyət sferası məhduddursa, cəmiyyətə və fərdlərə daha geniş hüquqlar verilirsə, prinsipcə, ölkədə parlament və ya prezident respublikasının olmasının elə bir əhəmiyyəti yoxdur.

Elə məni də narahat edən budur ki, qardaş ölkədə fərdin və cəmiyyətin azadlıq sferası yetərincə geniş deyil. Bu isə o deməkdir ki, yaradılacaq prezident respublikası institutu ali icra hakimiyyətinə böyük səlahiyyətlər verəcək.

HAKİMİYYƏT CƏMİYYƏTDƏN AZ ASILI OLANDA...

Bəzən belə fikirlər də dolaşır ki, guya hökumətin iş və fəaliyyət sferası daha geniş olarsa, o halda o, daha yaxşı fəaliyyət göstərə bilər. Amma bu çox yanlış yanaşmadır.

Bəlkə də fövqəladə, ekstremal şəraitlərdə hökumətə böyük səlahiyyətlər verməyin bir məntiqi əsası var. Di gəl, digər vaxtlarda böyük səlahiyyətlər, cəmiyyətdən daha az asılı olmaq nəinki hökumətin işinə çeviklik impulsları gətirmir, hətta əksinə, onu bir az da tənbəlləşdirir və arxayınlaşdırır...

Hər şey böyük hakimiyyətdən asılı olsaydı, o halda avtoritar ölkələrin hökumətləri ən işlək institutlar olardı. Amma belə deyil...

Hər şey böyük hakimiyyətdən asılı olsaydı, o halda avtoritar ölkələrin hökumətləri ən işlək institutlar olardı. Amma belə deyil, bütün avtoritar ölkələrin hökumətlərinin böyük səlahiyyətlərinə baxmayaraq bu ölkələr inkişaf etmiş dünyanın ardınca tənbəl-tənbəl sürünməkdədirlər...

Ona görə də Türkiyədə hakim partiyanın prezident üsul-idarəsinin üstünlüklərilə bağlı dediyi arqumentlərin heç birini qəbul etmirəm, çünki bütün bu deyilənlər siyasi spekulyasiyadan başqa şey deyil və onların heç birinin ciddi məntiqi əsasları yoxdur.

Ağıllı adamlar deyir ki, hakimiyyət insanları korlayır, böyük hakimiyyətlər isə onları daha çox korlayır...

Əslində hər bir hökumət o vaxt yaxşı işləyir ki, onun üzərində böyük nəzarət olur. İndi Türkiyədə belə bir nəzarət var. Elə ölkədəki inkişaf da daha çox bunun nəticəsidir. Amma bu, hakim partiyanı qane etmir və o daha çox hakimiyyətə can atır. Halbuki başa düşməli idilər – o hökumət güclü olur ki, ona cəmiyyət güclü dəstək verir...

ƏRDOĞANIN SİYASİ AMBİSİYALARI

Bəlkə də oxucu mənimlə razılaşmayacaq, amma Rəcəb Tayyib Ərdoğan avtoritarizmə meylli siyasətçidir. Mən həmişə demişəm ki, bəlkə də bu adamın könlündən daha böyük “səlahiyyət” – xəlifə olmaq arzusu keçir. Baxın, Türkiyədə bir müddətdir ki, fövqəladə vəziyyət hökm sürür və təbii ki, bu amil də ali icra hakimiyyətinə əlavə səlahiyyətlər və imtiyazlar verir. Amma görək, terrorun kökü kəsilirmi? Ölkədə dinclik və rahatlıq bərqərar olurmu?

...Bəlkə də əksinədir, hər bir siyasi qüvvə böyük səlahiyyətlərə ona görə can atır ki, cəmiyyətdən və digər ictimai-siyasi institutlardan daha az asılı olsun.

Çox təəssüf ki, “hə” deyə bilmirik. Ona görə də bir daha əvvəldə dediyimiz fikrə qayıdırıq: böyük səlahiyyətlər hələ o demək deyildir ki, hökumət yaxşı işləyəcək. Bəlkə də əksinədir, hər bir siyasi qüvvə böyük səlahiyyətlərə ona görə can atır ki, cəmiyyətdən və digər ictimai-siyasi institutlardan daha az asılı olsun.

Bilirsiniz, bir neçə yüz il bundan əvvəl Şarl-Lui Monteskyö hakimiyyətin biri-birinə nəzarət edən və biri-birini balanslaşdıran üç bərabər qola bölünməsinin vacibliyi haqqında yazanda onun müəyyən əsasları var idi. Ötən illər ərzində bu fikri təkzib edən deyil, əksinə təsdiq edən arqumentlərin sayı artıb və onlar daha tutarlı olub...

Amma nə etmək olar? Görünür ki, heç də hamı bunu qəbul etmir. Əslində böyük hakimiyyətə can atmaq, xüsusən də şərqlilərin və eləcə də müsəlmanların bunu istəməsi elə bir yenilik deyildir.

Yenilik o vaxt olardı ki, bunun əksi baş verərdi və biz hakimiyyətin öz səlahiyyətlərinin bir hissəsindən imtina etməsini görərdik. Amma bunu görmürük və bir daha deyirəm ki, Şərqdə hələ də əks tendensiya daha qabarıqdır.

Bəli, düşünmək olardı ki, müəyyən qədər demokratiya təcrübəsi olan Türkiyədə hakimiyyətin genişlənməsi və ya böyüməsi tendensiyası deyil, əksinə onun məhdudlaşması və kiçilməsi baş verəcək. Fəqət, olmadı və Ərdoğan növbəti dəfə Türkiyə cəmiyyətinin “saqqızını oğurlamağ”a müvəffəq oldu.

Mən hələ dəqiq deyə bilmərəm ki, bu prosesin sonu necə olacaq... Amma bir şeyi bilirəm ki, hakim partiya bu istəyini də gerçəkləşdirə biləcək.

Fəqət, bundan Türkiyə cəmiyyəti heç nə qazanmayacaq. Ən azı ona görə ki, böyük hakimiyyət hər şey demək olsaydı dünyanın avtoritar və sərt rejimləri “quyruq”da sürünməzdilər, hamıdan öndə olardılar...

Gəl, belədirmi? Əlbəttə ki, yox. Elə Türkiyə cəmiyyətinin özünün də yanlışlığı var – hakimiyyət deyil, cəmiyyət güclü olanda ölkə inkişaf edir. Hətta 15 iyul hadisələri də bunu göstərdi. Çevriliş etmək istəyənlərin qarşısında aciz qalan güclü hakimiyyət cəmiyyətə müraciət etməkdən savayı yol görmədi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG