Keçid linkləri

Təcili xəbərlər

"Karmen": XIX əsrin opera realizminin zirvələrindən biri


2012-2013 teatr mövsümünün nəticələrinə görə dünyada ən çox izlənilən operalardan birincisi Verdinin "La Traviata", ikincisi Corc Bizenin "Karmen" operasıdır. Bu statistika dünyadakı 700-dən çox opera teatrının repertuarının araşdırılması zamanı əldə olunmuşdur.

"Karmen" fransız bəstəkarı Corc Bizenin 1874-cü ildə Lüdovik, Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında olan operadır. Operanın librettosunun süjeti Prosper Merimenin eyni adlı novellasından götürülmüşdür.

"Karmen"in musiqisi opera incəsənətinin xəlqilik rəmzidir. Yazılışının üstündən əsr yarıma yaxın vaxt keçməsinə baxmayaraq, indi də "Karmen"i dinləyəndə onun təravətinə valeh olmaya bilmirsən, sanki, opera başdan-ayağa gözəl və həyəcanverici melodiyalar paradıdır.

Operadakı parçalar: "Üvertüra", "Habanera", "Sequidilla", Qaraçı mahnısı, Toreadorun kupletləri, Josenin çiçəklə ariyası, 4-cü pərdədən Antrakt. Dünya opera tarixində bu qədər sevilən melodiyaya malik ikinci operanı xatırlamaq çox çətindir.

Bu opera ilk dəfə 1875-ci il martın 3-də Parisin "opera-komik" teatrında tamaşaya qoyulur. Televiziyanın, radionun, kinoteatrların olmadığı dövr. Orta və yuxarı təbəqənin əyləncə və bədii ehtiyacını ödəyən əsas müəssisələrdən biri opera teatrları idi. Səhnəyə qoyulan, nəinki premyeradan sonra, bəzən premyeradan xeyli əvvəl də müzakirə olunurdu. Gözlənilən "Karmen" tamaşası haqqında da premyeradan əvvəl söz-söhbətlər başlamışdı. Bu söhbətlərdə əsas vurğu premyerası göstərilən tamaşanın "amorallığı"na, "açıq-saçıqlığı"na idi.

O dövr üçün müasir sayılan parislilər opera səhnəsindəki çılpaq reallıqları həzm edə bilmirdi. Parislilər, əslində, reallıqla qarşılaşmışdılar. "Karmen"in premyerası Parisin "Opera-Comique" teatrında baş tutur. Zalda kimlər yox idi. Fransanın o dövrkü yüksək cəmiyyətinin böyük hissəsi: bəstəkarlar Charles Gounoud, Leo Delibes, Jacques Offenbach, Jules Massenet, yazıçı Düma-oğul, səfirliklərin nümayəndələri Rotşildlər ailəsi... Şahidlərin dediyinə görə 1-ci və 2-ci pərdələr alqışlarla qarşılanır, amma sonra, tədricən, zalda susqunluq və buzlaşma başladı. Premyeranı uğursuz adlandırmaq olardı.

Operanın süjeti "qəbahətli" (baş qəhrəman tütün fabriki fəhləsi olduğu üçün), musiqisi həddindən artıq mürəkkəb və ciddi sayılmışdı. Opera-komikdə adətən yüksək cəmiyyətin həyat tərzindən alıntılı mövzular göstərilirdi: varlı ailə, ağıllı və komik qulluqçu, yüngül flirt, xoşbəxt final və s... "Karmen"in qəhrəmanları isə: tütün kombinatının işçiləri qaçaqmalçılar, yüngül əxlaqlı qadınlar, dezertir əsgər, öküzlə döyüşən matador...

Opera-Comiquedə qoyulan bu operada demək olar ki, nə komik əhvalat, nə də komik personaj vardı. Finalda da ölüm. Odur ki, mətbuat səhifələrində opera haqqında xoşagələn heç bir söz deyilməmişdi. Tamaşanın sabahı günü qəzetlərin biri vətəndaşları ehtiyatlı olmağa çağırırdı: "Hörmətli, atalar və analar! Ənənəyə sadiq olaraq, siz xanımlarınızı və qızlarınızı onlara layiq axşam əyləncələrinə aparırsınız. Qatır oğrusundan hərbçinin, hərbçidən matadorun qucağına atılan fahişə haqqında nə düşünərdiniz? Axırda da aldatdığı aşiq xəncərlə onun biabırçı həyatına son qoyur"...

Məsələ burasındadır ki, o dövrün Parisində yüksək cəmiyyət mənsubları operaya, həm də öz övladlarına gələcək həyat yoldaşı tapmaq üçün gedirdilər. Lojalarda oturan valideynlər qızlarını qabaq sıralarda əyləşdirərək, özləri arxada otururdu. Bir qəzet isə həmin gecə səhnədə göstərilən personajları "sosial zibillik" adlandırmışdı. Ümumilikdə Paris qəzetləri operanı tənqid atəşinə tutmaqda bir-biri ilə elə bir bəhsə girmişdilər. Deyilənlərə görə bu söz-söhbətlərdən sonra kişilər "Karmen"ə ailələrini aparmırmış. Amma özləri gedirmiş.

Tədqiqatçıların rəyinə görə uğursuzluğun əsas səbəblərindən biri tamaşa haqqında vaxtından əvvəl yayılmış söz-söhbət idi... Opera tam iflasa uğrayır. Bundan sarsılan Corc Bizenin gecələr Paris küçələrində dərdini dağıtmaq üçün sərgərdan gəzməkdən savayı çarəsi qalmamışdı. Düşünmüşdü ki, var qüvvəsi ilə ərsəyə gətirdiyi əsərinə verilən qiymət böyük ədalətsizlikdir. Axı o, "Karmen"ə böyük ümid bəsləyirdi. Mətbuat səhifələrindəki rəylər isə onu ümidsizlik uçurumuna aparırdı. Xatirələrə görə səhərə qədər şəhərdə dolaşan Bizeni, sadəcə, dostu, sonradan operanı redaktə edən Ernest Guiraud tərk etməyib. Xanımı Genevieve Halevy də onu tərk etmişdi, tamaşa bitər-bitməz o, pərəstişkarı pianoçu Elie-Miriam Delaborde ilə teatrı tərk edib. Gənc Bize xaç suyuna salınma mərasimində üç böyük sərkərdənin - Aleksandrın, Sezarın və Leopoldun şərəfinə Aleksandr, Sezar Leopold adlandırılmasına baxmayaraq, xasiyyətcə süst və əsəbi adam idi, həyəcanını asanlıqla büruzə verirdi.

Premyeradan əvvəl yaranmış şayiələr premyeradan sonra yazıya çevrilərək qəzet səhifələrini doldururdu. Başı çıxan-çıxmayan yazarların əksəriyyəti, əsəri mütləq tənqid edirdi. Bütün bunlar həssas bəstəkarı həddən artıq həyəcanlandırmışdı. Hətta bir dəfə tənqidçilərdən birini Bizenin əlindən zorla alıblarmış. Yüksək keyfiyyətli musiqi yazdığına əmin olan Bizeni üzən səbəblərdən biri də dostlarının: söz sahibi bəstəkarların, yazarların onu müdafiə etməməsi idi.

Qəzetlərdə opera barədə danışan tanınmış şəxslər də Bizeni, ya şəxsən şifahi, ya da məktub şəklində yazılı təbrik etmələrinə, xoş sözlər söyləmələrinə baxmayaraq, ictimai çıxışlarında ehtiyatlı olmağa, fikirlərini ictimai rəylə balanslaşdırmağa çalışırdı. növbəti üç ay ərzində, yəni düz 3 iyun 1875-ə qədər 33 tamaşa oynanıldı. 34-cüsü isə təxirə salındı. Səbəb - 36 yaşlı müəllifin ürək tutmasından qəfil vəfatı oldu. Sarsıntılara dözməyən Bize düz üç aydan sonra 2 iyun 1875-ci ildə dünyasını dəyişmişdi. Amma buna qədər tamaşa, artıq Vyana opera teatrının marağını çəkmiş və onlar müəlliflə Vyana premyerası barədə razılaşmışdılar. Bəstəkarın cəmi 4 ay da səbri çatsaydı, sevimli operasının dünyanın ən böyük musiqili teatrlarında, oktyabr ayında Vyananın Opera Teatrında necə böyük uğur qazandığının şahidi olardı.

Bizenin vəfatından dörd ay sonra, oktyabr ayında "Karmen"in Vyana premyerası oldu. Operanın dünya şöhrəti də oradan başladı. Bəlkə də, Parisdə baş tutan premyeranın uğursuzluğunun bir sirri də burdaydı, əslində, karmen öz musiqisinin genişliyinə, dramatik ağırlığına görə böyük səhnədə oynanılmalı idi. Ardarda Brüssel, Berlin, London, Barselona, Sankt-Peterburq və digər Avropa premyeraları, daha sonra okeanın o tayında Nyu-York, San-Fransisko premyeraları baş tutdu.

Vyanada oynanılan əsərində onun yaxın dostu, bəstəkar Gironun redaksiyasında danışıq dialoqları reçitativlərlə əvəz olunmuş, 4-cü pərdəyə Bizenin "Pert gözəli" əsərindən və "Ariyalı qız" pyesinə yazdığı musiqidən balet səhnələri daxil edilmişdi. Həmin vaxtdan etibarən "Karmen" operası ən repertuarlı əsər kimi dünya opera səhnələrinin bəzəyi olaraq qalır. Operada əsas ideya sevginin azad olması barədə idi. Baş qəhrəman qaraçı qızı Karmen birinci pərdədə əsgər Joseyə, 3-cü pərdədə matador Eskamilyoya vurulur. Karmenin fəlsəfəsi, təxminən belədi: "mən azadam, kimi istəyirəm onu da sevərəm və bu azadlığım üçün ölümə də gedərəm". Buna görə də əsərin sonunda keçmiş sevgilisi tərəfindən öldürülür.

Bu əsər epoxamızın, az qala, ən böyük lirik-dramatik əsəridir". Bize yaradıcılığı üçün səciyyəvi olan melodiya zənginliyi, orkestrləşdirmə rəngarəngliyi, vokal partiyaların ürəyə yatımlılığı, xəlqiliyə və həyat həqiqətlərinin təcəssümünə çağırış bu operada önəmli yer tutur. Operada müstəqil orkestr nömrələri vardır. Uvertura iki təzadlı bölməni əks etdirir. Hər iki bölmə gözəl musiqiyə malikdir.

Operanın musiqisi dramatik qüdrəti, melodik ifadəliliyi, harmoniya parlaqlığı, forma plastikliyi, orkestrləşdirmə şəffaflığı və forma zənginliyi sayəsində dinləyici zövqünü dərindən oxşaya bilir. Bize musiqisinin funksionallığı operanın özünün məzmunu ilə çox da əlaqəli deyil. Operaya populyarlıq qazandıran onun dramaturgiyası yox, melodiya yükünün böyüklüyüdür.

Operanın musiqisi ispan xalq rəqs və xalq musiqi intonasiyaları ilə zəngindir. Vokal partiyalarının parlaqlığı operada koloritli orkestr müşayiəti ilə özünü göstərir. Hadisələrin inkişaf simfonikliyi forma bitkinliyi ilə uyarlıq təşkil edir. I Pərdədə Sevilya, siqar fabrikinin yanında suvari eskadronu düşərgə salır. Əsgərlər fabrikdə çalışan gözəl qızlarla əylənirlər. Süvari Xozenin sorağı ilə Mikaela ora yetişir, lakin əsgərlər ona Xozenin başqa eskadronda olduğunu tezliklə həmin eskadronun onları əvəz edəcəyini ona deyirlər. Mikaela gedir. Tezliklə Xozenin xidmət etdiyi eskadron ora yetişir.

Kapitan Çuniqa serjant Xoze ilə söhbət edərək, siqar fabrikinin cazibəli qızlarından söz salır. Xoze eskadronda yeganə adamdır ki, fabrik qızları ilə maraqlanmır - o, Mikaela ilə nişanlıdır. Fabrikin fasilə zəngi çalınır və qızlar damaqlarında siqar küçəyə çıxırlar. Kişilər dərhal onları haqlayırlar. Bu zaman canlar yaxan qaraçı Karmen gəlir. O, bütün kişilərin ona necə həsəd aparmasından, onları barmağına dolamaqdan, ələ salıb gülməkdən həzz alır. Heç kim hətta onun özü belə bilmir ki, bu gün, sabah kim onun şikarına çevriləcək. Beləki Xozenin ona laqeyid olması Karmenə xoş gəlmir və o, Xozenin ayaqları altına gül atır.

Elə bu dəm fabrik zəngi çalınır, qızlar dərhal iş başına dönürlər. Qayıdan nişanlısı Mikaela, Xozeyə anasından xəbər gətirir və onun necə tənha olduğunu deyir. Mikaela getdikdən sonra fabrikdə qiyamət qalxır. İşçilər arasındakı qalmaqal bıçaqlaşma ilə bitir. Günahkar Karmen çıxır.

Kapitan Sunyiqa Xozeyə Karmenə göz qoymagi əmr edir, özü isə order dalınca gedir. Bu müddət ərzində Karmen öz cazibədarlığı ilə Xozeni yoldan çıxarır. Həbs orderi gələnədək Xoze Karmenə qaçmaqda kömək edir. II Pərdədə hadisədən iki ay keçmiş. "Lilas Pastya" tavernasında Karmen rəfiqələri ilə müştəriləri öz rəqsləri ilə əyləndirirlər. Onları içində kapitan Sunyiqada vardır. O, Karmenə xəbər verir ki, ona qaçmaqda kömək etdiyinə görə Xoze həbsxanaya salınmışdır. Indi o azaddır və Karmeni görmək üçün bura gələcəkdir.

Kütlənin əhatəsində daxil olan toreador Eskamilyo Karmenin gözəlliyinə məftundur. Taverna bağlandıqdan sonra orada qaçaqmalçılar - Dankayro, Remendado, Karmen, Fraskita və Mersedes qalırlar. Onlar növbəti iş dalınca getməyə hazırlaşırlar. Karmen imtina edərək Xozeni gözləyəcəyini bildirir. Qaçaqmalçılar Karmenə Xozeni də onlara cəlb etməyi təklif edirlər. Xoze gəlir. Düşərgə şeypuru gecə davamiyyətinə səsləyir. Karmen yenə öz məharətini işə salaraq Xozenin qalmasını istəyir. Düşərgə və eşq arasında qalan Xoze kapitan Sunyiqanın əmrinə tabe olmayaraq ona qılınc çəkir. Beləliklə fərari olan Xoze qaçaqmalçılara qoşulmağa məcbur olur.

III Pərdədə Bir müddət sonra dağlarda, sərhəddə yaxın bir yer. Qaçaqmalçılar yeni bir iş başındadırlar. Karmen get-gedə Xozedən soyumağa başlayır. Xoze ğzü də tutduğu işdən heç də məmnun deyil. Karmen və Xoze arasında küskünlük höküm sürür. Qaçaqmalçılar sərhəddə gedərək Xozeni burada gözətçi qoyurlar. Nişanlısı Mikaela dağlara gələrək Xozeni axtarır.

Bu zaman o, Xozeni kimisə gülləyə tutaraq gizlənir. Lakin Xozenin gülləsi boşa çıxır. Onun qarşısında Eskamilyio peyda olur, oç da etiraf edir ki, Karmeni axtarır və Xoze haqqında o, hər şeyi bilir. Xozü və Eskamilio arasındaki duelə qaçaqmalşılar geri dönmərləri ilə mane olurlar. malı götürüb getmək istəyən qaçaqmalçılar Mikaelanı görürlər və onu öldürmək istəyərkən Xoze onu qoruyur.

Xoze və Eskamilo arasında gərgin mübahisə baş verir. Xozeni sakitləşdirən Mikaela ona anasının ölüm ayağında onun yolunu gözlədiyini deyir. İndi o, anasına dönməyə qərar verir. Lakin and içir ki, mütləq geri dönüb Karmeni tapıb bu məsələyə son qoyacaqdır. Eskamilio hamını Sevilzaza manejə, öküz döyüşünə tamaşaya dəvət edir.

IV Pərdədə Sevilya manej önündəki kütlə ilə dolu meydan. Öküz döyüşünə hazırlıq gedir. Ətrafda hamı şənlənir. Nəhayət Eskamilyo peyda olur. Fraskita və Mersedes Karmenə Xozeni onu izlədiyini deyirlər. Lakin Karmen onunla görüşməkdən qorxmur. Hamı manejə çəkildikdən sonra Xoze Karmenin yolunu kəsirək, qabaqlar onu necə sevdiyini ona xatırladır. Ondan geri dönməsini göz yaşı tökərək xahiş edir, sonra isə hədələyir. Artıq gecdir. Karmen onu daha sevmir.

Bundan çarəsiz qalan Xoze Karmeni öldürür və onu həbs edirlər... "Karmen" operası XIX əsrin opera realizminin zirvələrindən biridir, dünya mədəniyyətinə əvəzsiz töhfədir. Parisin baş opera teatrı - Grand Operada isə "Karmen"in premyerası çox gec, 1959-cu ildə baş tutdu. Böyük rus bəstəkarı Pyotr İliç Çaykovski yazmışdı: "Mən böyük inamla deyə bilərəm ki, "Karmen" musiqi dünyasının mütləq şedevri kimi seviləcəkdir...

XS
SM
MD
LG