"Mozilla" şirkətinin keçmiş əməkdaşı Robert O'Kallahan (Robert O'Callahan) antivirus proqramlarını tənqid edib. Onun sözlərinə görə, yalnız "Microsoft"un normal antivirusu var. Söhbət "Windows"a daxil edilmiş "Defender" proqramından gedir. O'Kallahan öz bloqunda bu mövqeyini izah edib:
«Antiviruslar bütün soft (proqram) sistemini zəhərləyir. Belə ki, onların invaziv və pis yazılmış kodu brauzer və başqa proqramları işləyib hazırlayan mütəxəssislərin işini çətinləşdirir, onların təhlükəsizliyi yaxşılaşdırmasına mane olur. Ən tanınmış antivirus məhsullarının ("Microsoft"dan başqa) təhlükəsizlik şəbəkəsini necəsə yaxşılaşdırmasının heç bir sübutu yoxdur. Əksinə, onlar nəzərəçarpan ziyan vurur. Məsələn, antivirus proqramında "Google Project Zero"nun aşkar etdiyi baqlara baxın. Bu baqlar onu göstərir ki, adı çəkildiyi məhsullar nəinki əksər hücum növlərinə açıqdır, həm də onların istehsalçıları ümumiyyətlə standart təhlükəsizlik praktikasına əməl etmirlər...»
О’Kallahan deyir ki, "Windows" üçün "Firefox" ASLR dəstəyi almağa başlayanda antivirus istehsalçıları öz proqramlarına ASLR-ı söndürən proses daxil ediblər. Bundan başqa, bir çox antiviruslar "Firefox"un yenilənməsinə mane olur. Bu səbəbdən bəzi istifadəçilər haker hücumlarına qarşı həssas olan brauzerdən istifadə etməli olurlar.
O’Kallahanın sözlərinə görə, brauzerləri hazırlayanlar antivirus sahibləri ilə əməkdaşlıq barədə danışıqlara getməli olurlar. Ancaq bu, istifadəçilərin maraqlarına ziddir. Bir dəfə brauzer istehsalçısı antivirus sahibini Firefox API-yə kod inyeksiyalarına görə məsuliyyətə cəlb etmək istəyib. Ancaq "Mozilla"nın PR şöbəsi O’Kallahanı bu tələblərdən əl çəkməyə məcbur edib. Çünki antivirusun sahibləri, antivirus proqramı "Firefox"un kodunu təhlükəli hesab edib brauzerin zədəli olduğu barədə bildiriş çıxara bilərdi.
Robert O’Kallahan əvvəllər də proqram təminatından narazılıq ifadə etmişdi. 2010-cu ildə "Microsoft", "Internet Explorer"in proqram sürətləndirmə dəstəyi olan yeganə brauzer olduğunu bildirmişdi. Buna görə O’Kallahan "Microsoft"dan incimişdi. 2013-cü ildə isə o, həmin vaxt üçün "Chrome" brauzerinin yeni hissəsi olan "Blink"i tənqid etmişdi. 2014-cü ildə o, istifadəçiləri "Google"un internet üzərində monopoliyaya sahib olmasının qarşısını almaq üçün "Chrome"dan istifadəni dayandrmağa çağırmışdı. 2017-ci ildə isə O’Kallahan bəyan edib ki, "Mozilla"dan başqa bütün brauzer istehsalçıları istifadəçilərin maraqlarını yox, öz mənafelərini güdür.