Keçid linkləri

Təcili xəbərlər

Saturnun tarixdə ən aydın fotoşəkilləri


Fotoşəkillər «Cassini» zondunun köməyilə çəkilib.

ABŞ-ın aerokosmik agentliyi NASA Saturnun ən iri halqalarının rekord yaxın məsafədən çəkilmiş detallı fotoşəkillərini dərc edib. Fotolarda kiçik qasırğaları və dalğaları da görmək olur. Alimlərin maraq obyekti olan bu dalğalara bəzən "propellerlər" deyilir.

«Cassini» 1997-ci il oktyabrın 15-də buraxılmış avtomatik planetlərarası stansiyadır. O, 2004-cü il iyunun 30-da Saturna çatıb. Onun missiyası Saturnu və peyklərini öyrənməkdir. Missiya bir neçə dəfə uzadılıb. Sözügedən fotoşəkillər "Cassini"nin sonuncudan əvvəlki mərhələsi çərçivəsində çəkilib. Bu mərhələnin adı "Ring-Grazing Orbits"dir («Halqalara toxunan orbitlər»).

Sözügedən fotoşəkillərin həlli 550 metr/pikselə çatır. Planetin hələ kəşf edilməmiş peyklərinin təsiri nəticəsində yarandığı ehtimal olunan "propellerləri" əvvəlki fotolarda da görmək mümkün idi. Ancaq o şəkillərdə onlar çox da aydın görünmədiklərindən mütəxəssislərin diqqətini dərhal cəlb etməmişdi. Bildirilir ki, yeni fotoşəkillər bu qeyri-adi hadisənin bütün detallarını yaxından görməyə imkan verir.

Saturnun halqaları buz və tozdan ibarət yastı konsentrik törəmələrdir. Halqalar bu qaz nəhənginin ekvatorunun ətrafında yerləşir. Halqaların tərkibindəki su buzu onların tərkibinin 99 faizini təşkil edir. Materialın bəzi hissəciklərinin ölçüsü mikrometrlərlə, bəzilərininki isə santimetrlərlə ölçülür. Nadir hallarda metrlərlə ölçülən hissələrə rast gəlinir. Ancaq halqaların mənşəyi barədə dəqiq və yekdil fikir mövcud deyil. Alimlər hələ də bu mövzu ilə bağlı mübahisə edirlər.

Bu yaxınlarda "Cassini"nin Saturnun orbitindən çəkdiyi başqa fotolar da internet istifadəçilərinin diqqətini cəlb edib. Bu fotolarda planetin şimal qütbü üzərində, atmosferin yuxarı qatlarında dövr edən altıbucaqlı burulğanı görmək olurdu.

"Cassini" hələ aprel ayına qədər Saturndan çəkdiyi fotoları göndərməyə davam edəcək.

"Cassini" kosmik stansiyası planetin ətrafında daha bir neçə dövrə vurub planetin içində "batacaq", daha doğrusu onun atmosferinin yuxarı qatlarında yanacaq. Bununla da onun işi yekunlaşmış olacaq. Missiyanın sonuncu mərhələsi "Operanın finalı" ("Grand Finale") adlanır. Bu ad NASA saytının ziyarətçiləri arasında keçirilmiş səsvermə nəticəsində seçilib.

"Cassini" NASA, ESA (Avropa Kosmik Agentliyi) və İtaliya Kosmik Agentliyinin birgə layihəsidir.

Ən son yazılan

XS
SM
MD
LG