Keçid linkləri

Təcili xəbərlər

Qocalmış gənclər ölkəsi


Qocalmış gənclər ölkəsi

...mənsə hələ də gəncəm

Nə yaman uzun çəkdi bu gənclik... (Nərmin Kamal)

Mən çox uzun bir gənclik yaşamışam. Çox uzun. Əslində, bəlkə gəncliyin o qədər uzun sürməsi, ya da onu qəsdən belə dartıb uzatmaq yaxşı deyil. Amma gənclik var, gənclik var. Mən gəncliyimi ona görə dartıb uzadırdım ki, ondan doymamışdım. Daha doğrusu doymağa imkanım olmamışdı. Tələbəliyim cır-cındır paltarlar içində, səhər-axşam bir şəhərdən o biri şəhərə saatlar çəkən yollarda, yarıac, yarıyorğun keçirdi. Amma gənc, hansı şərtlər altında olur olsun, gəncdir.

Kasıblıq, yorğunluq, heç nəyə imkanın olmaması yenə də mənim və özüm kimi yoldaşlarımın əylənmək, sevinmək, toplaşmaq, sosial olmaq həvəsimizi öldürə bilmirdi. Kafelərə pulumuz olmayanda, evlərə yığışır, çayxanada oturmağa pulumuz olmayanda, şirniyyat, kola alıb, dəniz kənarında oturur, zarafatlaşırdıq, ədəbiyyatdan söhbət edirdik, gicliklər edirdik.

Şənləndiyimiz bir neçə saat, yediyimiz ucuz, dadı ancaq dostlarla yeyildiyi üçün üstün gələn yeməklər, içdiyimiz bir qədəh içki burnumuzdan gəlirdi. Sonra günlərlə ata-qardaşların qəzəbli üzü, anaların mısmırığı...

Amma normal ölkədə, bir gəncin həyatı üçün sıradan hesab ediləcək bu şeylərə bizə, xüsusilə, qızlara necə ağır başa gəlirdi. Bir yoldaşımızın evinə getmək üçün günlərlə, uşaqlarla rayona getmək üçün həftələrlə evdə ağlamalı, yalvarmalı idik. İçki içdiyimiz bilinməsin deyə, daha nələr düşünüb tapmırdıq. Oturduğumuz kafenin siqaret qoxusu evə gələndə xəyanətkarcasına bizi ələ verirdi. Dava-dalaşlar, qırğın, göz yaşları. Şənləndiyimiz bir neçə saat, yediyimiz ucuz, dadı ancaq dostlarla yeyildiyi üçün üstün gələn yeməklər, içdiyimiz bir qədəh içki burnumuzdan gəlirdi. Sonra günlərlə ata-qardaşların qəzəbli üzü, anaların mısmırığı... Bütün bunlar yadıma düşdükcə, o günlərə nifrətlə baxır və o vaxt doyunca, fərəhlə yaşaya bilmədiyim gəncliyə görə buna mane olan heç kimi bağışlaya bilmirəm.

Mən əsl gəncliyi maddi müstəqillik əldə edəndən sonra yaşamağa başladım. Əslində 22 yaşımdan tam maddi müstəqil idim, amma o vaxt maaşım ancaq acından ölməməyə, birtəhər geyinməyə, kirayəyə, digər xırda xərclərə çatırdı. 2006-cı ildə ilk ciddi maaşımı aldım – o vaxtın puluyla 100 “şirvan”. O dövrdə beş uşaq saxlayan bir atanın normal maaşı. O gündən ailəmə xırım-xırda yox, ciddi maddi kömək eləməyə başladım. Məndən evə tez gəlmə, orda-burda oturma, filan yerə getmə tələbləri bitdi. Onda başa düşdüm ki, bizim ailələrdə ən tərbiyəli, ən istedadlı, ən mehriban deyil, evə ən çox maaş gətirən övlada hörmət edirlər.

Maddi müstəqil olandan sonra əsl gəncliyimi yaşamağa başladım. Üstündə pul olan adamın necə arxayın olduğunu, bir gənc kimi hansı əyləncələr, hansı imkanların üzümə açıldığını gördüm. Təsadüfən, o vaxtkı çevrəmdə hamı az-çox qazanmağa başladı. Dostlarla rayonları gəzdik, məclislər qurduq, heç kim beynimizi xarab eləmədən, evə gedəndə danlanacağam deyə ürəyimiz əsmədən oturub, adam kimi şənlənməyə başladıq. Başladıq deyəndə ki, o başlamaq bu günə kimi davam edir. Qarşımda səyahət, xarici ölkələr, sərbəst hərəkət etmək imkanları açıldı.

...Amma dəyişməyən bir şey var. Aralarında normal gəncliyi ancaq maddi cəhətdən müstəqil olanlar yaşaya bilir.

Az-çox gəncliyimdən doyandan sonra özümdən sonra gələnləri müşahidə eləməyə başladım. Fərqli idilər, aralarında xeyli qabağa gedib, bizim nəslin yaşadıqlarını iqnor edənlər də vardı, əksinə, daha geri gedib, ailədən, yaxınların rəyindən daha betər asılı olanlar da. Amma dəyişməyən bir şey var. Aralarında normal gəncliyi ancaq maddi cəhətdən müstəqil olanlar yaşaya bilir.

Gəncin maddi cəhətdən ailədən asılı olmaması böyük üstünlükdür. Böyük xoşbəxtlikdir. Özünün qazancı olan gənc, ata, ana əlinə baxmır. “Kirayə ödəmirsən, evdən yeyib-içirsən, canın çıxsın, bu evin qaydalarına tabe ol” kimi sözlər eşitmir. Minnət götürmür. Normal maaş alan gəncə ata-ana “filan saatda evə gəlməlisən” şərtini qoya bilməz. Qoysa da, gənc yığar çantasını, gedər dostları ilə kirayə bir ev tutar, başlayar belə yaşamağa. Müstəqilliyi öyrənər.

Bir ovuc gənc var, ailələrinin rayonda yaşamasına görə bəxtləri gətirib, yaşıdları ilə qala bilirlər. Qalanlar bu imkandan məhrumdur. Xüsusilə qızlar. Ana saçın yolacaq, ata, qardaş öldürməklə hədələyəcək...

Yeri gəlmişkən, normal ölkələrdə çoxdan qəbul olunmuş qayda, gənclərin başqa şəhərə köçməli oldu-olmadı, tələbəlik yaşadı-yaşamadı, ayrı evə çıxması ənənəsi hələ bizdə yayılmayıb. Bir ovuc gənc var, ailələrinin rayonda yaşamasına görə bəxtləri gətirib, yaşıdları ilə qala bilirlər. Qalanlar bu imkandan məhrumdur. Xüsusilə qızlar. Ana saçın yolacaq, ata, qardaş öldürməklə hədələyəcək, polis 25 yaşlı qızı tutub ailəsinə təhvil verəcək (zarafat deyil, bir dəfə olmuşdu belə hadisə). Elə oğlanlara da çox asan deyil.

Halbuki, gənc müəyyən bir dövrü mütləq tək yaşamalıdır. Çünki onun həyat tərzi ilə 50 yaşlarındakı ata-ananın həyat tərzi ilə üst-üstə düşmür, və bu, normaldır. İki nəsil niyə bir-birini narahat etməlidir axı. Niyə ana gecə köynəyində, gecə saat 2-də qapını açıb, uşağına qarğış tökməli, ata hədələməlidir. Niyə gənc erkən yaşlarında tək yaşamağı, öz məişətinin öhdəsindən gəlməyi öyrənməməlidir axı. Amma di gəl, bizim valideynlər övladlarından, onlara verdikləri tərbiyyədən elə bədgümandırlar, elə bilirlər qız başqa evə köçən kimi fahişə, oğlan da narkoman olacaq. Hətta bütün bunları gözlərinin qabağına gətirirlər.

Maddi müstəqilliyin olmaması, tək yaşama perspektivindən məhrumluq gənci asılı vəziyyətə salır. İmkan verir ki, onu, arzularını, xəyallarını anlamayan, qəbul etməyən valideynlər onların taleyi ilə bağlı qərar versin. Maddi müstəqilliyi olmayan gənc, istəyir atası milyonçu olsun, yenə də ələbaxandır, qapazaltıdır, minnətli çörək yeyəndir. Maddi müstəqilliyi olmayan gənc, gənc deyil. Bəri başdan qocalmış adamdır.

Bu gün gənclik günüdür.

Gününüz mübarək.

Müstəqil olun.

Gənc olun.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG