Bir çox ölkələrdə həftə ərzində davam edən maksimal iş saatı 48 saatdan ibarətdir. Avstraliya Milli Universitetinin alimləri müəyyən ediblər ki, həftədə 39 saatdan çox işləmək insan orqanizminə mənfi təsir göstərir. Alimlər 25-60 yaş arasında olan 8000 avstraliyalının iştirak etdiyi təcrübədən sonra bu qənaətə gəliblər.
Araşdırmaçılar təcrübədə həmçinin insanın həftə ərzində gördüyü digər işləri də nəzərə alıb. Belə ki, öz orqanizminə ziyan gətirməmək üçün qadınlara həftədə 34 saat, kişilərə isə 47 saatdan çox işləməməyi tövsiyyə edilib.
Alimlər qeyd edirlər ki, insan nə qədər çox işləyirsə, onun düzgün qidalanmağa və özünə diqqət ayırmağa vaxtı bir o qədər də az olur. Kişilərlə müqayisədə qadınlar diqqətini daha çox ev işlərinə ayırırlar. Bundan başqa, iş kvalifikasiyalarına görə qadınlar kişilərdən heç də geridə qalmadıqlarına baxmayaraq, bir qayda olaraq onlar daha az gəlir əldə edir və kişilərlə müqayisədə güclü cinsin nümayəndələri qədər də sərbəst olmurlar. Ona görə qadınların səhhəti kişilərə nisbətən daha çox risk altına düşür.