Dünyada milyonlarla insan astmadan əziyyət çəkir. Xəstəliyin əsas risk faktorları siqaret çəkmək, piylənmə və havanın çirklənməsidir. Yeni tədqiqat isə göstərir ki, yuxusuzluq yetkin insanlarda astmanın yaranma səbəblərindən biri ola bilər.
Norveç Elm və Texnologiya Universitetinin araşdırmaçıları yuxusuzluq problemi olan insanları incələyiblər.
Tədqiqat göstərib ki, çətinliklə yatan insanlarda astma riski iki-üç dəfə artıqdır. Alimlərin fikrincə, yetərincə istirahət edə bilməyən insanların tənəffüs yollarında ciddi dəyişikliklər yaranır.
Araşdırma zamanı tədqiqatçılar 20-65 yaş arası 18000 nəfəri nəzərdən keçiriblər. Onlar necə yatdıqları, hansı tezlikdə yuxuya keçdikləri və yuxularının keyfiyyətləri barədə danışıblar.
Nəticələr göstərir ki, əgər insan yuxuya keçməkdə tez-tez problem yaşayırsa, növbəti 11 il ərzində astmanın inkişaf riski 65 faiz artır. Yatmaqda hər gecə çətinlik çəkənlərdə isə bu risk 108 faiz artır.
Tez-tez erkən ayılıb, sonra daha yata bilməyən insanlarda astma riski 92 faiz artır. Əgər bu problem hər gecə yaşanırsa, risk 96 faiz artır.
Həftədə ən azı bir dəfə keyfiyyətsiz yuxu yatan insanlarda isə astma riski 94 faiz artır.
Xroniki yuxusuzluq (yuxarıda sadalanan problemlərdən ən azı birinin olması) astma riskini üç dəfəyə qədər artırır.
Yuxusuzluq idarə olunan bir vəziyyət olduğu üçün alimlər bildirirlər ki, onunla mübarizə astmanın qarşısının alınmasında faydalı ola bilər.