Keçid linkləri

Təcili xəbərlər

İlon Mask prezident Trumpı məhkəməyə verənlərə qoşuldu


Reuters xəbər verir ki, ötən gün "SpaceX" şirkətinin yaradıcısı İlon Mask (Elon Musk) ABŞ şirkətlərinin prezident Donald Trampın immiqrasiya fərmanı ilə bağlı məhkəmə şikayətinə qoşulub.

Daha əvvəl bildirilirdi ki, ABŞ-ın Apple, Alphabet Inc's Google, Twitter, Microsoft, Yahoo, Airbnb, Netflix şirkətləri də immiqrasiya qərarı üzrə məhkəmə şikayətini dəstəkləmək niyyətindədirlər.

Xatırladaq ki, Tramp xüsusi fərmanla qaçqınların ölkəyə girişini 120, İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının girişini isə 90 günlüyünə bloklayıb. Fərman ABŞ-da günişmiqyaslı etirazlara səbəb olub.

Ancaq Sietldə federal hakimin Trampın immiqrasiya fərmanına blok qoymasından sonra ABŞ-ın daxili təhlükəsizlik departamenti də fərmanın həyata keçririlməsi ilə bağlı bütün hərəkətləri dayandırıb.

İlon Mask Dekabr ayında Trampın biznes müşavirləri şurasına qoşulmağa razılıq vermişdi. O, məsələlərin birbaşa prezidentlə müzakirə edilməsi tərəfdarıdır. "Uber"in baş direktoru Trevis Kalanik (Travis Kalanick) ötən həftə Trampın immiqrasiya siyasətinə etirazların güclənməsi fonunda şuranı tərk edib.

Mask Donald Trampın sərt immiqrasiya qadağası ilə bağlı iradlarını ötən cümə günü Ağ Evdə onun özünə bildirəcəyini demişdi.

İlon Mask həmçinin deyib ki, prezidentin müşavirləri şurasında olması qətiyyən hökumətin siyasəti ilə razılaşması demək deyil.

“Mən prezidentin müşavirlər şurasına qoşulmağa ona görə razılıq verdim ki, ölkəmiz və dünya üçün vacib olan məsələlərlə bağlı rəyimi bildirim“, deyə Mask ötən həftə Twitterdə yazıb.

Mask bildirib ki, onun əsas məqsədi dünyanın bərpə olunan enerjidən istifadəyə keçidini sürətləndirmək və bəşəriyyəti "çoxplanetli sivilizasiyaya" çevirməkdir.

Ötən cümə keçirilmiş iclas prezidentin biznes müşavirləri şurasının ilk görüşü idi. Şuranın tərkibinə 19 biznes lideri daxildir. Ancaq sosial mediada #DeleteUber həştəqi ilə etiraz kampaniyasının başlanmasından sonra "Uber" rəhbəri şuranın işində iştirakdan imtina edib.

“Qrupun üzvü olmaq hələ prezidenti və onun siyasətini bəyənmək demək deyil. Ancaq təəssüf ki, bu, yanlış olaraq məhz belə yozulur", deyə Kalanik bildirib.

Cənubi Afrikada doğulmuş milyarder Maskın elektrik avtomobil, aerokosmos və günəş enerjisi biznesləri birbaşa federal qanunların təsirinə məruz qalır. Musk bundan əvvəl artıq "müsəlman qadağasını" tənqid etmişdi.

Prezident seçkilərində Hilary Klintonu dəstəkləyən texnologiya nəhəngi prezidentin ziddiyyətli dövlət departamenti rəhbəri Rex Tillersonu dəstəkləyib. “Rex çox bacarıqlı icraçıdır, geosiyasətdən başı çıxır və komandasını qalib etməyi bacarır. İndi onun komandası ABŞ-dır”, deyə o, Twitterdə yazıb.

Ən son yazılan

XS
SM
MD
LG