Keçid linkləri

Təcili xəbərlər

Gen mutasiyaları xərçəng müalicəsinə əngəl yaradır


Los Ancelesdəki Kaliforniya Universitetinin alimlərinin apardığı araşdırma nəticəsində məlum olub ki, son zamanlar xərçəngdən əziyyət çəkən, gen mutasiyasına məruz qalmış insanların müalicəsində immunoterapiya qeyri-effektivdir. Alimlər onkoloji xəstəliklərə yeni təsir üsullarını araşdırırlar.

Mütəxəssislər bildirirlər ki, JAK1, yaxud JAK2 genlərinin mutasiyası nəticəsində xərçəng immunoterapiyanın təsirinə qarşı dözümlülük qazanır. Bu dəyişikliklər şişlərin T-limfotitlərdən hüceyrələri artırmağı dayandırmaq barədə siqnalı vaxtında almamasına yol açır. Tədqiqat zamanı immunoterapiyadan öncə və sonra şişlərin müqayisəli analizi aparılıb. Məlum olub ki, orqanizmin immun sistemi onkoloji xəstəliyi tanıyan kimi şiş B2M genini itirir. Bu isə JAK1 və JAK2 genlərinin mutasiyasına yol açaraq immun sistemin işinə mane olur.

Gen mutasiyalarının xərəngin müalicəsinə təsirinin araşdırılması iki il davam edib. Elmi tədqiqat gedişində alimlər melanoma (dəri xərçəngi) və yoğun bağırsağın xərçəngindən əziyyət çəkən xəstələrin biopsiyasını öyrəniblər. Hazırda onlar heyvanlar üzərində təcrübə apararaq JAK1 və JAK2 genlərinin mutasiyalarını öyrənirlər. Bu tədqiqat gələcəkdə gen mutasiyasına məruz qalmış insanların xərçəngdən müalicəsinin yeni üsullarını tapmağa kömək edəcək.

2014-cü ildə "Keytruda" adı ilə satışa çıxarılan pembrolizumab preparatı ABŞ Qida və Dərman İdarəsi tərəfindən melanomanın irəliləmiş təzahürlərini müalicə edən vasitə kimi təsdiqlənib. O zamandan bəri preparat minlərlə insanın ömrünün uzadılmasına imkan verib. Ötən il bu dərman preparatını qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsi üçün vasitə kimi də təsdiq ediblər. Preparat PD-1-in vasitəsilə həyata keçirilən iki mənfi immun siqnalı bloklayır.

Tədqiqatın nəticələri Amerika Xərçəng Tədqiqatı Assosiasiyasının "Cancer Discovery" jurnalında dərc edilib.

XS
SM
MD
LG