Keçid linkləri

Təcili xəbərlər

Avaralıq insanın cövhəridir


Russel
Russel

İnsanlar rahat yaşamaq üçün işləyirlər amma rahat deyillər.

“Oblomov”, İvan Qonçarov

İnsan işləmək məcburiyyətindədirsə, sağ qalmaq nəyə gərəkdir...

Andre Bretton

Avara huun... Ya qardiş mein huun aasmaan ka taara huun.

( Avarayam... Ya bəxtim gətirdi, göy üzündə bir ulduzammı?)

Rac Kapur

Yaponiyada reklam agentliyi işçisi olan Matsuri Takahaşi çox işləməkdən öldü. Şirkətin rəhbəri istefa etdi, Yaponiya höküməti iş saatlarının nizamlandırılması üçün çalışmalara başladı. Oxşar hadisə Çində də baş vermiş, Li Yuan ofisdə çalışarkən ağlayaraq yerə yıxılmış, insult nəticəsində dünyasını dəyişmişdi.

Aylarla evdə filmlər izləyib, oxuyub, qeydlər apardığım bir gündə anam “Təmiz avara olmusan, hərdən çıx gəz” demişdi.

AVARALIĞA TƏRİF

Napolini gəzən səyyahın hekayətini eşitmiş olarsınız: Uzanıb günəşlənən on iki dilənçini görən səyahətçi (hadisə Mussolini dövründən əvvəl vaqe olur), içlərindən ən təmbəl olduğuna sübut edənə pul verəcəyini deyir. Dilənçilərin on biri dərhal atılıb, pulun onların haqqı olduğunu iddia edirlər, fəqət səyyah pulu yerindən tərpənməyən on ikinciyə verir.

“Avaralığa Tərif” kitabında Bertnard Russel bu hadisəni qeyd etdikdən sonra ”İşləmək nədir?” sualını verir. Ona görə işləmək iki cürdür: Birincisi, Yer üzündə və ya Yer üzünə yaxın yerdə mövcud olan maddənin vəziyyətini, belə başqa bir maddəyə görə dəyişdirmək; ikincisi də başqalarına Yer üzündə və ya Yer üzünə yaxın yerdə mövcud olan maddənin vəziyyətini, belə başqa bir maddəyə görə dəyişdirməklərini söyləməkdir. Russell`a görə, belə baxanda hamımıza görə, birinci növ işləmə xoşagəlməzdir və çox az pul gətirir. İkinci növ işləmə isə çox çeşidlidir, çünki əmr verənlərlə yanaşı, nə kimi əmrlər veriləcəyinə dair ağıl verənlər də olur. Bu hər iki növ işçi sinfindən daha çox hörmət görən üçüncü bir sinfə mənsub insanlar da var ki, onlar torpaq mülkiyyətini əllərində cəmləşdirərək, yaşayış və iş haqqını imtiyaz olaraq bəxş etdikləri başqa insanlardan bu imtiyazlayarın qarşılığında pul alanlardır. Yəni, kirayəşinlər və mülkədarlar. Russel deyir ki, bu sahibkarlar da avaradırlar, buna görə də onları tərifləyəcəyimi zənn edə bilərsiz. Binqo! Əfsuslar olsun ki, onların avaralığı ancaq başqalarının əməyi müqabilində mümkündür, onların ən çox istək duymayacaqları şey elə digərlərinin də onlar kimi avara qalmasıdır.

İŞLƏMƏK ARZU DUYULAN BİR ŞEYDİRMİ?

Russell`a görə: yox, sadəcə əxlaqi vərdişdir. Sivilizasiyanın başlanğıcından Sənaye İnqilabına qədər insanlar bir qayda olaraq çox işləyərək (qadın və uşaqların da əməkləri sayəsində) məcburi ehtiyaclarından ancaq bir miqdar çoxunu istehsal edə bilir və bu da vergi olaraq alınırdı. Bu qədər uzun müddət davam edən bir sistem, çox çalışmağın bir vəzifə olduğunu aşılayan əxlaq normu, əlbəttə ki, insanların zehinlərində dərin izlər qoyub. İşləmənin arzulanan bir şey olduğunu təbii qarşılamağımız əksəriyyətlə bu sistemdən bizə qalan vərdişdir. Müasir texnologiya isə avaralığı sadəcə imtiyaz sahiblərinə məxsus deyil, bütün cəmiyyət içində bərabər bölüşdürülən bir haqq olaraq müəyyən sərhədlər daxilində mümkün edib. İş əxlaqı kölə əxlaqıdır, müasir dünyada isə köləliyə yer yoxdur.

Hər halda Foucault`nun “Fransız Sənayesinin Fizyologiyası”dakı proletoriata məxsus təsviri oxumuş bir işəgötürən həmişəkindən daha rahat başını yastığa qoyub yatır: “Sakit-sakit oturub keyf eləmək işçini az qala bezdirə bilər. Qaldığı ev buludsuz səma altında istədiyi qədər yaşıllığa bürünmüş, çiçək qoxusu ilə dolmuş və quş ciqqiltisiylə canlanmış olsun – işçi, məşğul olacaq işi yoxdursa əgər, yalnızlığın cazibədar tərəflərinə kor qalar. Fəqət, uzaqdakı bir fabrikdən yüksələn zil səs ya da fit qulağına dəyən kimi, mexanikanın monoton tıqqıltsını duyan kimi, üzü dərhal işıqlanar... Nəfis çiçək qoxusunu artıq heç duymaz. Uca fabrik bacalarında çıxan tüstü, çəkiclənən zindandan gələn gurultu, sevinçdən titrəməyinə səbəb olar. Yeni icadlarla yönləndirilən işindəki keçmiş xoşbəxt günlərini xatırlayar...”

Yusif Atılqan`ın sözüylə: “Həyatın işləməyi məcbur etməsinə sözüm yoxdur, amma işin ucaldılmasına qalanda isə, əsla.”

MÜHARİBƏNİN FAYDALARI

Birinci Dünya müharibəsi zamanı cəmiyyətin rifah səviyyəsinin qorunması Russell`a azaldılmış iş gücüylə də nə qədər çox istehsalın mümkün olduğunu göstərmişdi. Döyüşdürmək və müharibə sənayesində işlətmək üçün kişiləri sərbəst buraxmaq məqsədi ilə yaradılan sistem, müharibədən sonra da qorunsa və iş saatları dördə endirilsəydi, hərkəsin rifahı qaydasında olardı. Fəqət, köhnə sistemə geri qayıtdılar, əməklərinə ehtiyac duyulmayanlar işsizliyə görə ac buraxıldılar. Çünki işləmək bir vəzifədir, insan istehsal etdiyi nisbətdə deyil, ölçüsü çalışqanlıq olan fəzilət nisbətində ödəniş almalıydı.

Russel bunu izah etmek üçün paltar fiksatoru nümunəsini göstərir. Deyək ki, gündə səkkiz saat çalışaraq dünyanın bütün fiksator ehtiyacını qarşılaya bilirik. Birisi çıxır və eyni sayıda işçinin eyni çalışma müddətincə iki qatı fiksator istehsalını mümkün edən ixtira edir. Amma dünyanın iki qatı fiksatora ehtiyacı yoxdur, ağlı başında bir dünya olsaydı, belə vəziyyətdə işçilər səkkiz yerinə dört saat çalışdırılar və bundan başqa hər şey dəyişməz qalardı. Əvəzində isə insanlar hələ də səkkiz saat çalışmaqda, gərəyindən çox fiksator istehsal edilməkdə, bir sıra insanlar müflis olmaqda və fiksator səneyesində çalışan işçilərin yarısı işdən çıxarılmaqdadır. Nəticədə insanların yarısı həddən artıq işləyərkən yarısı təmamilə avara qalır. Asudə vaxt insanlıq üçün xoşbəxtlik qaynağına çevriləcəyi yerdə qlobal səfalət halına gətirilir.

QAZANIRAM DA, XƏRCLƏYİRƏM DƏ

İşləməyin xoş fəzilət, xərcləməyin isə yaxşı qarşılanmadığına diqqət çəkən Russel biz istehsalı lazımından dəyərli, istehlakı isə lazımından dəyərsiz görürük deyir. “Pul qazanmaqla xərcləməyin bir alış-verişin iki yönü olduğunu düşündüyümüz zaman birinin yaxşı, digərinin pis sayılmağı çox cəfəngdir. Onda açarın yaxşı, kilitin pis olduğunu da deyə bilərik.” Davamlılıq üçün penis də, vajina da gərəklidir. Bir insan qazandığını xərclədiyi təqdirdə, qazanarkən başqalarının ağzından aldığı loxmanı geri verməkdəkdir. Bu baxımdan əsl pis olan yığan insandır. İnsanın istehsal etdiyindən çoxunu istehlak etməsi ədalətsizlikdir. Həkimlikdə olduğu kimi mal yerinə xidmət təmin etsə də, insan yediyinə və başını soxacaq bir dama yetəcək qədər çalışmalıdır. Bu fikrə dodaq bükənə Diogenin bulaqdan ovcuyla su içən uşağı gördükdən sonra sadəcə iki əşyasından biri olan çanağını (digəri içində yaşadığı çəlləkdir) “Bu uşaq mənə artıq əşyam olduğunu öyrətdi” - deyərək tullaması, əlbəttə ki, utopik görünəcəkdir.

Günlük çalışma vaxtının on beş saat olduğu zamanlarda bir Düşesin sözünü xatırladır Russel: “Tətil yoxsulların nəyinə lazımdır? Onlar çalışmaq məcburiyyətindədir.” Hərçənd, dövrümüzün insanları Düşes qədər açıq sözlü deyil, amma eyni duyğu onlarda da güclüdür və bu duyğu mövcud iqtisadi keşməkeşin əsas qaynağıdır. Russel`ın 1932-ci ildə qələmə aldığı bu yazı hələ də bizə ailəvi səyahət yerinə sadəcə iki otağını istifadə edəcəyimiz monolit sütunlu evlər tikdiyimiz, illik tibbi yoxlanışdan keçməkdənsə hansının daha yaxşı marka olduğunu bilmədiyim üçün nümunə verə bilmədiyim avtomobillər sürdüyümüz, yorğun işdən qayıdıb sadəcə divana uzanmaq əvəzinə keçən həftə ən maraqlı yerində bitən serialı davam elədiyimiz bu günlərdə də yerinə düşür. Müasir dünyada inkişafın çox çalışmaqda yatdığı inancına görə çox böyük zərərlər doğur, fəqət xoşbəxtliyə gedən yol işləməyin mütəşəkkil nizamda azaldılmasındadır. Həftədə iyirmi saatlıq iş cəmiyyətin bütün ehtiyaclarını qarşılayacağı kimi bizə də öz həyatımıza ayıracağımız vaxt qazanadıracaq. İnsanlar boş vaxtlardaki rahat, təzyiqsiz düşüncələriylə nələrə qadir olduqlarını gördüklərində şən olacaqlardır.

FLANUER

Russel`in iş saatını dördə endirərək avaralığa zaman verməkdə məqsədi boş, mənasız işlərlə məşğul olmaq deyildir. Asudə vaxtın ağıllı istifadəsi bir mədəniyyət və təhsilin nəticəsidir. Russel`a görə mədəniyyət dediyimiz şeyi bu sinif yaratmışdır. İncəsənəti inkişaf etdirən, elmləri tapan avaralardır. Onlar kitablar yazmış, fəlsəfələr ortaya qoymuş və ictimai münasibətləri incələmişlərdir.

Walter Benjamin keçidlər ( “Passagenwerk”) haqqında yazdığı esselerində xüsusən “flaneur” mözusunu anladır və Baudelaire (E.A. Poe ve V. Hugo qarşılaşdırılması ilə) araşdırmasını bu əsasda bünövrələndirir. Dilimizə “avara səyyah” olaraq tərcümə edə biləcəyimiz Fransız mənşəli söz Benjaminə görə “asvalt yolda araşdırma aparmaq məqsədilə bitki yığmağa gedən” biridir. Hamının ağlına Müsyo Jordanın gəldiyinə əminəm. Avara gəzərkən ətraf mühitdən aldığı təəssüratlarla düşüncə yaradan nəfər....

Görünür, Flanuer`in anlamı keçidlərlə də əlaqəlidir. Belə ki, qapalı küçə şəklində olan keçidlərin ortaya çıxmasıyla flanuerin həyat tərzi formalaşmağa başlamışdır. “Küçə, prospekt flanuer üçün mənzilə çevrilir; küçədəki insan dört divar arasında necə evində olduğunu duyursa, flanuer de bina cəbhələri arasında özünü evində kimi hiss edir. Onun gözündə parlaq firma lövhələri, yağlı boya rəsm əsəri kimi divar bəzəyidir; divarlar isə qeyd dəftərini söykədiyi yazı masasıdı; qəzet köşkləri kitab rəfləridir, kafelərin pəncərələri isə küçəni seyr etdiyi balkonlardır” Baudelaire`ın Brüsseldə gördüyü qüsurlardan biri onu daha çox hiddətləndirmişdi, vitrin yoxdur, görüləcək heç bir şey yoxdu burda diyə gileylənirdi.

Flanuer avara birinin xarakterinə bürünərək gəzinir, beləcə insanları mütəxəssis edən iş bölgüsünə, iş-güc arxasınca qaçışmaqlarına da etiraz edir. 1840-cı illərdə özünlə tısbağa gəzdirmək kübarlıq xüsusiyyətlərindən sayılırdı. Flaneur, özünü tısbağanın tempinə uydurmağı sevirdi. Ondan olsaydı, inkişaf, irəliləyiş də elə bu sürətlə olmalıydı. Milan Kundera da “Yavaşlıq” romanında bu məsələni dilə gətirir. Hara tələsirik, yavaşlıq, dayanıb dinləmək, diqqət yetirmək necə oldu soruşur, bəlkə bir az yavaşlayaq deyir.

Flanuer üçün avaralıqla əldə edilən işləyərək qazanılandan daha çox dəyərlidir. Hətta Yusif Atılqan`ın “Aylak Adam”ına görə oxuduğunuz bu yazı belə əbəsdir. “Həyatın məqsədi vərdişdir, uyğunlaşmadır... Fərqli siqnal çalan sürücü, çəkicini başqa ahəngdə yellədən dəmirçi belə ikinci gün öz-özünü təkrar etməkdədir. Avara olmaq dünyanın ən çətin işidi. Biri ortaya çıxıb yazsa. ...Mən? Edə bilmərəm yaşamaq varkən. Mən ya axtararam, ya da yaşayaram”.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG