Müvəffəqiyyət mövzusunda daim aldığım suallardan biri də budur: Imkansızlıq uğursuzluğa səbəb yoxsa bəhanədir?
Tam əminəm ki, imkansızlıq uğursuzluq üçün sadəcə bir bəhanədir. Hesab edirəm ki, əzmkarlıq, zəhmətkeşlik, iradə gücü, disiplin, ruhdan düşməmə kimi şəxsi keyfiyyətlər ən yüksək maddi imkanlardan belə üstündür.
Hansı sahədə olursa olsun, insan şəxsi keyfiyyətləri və zəhməti sayəsində müvəffəqiyyətli ola bilər.
Böyük uğurlara imza atmış və dünyada məşhur onlarla insanlar var ki, maddi imkanları zəif ailələrdə böyüyüblər.
Bir neçə misal:
Li KaŞin (Li Ka-shing)
Asyanın ən məşhur iş adamlarından biri. 81 yaşı var, varidatı 31,8 milyard dollar.
Yapon-Çin müharibəsi zamanı Çindən ailəsi ilə Honkonga köçüb. Atası dünyasını dəyişdikdən sonra 14 yaşlı Li təhsili ataraq fabrikə işə düzəlir. Sutkada 16 saat işləyən cavan oğlan bütün qazancını anasına verirdi. Heç bir zaman kollec və ya universitetdə təhsil almayan Li Kaşinin ən üstün cəhəti oxumaq idi. Və onun müvəffəqiyyətlərinin ən vacib tərkib hissələrindən biri sərbəst bilikləri almaq olub. Zəhmətkeşlik, inkişafa açıq olma və dürüstlüyü sayəsində Honkonqun ən varlı və Asyanın ikinci varlı iş adamı olmuşdur.
John Paul DeJoria
2016-cı ildə varlığı 3 milyard dollar olar John, çox kasıb ailədə böyümüşdü. 9 yaşında işləməyə başlayan John səhər saat 4-də oyanıb, qəzet paylayırdı və ancaq ondan sonra məktəbə gedirdi. Bunun belə yaşamaq üçün kifayət etmədiyinə görə anası John və qardaşını internata verir.
Orduda xidmət etdikdən sonra John ailə qurur, və övladının 2 yaşı olanda xanımı onu tərk edir. Sonrakı 10 il ərzində John onlarla peşə sınayır.
Daha sonra dostu ilə şirkət quran John ikinci zərbəni 36 yaşında alır və ikinci dəfə boşandıqdan sonra avtomobilində yaşamaq məcburiyyətində qalır. “Gündə iki dollara yaşamağa öyrəndim”, deyir John. Satıcı olaraq işləyən John, “bir qapıda uğursuzluqla qarşılaşanda, digər qapıya təkrar toparlanaraq, müsbət şəkildə getməyi öyrəndim”, deyir.
2 il boyunca dostu ilə qurduğu saç baxım məhsullarının satmağa çalışırlar, yüzlərlə uğurlu və uğursuz təqdimatlar keçirirlər və ancaq 2 il sonra ilk mənfəəti əldə edə bilirlər.
Arnold Schwarzenegger
Xüsusilə əfsanələşdirilən insanlardan biri də Arnolddur. “Xüsusi bədən quruluşu var, qolları ilə boyu arasında nisbət mükəmməldir” kimi sözlərlə insanlar bu adamın vəhşi əməyini görməməyə çalışır. Arnold boyunda və bədən quruluşunda minlərlə insan var və nədənsə onlar onun kimi uğurlu ola bilmirlər. Səbəbi isə çox sadədir: 15 yaşında Arnoldun yaşıdları futbol oynarkən və pivə içərkən Arnold saatlarda hər gün idman zalında məşqlər edirdi. Idman zalı bağlı olanda isə pəncərəni qıraraq içəri girən və məşq edən Arnold o yaşlarında müvəffəqiyyətlərini əməyə və zəhmətə borclu olduğunu nümayiş etdirirdi (Arnoldun həyatı haqqında yazılan demək olar ki, bütün ədəbiyyatı oxumuşam. Onu tənqid edən kitabları belə).
Çox kasıb ailədə dünyaya gələn Arnold memuarlarında qeyd edir ki, ailəsi ilə ayda ancaq 1 dəfə ət yeyib. Ailəsi olduqca kasıb olan Arnold bu gün kinematoqrafiya, idman, siyasət sahəsində tanınan insanlardan biridir.
Məşhur insanların həyatlarını oxuyanda insan anlayır ki, bütün bunlar haqqında danışılanlar sadəcə rəvayətlər və əfsanələrdir və böyük müvəffəqiyyətin arxasında ən az o böyüklükdə əmək var.
Eyni yanaşma bizim ölkəmizdə də uğuru öz zəhməti ilə qazanan insanlara aiddir.
Müxtəlif sahələrdə ciddi nailiyyətlər əldə etmiş dostlarım var – mühəndislər, həkimlər, idarəçilər, şirkət sahibləri. Sadə, maddi imkanları güclü olmayan ailələrdə böyüyüb və böyük zəhmət çəkərək, maneələr və problemlər qarşısında geri çəkilmədən müvəffəqiyyətli olublar. Bu insanlar bu gün belə zəhmət çəkirlər, çünki bu, onların artıq həyat tərzidir.
Bu gün peşəkar həyatında uğursuz olan və ya iş həyatına başlamağa çətinlik çəkən çox sayda insan tanıyıram. Əksəriyyəti son bir ildə öz inkişafı üçün barmağını belə tərpətməməklə bərabər, iş axtarışlarını çox formal və səthi şəkildə aparırlar, və ən əsası, şirkətlərə “məsuliyyətliyəm, nə desəniz edəcəm” kimi ümimi sözlər və vədlərdən başqa heç nə təklif edə bilmilər.
Həyat, seçimlərdən ibarətdir. Hər gün etdiyimiz seçimlərlə, biz harda olacağımıza və necə olacağımıza özümüz qərar veririk.
Imkansızlıq bəhanədir.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.