Xəstə heyvanların dişləməsi yolu ilə yayılan quduzluq virusu minillər ərzində təkamül edərək, sinir hüceyrələtini maksimum tez sıradan çıxarmaq qabiliyyəti əldə edib. O, sinir hüceyrələri vasitəsilə zədələnmiş toxumadan beyinə keçir. Bu, ona istənilən yad agentdən yan keçməyə imkan verir. Yad agent dedikdə gematoensefalik baryer, qan dövranı vasitəsilə nəql olunan patogen mikroorqanizmləri ələməyə qadir olan selektiv membran nəzərdə tutulur. Elə xərçəngə qarşı terapiyaya müqavimət göstərən əsas maneə də məhz bu baryerdir. O, həm patogen bakteriyaları, həm də xərçəngə qarşı istifadə olunan dərmanları eynu uğurla bloklaya bilir. Ancaq "doğma" xərçəng hüceyrələtinə qarşı gücsüzdür.
Alimlər bu problemin öhdəsindən gəlmək üçün təhlükəli virusa müraciət ediblər. Onlar artıq virus əleyhinə preparatları üzəri quduzluq virusunun zülal kapsulu ilə örtülmüş nanohissəciklərə çevirə bilirlər. Bu örtüyün sayəsində bu nanohissəciklər mərkəzi sinir sisteminə keçə bilir. Ancaq Cənubi Koreyadanın Sungkyunkwan universitetinin tədqiqatçıları bir qədər də qabağa gediblər. Nanohissəciklər üzrə mütəxəssis Yu Seuk Youn və komandası qızılın hissəciklərini elə emal ediblər ki, onlar da eynilə virus agentlərinin çubuqvari formasına və ölçüsünə malikdir. Nanohissəciyin uzunsov formas onun səthini artırır. Nəticədə "virus"un üzərini örtən zülal təbəqəsi sinir hüceyrələri ilə daha yaxşı təmas edir. Hissəciyin özünə heç bir dərman vasitəsi əlavə olunmayıb. Ancaq kiçicik qızıl hissəciklər lazer işığını asanlıqla udur və qızır. Bunun nəticəsində yaxınlıqdakı hüceyrələr ölür.
Bu ixtiranın effektivliyini yoxlamaq üçün Youn və komandası baş beynin xərçənginə tutulmuş dörd siçanın quyruq venasına yeridiblər. Nanohissəciklər tez bir zamanda beyinə çataraq xərçəng hüceyrələrinin olduğu nahiyəyə toplaşıb. Bunun ardınca alimlər nanohissəciklərə infraqırmızı lazerlə təsir etməyə başlayıblar. Bu yolla qızılı 50 dərəcə Selsiyədək qızdırıblar. Heç bir zərər vermədən dəri və sümükdən keçən işıq şüaları hissəcikləri qızdıraraq xərçəng hüceyrələrini "bişirib". Artıq ilk terapiya şişlərin həcmini xeyli azaldıb.
Tədqiqatın nəticələri "Advanced Materials" jurnalında dərc edilib.
Başqa bir eksperimentdə isə alimlər eyni üsulu barmaqlarının falanqalarında xərçəng şişləri olan siçanlar üzərində sınaqdan keçiriblər. İki siçanın şişləri 7 gündən sonra yoxa çıxıb. Digərlərində isə 2-3 dəfə kiçilib.
Ancaq alimlər hələ də nanohissəcilərin xərçəng hüceyrələrinə necə bu qədər tez çatdığını anlamırlar. Məsələn, BarrowNevroloji İnstitutundan dərman preparatları mütəxəssisi Rachel Sirianni deyir ki, quduzluq virusunun mərkəzi sinir sisteinə çatması müəyyən qədər vaxt aparır. Ancaq Younun ixtirası cəmi bir neçə saat ərzində hədəfə çatıb. Sirianninin sözlərinə görə, bu, çox təsirli metodikadır. Ancaq o ehtiyat edir ki, bu üsul orqanizm üçün arzu olunmayan fəsadlara səbəb ola bilər. Qızdırılmış qızıl yumşaq toxumaların yanmasına, xərçəng hüceyrələrin qan dövranına keçməsinə, damarların və sağlam toxumaların zədələnməsinə yol aça bilər.
Həkimləri narahat edən digər amil bu hissəciklərin potensial toksik təsiridir. İri nanohissəciklər gec-tez qaraciyərə düşür. Bu zaman orqanizm onlardan asanlıqla canını qurtara bilmir. Bu, xərçəng xəstəliyindən daha yaxşı olsa da, belə fəsadlar insanların iştirakı ilə kliniki sınaqlar üçün lisenziya almağa mane ola bilər. Ancaq Youn geri çəkilmir: o iddia edir ki, yeni nanohissəciklər xərçəng əleyhinə müasir müalicə üsullarının yan effektlərini xeyli dərəcədə azalda bilər. Müasir terapiya üsulları bir qayda olaraq bütün immun sistemə zərbə vurur və sağlam hüceyrələri də xəstələrlə birlikdə məhv edir. Yeni ixtira lisenziya alacağı təqdirdə, oknkologiyada əsaslı dönüş yarada bilər.