Populyar söhbət proqramı WhatsApp istifadəçilərin təhlükəsizliyi üçün yeni bir addım daha atıb. Proqramda artıq ikimərhələli təsdiqləmə funksiyası işə düşür.
Yeni özəllik WhatsApp-a sizin hesabınızla daxil olmaq istəyənlər üçün maneə yaradır.
Funksiyanın aktivləşdirilməsi istifadəçinin özünün istəyindən asılıdır. Bunun üçün Tənzimləmələr-Hesab-İkimərhələli təsdiqləmə (Settings-Account-Two-step verification) seçilməlidir. Özəlliyi aktivləşdirmək üçün altırəqəmli şifrə təyin etmək istənilir. Şifrəni seçdikdən sonra funksiya işlək hala gəlir.
Funksiyanı aktivləşdirdikdən sonra istəyə bağlı olaraq, elektron poçt ünvanını da qeyd etmək olar. Bu addım şifrə unudulduqda istifadəçinin köməyinə çata bilər. WhatsApp işlək bir e-mail yazmağınızı məsləhət görür. Beləcə, şifrəni unutduğunuz zaman hesabınız bağlı qalmaz.
Telefonu dəyişdirdiyinizdə və ya WhatsAppı telefonunuza yenidən yüklədiyinizdə, WhatsApp sizdən SMS təsdiqiylə yanaşı, altırəqəmli şifrəni də istəyir. Əgər istifadəçi elektron poçtu qeyd etməyib və şifrəni unudubsa, WhatsAppı yeddi gün müddətində istifadə edə bilmir. Yeddi günün sonunda isə bütün keçmiş yazışmalar silinir və SMS təsdiqi ilə hesabı aktivləşdirmək olur.
Diqqət: Elektron poçtunuza ikiaddımlı təsdiqləmə funksiyasını ləğv etmək üçün bir link gəlibsə, ancaq bunu siz tələb etməmisinizsə tıklamayın. Bu, kiminsə öz telefonunda sizin hesabınızı təsdiq etmək istədiyini göstərir.