Keçid linkləri

Təcili xəbərlər

Mədəniyyətlərin toqquşması


Bir ay əvvəl beynəlxalq təşkilatlardan biri Avropada yaşayan mühacir yazıçıların konfransını təşkil etmişdi. İki gün ərzində rəsmi, yarı-rəsmi, informativ hissələr bitəndən sonra, ikinci axşam bir vidalaşma məclisi təşkil edildi. Səhnəyə açıq mikrofon qoyuldu və təşkilatçılar dedi ki, burda iştirak edən yazıçılarla yanaşı, müsiqiçilər də var, birləşib, gecəmizi maraqlı edək.

Elə vəziyyətdə elə söz də ola bilər ki, adamın başına oyun açar, həyatı büsbütün dəyişər. Necə ki, həmin tədbirdə bir ərəb əsilli yazıçının başına oyun açdı.

Əvvəl Afrika ölkələrindən gəlmiş bir musiqiçi gitarada ifa elədi. Sonra ərəb ölkələrinin birindən gələn bir musiqiçi də nəsə qəribə bir başqa alətdə ifa elədi, sonra da oturdular yerlərinə. Yeri gəlmişkən bu mənada həmişə rəssam, fotoqraf, musiqiçilərə həsəd aparıram, onların dil problemi yoxdur. Danışmaq problemləri də yoxdur. Sözdən istifadə etmək problemləri yoxdur. Söz də elə bir şeydir ki, ondan nə qədər az istifadə eləsən, başın o qədər salamat qalar. Elə vəziyyətdə elə söz də ola bilər ki, adamın başına oyun açar, həyatı büsbütün dəyişər. Necə ki, həmin tədbirdə bir ərəb əsilli yazıçının başına oyun açdı.

Musiqiçilərdən sonra təşkilatçılar təklif elədilər ki, yazıçı, şairlər də gəlib öz əsərlərindən oxusunlar, əsərlərindən ingilis dilində olanı yoxdursa da, öz ölkələri, öz mədəniyyətləri barədə nəsə danışa, nəsə maraqlı şeylər bölüşə bilərlər.

Bunu da qeyd edim ki, tədbir təşkilatçılarının böyük əksəriyyəti qatı feministlər idi. Kişili-qadınlı. Yüksək qraduslu, cinsi ayrı-seçkiliyi əfv etməyən, qadına qarşı hər hansı ayrımçılıq edənin gözünün yaşına baxmayan feministlər. İndi o feministləri və o yazıçının vəziyyətini yadıma salanda, təkrar gözlərimin qarşısına gətirəndə hələ də başıma hava gəlir.

... belə baxanda əslində çox gülərüz, şirindil, olduqca pozitiv enerjili, suyuşirin, ortayaşlarında bir yazıçı səhnəyə çıxdı. Və nədənsə bizim ölkədə də olduqca məşhur olan bir hekayəti nağıl eləməyə başladı.

Deməli belə baxanda əslində çox gülərüz, şirindil, olduqca pozitiv enerjili, suyuşirin, ortayaşlarında bir yazıçı səhnəyə çıxdı. Və nədənsə bizim ölkədə də olduqca məşhur olan bir hekayəti nağıl eləməyə başladı.

Hekayət bundan ibarət idi ki, çox varlı bir kişi özünün dörd arvadını birdən boşayır. Və bir dostuna çoxlu pul verir ki, bu qadınlarla evlənsin. Dostu bu qadınlarla nikah bağlayır. Sonra götürüb aparır evinə. Evlərinə çatmaq üçün onlar bir çaydan keçməli olurlar. Kişi qayıqda bir-bir qadınları çaydan keçirir. Birinci qadını keçirəndə kişi çayın ortasında qayığı saxlayıb, yeni arvadına deyir ki, əgər mənə deməsən ki, sənin kimi gözəl, cavan arvadı dostum niyə boşayıb, səni atacam çaya. Qadın da qorxur və etiraf edir ki, yüngüləxlaqdır, ayağısürüşkəndir və ərinə tez-tez xəyanət edirmiş. Kişi də deyir ki, eybi yox, bu eyibin çarəsi var.

Sonra ikinci arvadını çaydan keçirəndə onu da eyni cür qorxudur. İkinci qadının da etirafı bu olur ki, mənim əlim əyridir, oğruyam, hara getdim, oğurluq edirəm, ərim rüsvay olur. Kişi deyir ki, eybi yoxdur, bu eyibin də çarəsi var.

Üçüncü arvadın etirafı bundan ibarət olur ki, o da əsəbidir, dalaşqandır. Kişi onu da eyib saymır.

Nəhayətdə dördüncü arvad deyir ki, mən deyingənəm, bütün günü səbəb oldu ya olmadı deyinirəm, bir dəqiqə də olsun deyinməyimdən qalmıram, adamın yediyini-içdiyini burnundan gətirirəm. Kişi deyir ki, yox, bu eyibin çarəsi yoxdur və qadını atır çaya, qadın da çayda boğulub ölür.

O yazıq, fağır kişi bu hekayəni niyə danışdı, nə məqsədlə danışdı, bilmirəm. Bəlkə də doğrudan ona bu söhbət əyləncəli bir şey kimi görünüb, düşünüb ki, danışacaq, avropalıların da ürəyini açacaq, onları güldürəcək. Yazıq nə bilsin axı hara düşüb...

O yazıq, fağır kişi bu hekayəni niyə danışdı, nə məqsədlə danışdı, bilmirəm. Bəlkə də doğrudan ona bu söhbət əyləncəli bir şey kimi görünüb, düşünüb ki, danışacaq, avropalıların da ürəyini açacaq, onları güldürəcək. Yazıq nə bilsin axı hara düşüb...

Nə isə, o danışıb qurtardı. Bir neçə saniyə mikrofonun önündə sakit dayandı. Zaldan reaksiya gözlədi. Bəzi söhbəti tutmayan, belə şeyləri normal qarşılayanlar yüngülvari əl çalmaq istəsələr də, zalda oturub, hekayəni danışana əsəbi halda baxan feminist qadınlara, onlardan heç də az feminist olmayan kişilərin soyuq üzünə baxıb, tez özlərini yığışdırdılar.

Zalda bir nəfər əhlikef avropalı naşir var idi, hiss olunurdu ki, xeyli söhbət malalaya bilən adamlardandır. O tez mikrofona qalxıb, malaladı ki, görürsünüz, mədəniyyətlər nə qədər fərqlidir, bəzi ölkələrdə qadınlara necə pis münasibət var, onların haqları pozulur, əşya kimi alınıb-satılır, talelərini özləri deyil, kişilər idarə edir. Hörmətli yazıçımız da öz ölkəsində məşhur olan bu hekayəti danışmaqla, əslində bizə o cəmiyyətin güzgüsünü göstərmiş oldu və s.və il.

Avropalı duruşu burada da öz sözünü deyir. Əslində bu hekayətdən, bir yazıçının bunu belə bəh-bəhlə, xoş bir şeymiş kimi danışmasından qəzəblənənlər ona bu barədə bir kəlmə də olsun, demədilər. Bu söhbəti onun üzünə vuran olmadı. Sonra o kiməsə yaxınlaşanda, nəsə deyəndə, soruşanda çox gülərüzlə ona cavab-zad da verdilər.

Amma hamı bilirdi ki, bu yazıçını bir daha heç yana çağıran olmayacaq...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG