Keçid linkləri

Təcili xəbərlər

Rusiya alimləri yaşlanmanı ləngitməyin üsulunu tapıblar


Rusiyalı və isveçli bioloqlar hüceyrələrin yaşlanmasını ləngidən maddəni siçanların üzərində uğurla sınaqdan keçiriblər. Siçanların ömrü 15%, yəni 45 gün uzanıb. Lomonosov adına Moskva Dövlət Universiteti ilə Stokholm Universitetinin alimlərinin birgə apardıqları təcrübənin nəticələri ABŞ-ın "Aging" jurnalında dərc edilib.

Tədqiqatın əsas məqsədi hüceyrələrin "elektrik stasiyası" olan mitoxondriyanın orqanizmin yaşlanması prosesindəki rolunu ortaya çıxarmaq idi. Bioloqlar sübut ediblər ki, bir neçə il öncə Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Vladimir Skulachevun kəşf etdiyi SkQ1 antioksidant molekulu həqiqətən də mitoxondriyaların daha uzun müddət və daha yaxşı işləməsinə yol açaraq, orqanizmin yaşlanmasını ləngidir.

Alimlər təcrübə üçün mitoxondriyaların DNT-sində təsadüfi mutasiyaların yaranmasına irsi meylli olan siçan növünü seçiblər. Bu siçanlar İsveçdə genetik modifikasiya edilərək yetişdirilir. Belə siçanlar çox az yaşayırlar. Əgər adi laboratoriya gəmiriciləri 2 il yaşayırsa, belə siçanlar 280-290 gün yaşayır. Mutasiyaların toplanması və mitoxonriyaların məhvi onların hüceyrələrinin kütləvi surətdə ölməsinə, beləliklə də orqanizmin erkən qocalmasına və ölümünə səbəb olur.

Alimlərin irəli sürdükləri hipotezə görə, sözügedən maddə heyvanların hüceyrələrini mitoxondria nəticəsində yaranmış toksik maddələrdən - sərbəst radikallardan qorumalı idi.

Alimlər bu siçanları iki qrupa ayırıblar. Onlardan birinə normal qida, digərinə isə ömürlərinin 100-cü günündən etibarən içərisində kiçik dozada (12 mikroqram) SkQ1 olan qida verilib. Gəmiricilər səkkiz aylıq olanda iki qrup arasındakı fərqlər görünməyə başlayıb.

Gözlənildiyi kimi, nəzarət qrupundan olan (adi qida qəbul edən) siçanlar sürətlə çəki itirməyə başlayıblar. Onların onurğası əyilib, bədən temperaturu azalıb, tükləri tökülüb, dəriləri nazilib və ümumiyyətlə, davranışları yaşlanmış fərdləri xatırlatmağa başlayıb. Onların mobilliyi azalıb və bədənləri daha az oksigen işlətməyə başlayıb. Qidasına SkQ1 əlavə edilmiş gəmiricilərdə isə hələ daha 40-45 gün ərzində buna bənzər yaşlanma əlamətləri qeydə alınmayıb. Bunun sayəsində onların sağlam yaşlılığı birinci qrupa aid olan siçanlardan xeyli daha uzun çəkib. SkQ1 qəbul etmiş siçanlar orta hesabla 335 gün, nəzarət qrupundan olan siçanlarsa əvvəlki kimi 290 gün yaşayıblar.

Artıq "Visomitin" adlı göz damcısı Rusiyada təsdiq edilərək satışa çıxarılıb. Bu preparat həmçinin ABŞ-da kliniki sınaqların 2-ci mərhələsindən keçib. Layihənin növbəti dərman preparatı SkQ1-in oral forması olacaq. Preparat hazırda Rusiyada sınaqdan keçirilməkdədir. Sınaqların nəticələrinin uğurlu olacağı təqdirdə artıq 2-3 ildən sonra yaşlanmanı ləngidən dərman preparatları apteklərdə satışa çıxarılacaq.

XS
SM
MD
LG