(esse)
Hərdən özümü siyasi avtoritarların yerinə qoymağa və bəzi mətləbləri anlamağa çalışıram.
Düşünürəm, tutaq ki, hakimi-mütləqəm. Siyasi kursumun da alternativi yoxdur.
Xalq ətrafımda sıx birləşib.
Ölkə öz ömründən kəsib mənim ömrümə calamaq istəyənlərlə doludur.
(Əlbəttə, hətta özün haqqında bunu xəyalən canlandırmaq belə adama ağır gəlir...)
Yaxşı, bu qədər güclü, qüdrətli olduqdan sonra mən niyə başqa cür fikirləşənlərdən, məni bəyənməyənlərdən çəkinməliyəm, mənə qarşı gedənlərin varlığından narahat olmalıyam, belələrini hər yolla susdurmağa, onları qeyd-şərtsiz biət etməyə, sadəcə, özüm kimi düşünməyə, əks təqdirdə ən ağılalmaz, qurama ittihamlarla zərərsizləşdirməyə, silib-süpürməyə çalışmalıyam?!
Yaxşı, bu qədər güclü, qüdrətli olduqdan sonra mən niyə başqa cür fikirləşənlərdən, məni bəyənməyənlərdən çəkinməliyəm, mənə qarşı gedənlərin varlığından narahat olmalıyam, belələrini hər yolla susdurmağa, onları qeyd-şərtsiz biət etməyə, sadəcə, özüm kimi düşünməyə, əks təqdirdə ən ağılalmaz, qurama ittihamlarla zərərsizləşdirməyə, silib-süpürməyə çalışmalıyam?!
Hətta toplumda lap səmimi-qəlbdən (hansı ki, tarixi təcrübə bunun mində bir qədər doğru ehtimal belə olmadığına dair örnəklərlə zəngindir!) mütləq çoxluq məndən razıdırsa, mənə könüllü şəkildə itaət edir, əvəzolunmazlığıma doğrudan da, lap belə səmimi-qəlbdən, bütün varlığı ilə inanırsa, niyə mən ən xırda tənqidi fikirdən, ən ufacıq müxalif mövqedən narahat olmalı, bunu öz səltənətimə təhdid və təhlükə hesab etməliyəm, belələrini məhkəmələrdən məzhəkələr düzəldəcək şəkildə cəzalandırmaq niyyətinə düşməliyəm?
Niyə axı, niyə?
Bir halda ki, ölkədə hər şey yaxşıdır, hər iş qaydasındadır, heç bir əyər-əskiklik yoxdur, gül gülü çağırır, bülbül bülbülü, qurd quzu ilə otlayır, insanların giley-güzar etməsi üçün səbəb yoxdur, axı üç-beş, beş-on, on-onbeş fərqli düşünənin varlığını niyə sinirməməli, çox görməliyəm? Niyə onları da hər vasitə ilə yox etmək, ya da tabe etmək eşqinə düşməliyəm?!
Əlbəttə, cavabı özündə olan bu cür sualları sonsuzadək uzatmaq olar.
“Cavabı özündə olan suallar” deyirəm, çünki bəşəriyyətin keçmişinə az-çox bələd olan hər kəsə gün kimi aydındır ki, bir toplumda müxalifətçilik xalq düşmənçiliyi ilə assosiasiya edilməyə çalışılırsa, bir məmləkətdə hakim gücdən fərqli hər cür fikir və davranışın adı “vətən xainliyi” qoyulmağa çalışılırsa, o ölkədə, o toplumda nəinki çox şey qaydasında deyil, hətta heç nə qaydasında deyil!
Dönüb dünənə, yeri gəlsə, lap belə ən nəhəng, ən qüdrətli, özünü məğlubedilməz sayan, özünə əbədilik libası biçən imperiyaların tarixinə baxın, onda görəcəksiniz ki, bu - 100 il əvvəl də belə idi, 300 il əvvəl də belə idi, 500 il əvvəl də belə idi.
1000 il əvvəl də belə idi.
2000 il əvvəl də belə idi.
İndi – yaşadığımız XXI yüzildə isə ümumiyyətlə belədir. Qeyd-şərtsiz. Müzakirəsiz və mübahisəsiz.
Dünən də, bu gün də dünyanın harasında yerləşməsindən asılı olmayaraq, bir ölkədə fərqli düşünənələr, tənqidçi səslər ən ağılalmaz, ən absurd şəkildə cəzalandırılırsa, o ölkədə talan var. Zülm var. Göz yaşı var.
Dünən də, bu gün də dünyanın harasında yerləşməsindən asılı olmayaraq, bir ölkədə fərqli düşünənələr, tənqidçi səslər ən ağılalmaz, ən absurd şəkildə cəzalandırılırsa, o ölkədə talan var. Zülm var. Göz yaşı var.
Hələ o ayrı məsələdir ki, lap hamı susanda, hamı tabe olanda, hamı biət edəndə, hamı nə olub-bitdiyini, nə baş verdiyini görməzdən gələndə, vecinə almayanda da dəyişən heç nə yoxdur. Yalanın adı yenə yalandır. Talanın adı yenə talandır. Zülmün adı yenə zülmdür. Pisliyin adı yenə pislikdir.
...Heç vaxt yadımdan çıxmaz.
Ölümünə bir neçə gün qalmış babam artıq işin nə yerdə olduğunu anlamış olmalı idi ki, böyür-başına yığışan doğmalara elə beləcə də dedi:
– Məni yola yaxın yerə basdırın. Hərdən qulağım səs eşitsin.
Dediyi kimi də oldu.
İndi o, kəndimizin yeni qəbristanlığında, yola yaxın bir yerdə uyuyur.
Amma əlbəttə, həmin vaxt hər kəs başa düşürdü ki, bu cür istək gedər-gəlməz bir səfərə hazırlaşan adamın özünə quruca təsəllisindən başqa bir şey deyil.
Ən çox da mən hiss edirdim ki, onu ölümdən çox, qaranlıq, kimsəsiz məzardakı səssizlik ürpəşdirir, elə bilir ki, yol kənarında dəfn olunmaqla hər şey tamamilə başqa cür olacaq, o vəsiyyəti yerinə yetirilsə, adamın tüklərini biz-biz edən qəbristanlıq sükutundan qurtula biləcək.
Bu əhvalatı xatırlatmaqla yenə o fikirə qayıdıram ki: lap belə hamını susdurmaqla da heç bir dərd həll olunmur.
Hətta ölülər də sükuta nifrət edirlər…
Hətta ölülər də səssizlikdən qorxurlar, bunda bir fayda görmürlər.
Bunu anlamaq, bunu dərk və qəbul etmək lazımdır.
Yaşadığımız zamanın ruhu, mahiyyəti, məzmunu, fəlsəfəsi bu sadə həqiqətdə gizlənib.
Bu sadə, günümüz, çağımız üçün adidən adi, sıradan həqiqəti rədd edənlər, onunla barışmaq istəməyənlər isə ən böyük yamanlığı öz ölkələrindən öncə elə özlərinə edirlər.
Tarixin saysız-hesabsız təcrübələrin bir çoxu həm də bunun təsdiqidir.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.