Keçid linkləri

Təcili xəbərlər

NASA astronomlarının yeni kəşfi: biz Kainatda tənha deyilik


NASA alimləri Yerə bənzəyən yeddi planet kəşf ediblər. Onlardan azı üçündə maye halında suyun, yəni həyatın mövcud olması ehtimalı böyükdür. NASA alimləri mətbuat konfransı keçirərək ictimaiyyətə bu haqda məlumat veriblər.

Mətbuat konfransından öncə çoxları söhbətin yadplanetlilərdən gedəcəyini düşünürdülər. Ancaq tədbirin canlı yayımının başlanmasından təqribən 10 dəqiqə əvvəl NASA-nın Twitter shifəsində belə bir məlumat peyda oldu:

"Sizə Günəş sisteminin xaricindən maraqlı xəbərlərimiz var! Spoyler: söhbət yadplanetlilərdən getmir..."

Ancaq alimlərin qeyd etdiyi kəşf çətin ki, kimisə məyus etmiş olsun. Dolça bürcündəki tənha cırtdan TRAPPIST-1 ulduzunun orbitində alimlər yeddi Yer tipli planet aşkar ediblər. Ən maraqlısı isə odur ki, onlardan düz üçü həyat zonasında yerləşir. Bu isə o deməkdir ki, nəzəri cəhətdən orada həyat mövcud ola bilər. TRAPPIST-1 o qədər kiçik və zəif ulduzdur (onun çəkisi Günəşin çəkisinin cəmi 8 faizini təşkil edir) ki, onun orbitində dövr edən planetlərin heç birində anomal istilər yoxdur. Temperatur Yerdəki kimi komfortludur. Planetlərin orbitləri onların öyrənilməsini rahat edir.

Bu elmi kəşf Belçikanın Lyej Universitetinin texnologiya və Astrofizika Tədqiqatları İnstitutundan Machael Gillon və komandasına məxsusdur.

"Biz irəliyə doğru nəhəng bir addım atmışıq. Bu kəşf tarix boyu bir çox filosofu narahat edən suala cavab verməyimizə kömək edəcək. Hər birimizin qəlbimizin dərinliyində verdiyimiz sual: biz Kainatda tənhayıqmı?" — deyə NASA rəhbərinin köməkçisi Thomas Zurbuchin bildirib.

Yeddi ekzoplanetin hamısı bir-birinə yaxın yerləşib. NASA hətta belə bir plakat hazırlayıb: bu planetlərdən hər birinin sakinləri digər altı planeti Yer sakinlərinin Günəşi və Ayı gördükləri kimi görərdi. Astronomlar güman edirlər ki, bu ekzoplanetlərin hər birinin bir tərəfi daim ulduza tərəf çevrilib. Yəni onların bir tərəfində daim gündüz, digər tərəfində isə gecədir.

“Bu ilk dəfədir ki, bu qəbildən olan bu qədər çox planet eyni ulduzun ətrafında aşkarlanır", - Michael Gillon deyir.

Soyuq qırmızı cırtdanlar ulduzların ən çox rast gəlinən növüdür. Ona görə də, qarşıdakı illər ərzində astronomların Trappost-1-in ətrafında olan sistemə bənzər daha çox belə planet sistemləri aşkar edəcəyi ehtimal olunur.

Bu tədqiqat güclü "Spitzer" teleskopunun sayəsində mümküb olub. Bu teleskop infraqırmızı diapazonda müşahidə aparır. Bu, 2003-cü ildə kosmosa buraxılmış "Spitzer"in 14 il ərzində hələlik ən böyük kəşfidir.

Ancaq bu planetlərdə doğrudan da həyatın olub-olmamasını yoxlamaq hələlik mümkün olmayacaq. Müasir texnologiyalar buna imkan vermir. TRAPPIST-1 ulduzu Günəşdən 40 işıq ili məsafəsində yerləşir. Bu, astronomik baxımdan yaxın məsafədir.

"Oraya gedib çatan kosmik gəmi həm radiasiyadan müdafiə, hə də yeni nəsil mühərrik və yanacağın ixtira edilməsini tələb edəcək. Ancaq bu, real perspektivdir. Son nəticədə biz Günəş sistemindən kənara çıxmaq istəyirik. Ən əsası dayanmamaqdır. Vaxtilə "Spitzer" teleskopu da möcüzə kimi görünürdü", - NASA rəhbərinin köməkçisi Thomas Zurubchin deyir.

Astronomlar digər ulduzların da ətrafında planetlərin olduğunu həmişə biliblər. Ancaq cəmi 10-20 il bundan əvvəl onlar hələ də belə planetləri aşkar etməyə nail olmamışdılar. Günümüzdə isə alimlər 3400 belə planetin adını Açıq Ekzoplanet Kataloquna daxil ediblər.

Bununla yanaşı, sözügüdən planetlərin atmosferlərini öyrənmək tamamilə realdır. Cəmi 5 ildən sonra alimlərin bunu etmək üçün zəruri texnologiyalara sahib olacağı gözlənilir. Bu bizi "yerdən kənarda həyat varmı" sualının cavabına daha da yaxınlşdıracaq.

Hətta kəşf edilmiş planetlərdə həyat tapılmasa belə, alimlər həyatın yaranmasının qarşısını alan amillər barədə daha çox şey öyrənmiş olacaqlar.

Ən son yazılan

XS
SM
MD
LG