Keçid linkləri

HÖKUMƏTİ QINAMALI OLDUĞUMUZ HALDA...

Deyə bilmərəm ki, Aristotel nə qədər səmimi olub... Hər halda, dünyanın ən böyük fatehlərindən birinin – Böyük İsgəndərin müəllimi və hətta vəziri olmuş bir adamı uşaq səmimiyyətində qınamaq o qədər də ağlabatan deyil.

Soruşa bilərsiniz ki, nədən birdən-birə durub qədim dünyanın ən böyük dühalarından biri sayılan bu adamı yada saldım? Nə gizlədim, gücüm heç kimə çatmadığından, əlimdən başqa iş gəlmədiyindən və ən əsası da hökuməti qınamalı olduğum halda oturub-durub Aristotelin, daha doğrusu, onun katarsis haqqındakı çox məşhur təliminin qarasınca deyinirəm.

Ona görə ki, insanlar bizim cənab Aristotelin bəlkə də uşaq səmimiyyətilə yaratdığı məşhur estetik təlimində - katarsis haqqındakı nəzəriyyəsində yazdıqlarına rəğmən ağır dövrlərdə, böhranlar, faciələr və hətta müharibələr zamanı heç də bu proseslərdən “mənəvi cəhətdən saflaşaraq” çıxmır, əksinə həmin bu proseslər vaxtı onlarda ən neqativ keyfiyyətlər baş qaldırır...

MANAT ARTIB-AZALIR, QİYMƏTLƏRSƏ YALNIZ ARTIR...

Bunu yada salmağımın başqa bir əsas səbəbi də var. Bildiyiniz və bildiyimiz kimi ötən aydan başlayaraq manatın tamamilə sərbəst “üzən məzənnə”yə keçdiyi bildirildi. Amma kursda elə “tryuk”lar baş verir ki, adam məəttəl qalır...

Yanvarın sonlarından manat kəskin şəkildə dəyərini itirməyə başladı. Son günlərdə isə əks proseslər gedir – hazırda dollar ucuzlaşır. Təbii ki, manatın qiymətinin artmasına biz də sevinirik, çünki hamı kimi elə biz də böhranın bütün ağırlığını “öz dərimizdə” hiss edirik. Amma yenə sual yaranır: nə baş verir?

Prinsipcə, bütün dinamik siyasi və iqtisadi proseslərdə iki əsas tendensiya olur: uzun və qısa müddətli. Bunu proqnozlaşdırma ilə bağlı elmlərdə də qeyd edirlər. Uzunmüddətli tendensiyalar baxımından manat ucuzlaşmaqda davam etməlidir - əgər həqiqətən tamam sərbəst “üzən məzənnə”yə keçibsə!..

Qısamüddətli tendensiyalar nəzərindən isə ən müxətlif “rəqslər”, artmalar - azalmalar mümkündür. Amma əksər iqtisadçılar buna şübhə edir. Düşünürlər, hökumət hələ də manatın kursunu tənzimləməkdədir, - əks təqdirdə kəskin enişlər olmalı idi...

Amma yenə də məni düşündürən əsas məsələ hətta bunlar da deyil. Onu buraxaq iqtisadçılarımızın öhdəsinə - qoy, onlar aydınlaşdırsınlar ki, milli valyuta ilə bağlı həqiqətdə nələr baş verir?

Məni isə prosesin sosial tərəfləri düşündürür. Ölkədə başqa bir “tendensiya” da gedir. Manat gah ucuzlaşır, gah da bahalaşır, amma qiymətlər yalnız bircə istiqamət bilir – yalnız artırlar...

Ona görə də manatımızın dəyər qazanmasından sevinmək üçün əməlli-başlı macal da tapa bilmirik.

Soruşursan ki, məsələn, siqaret niyə bahalaşıb? Deyirlər, dollar bahalaşıb, ona görə də məcburuq qiymətləri qaldıraq. Amma bir-iki gün keçir, dollar ucuzlaşır, qiymətlər isə düşmür ki, düşmür!..

Səbəbini də soruşanda ağlabatan cavab almırsan. Sanki manatın kursu ona görə artıb-azalır ki, sadəcə, qiymətləri qaldırmağa bəhanə olsun!..

AZAD RƏQABƏT OLSAYDI...

Əslində prosesin səbəbi aydındır: azad rəqabətə söykənən bazar yoxdur, hər şeyi monopoliyalar idarə edir bu ölkədə. O üzdən də “sosial lift” də bircə istiqamətdə işləyir – varlılar daha da varlanır, kasıblar isə yoxsullaşır...

Təbii, ən əsas səbəblər budur. Amma düşünürəm ki, burada mentalitetimizlə bağlı məqamlar da var. Onun sayəsində Azərbaycanda anormal biznes psixologiyası bərqərar olub.

Başqa ölkələrdə malların və ya xidmətlərin qiymətlərini azaldaraq daha çox insana xidmət etməklə qazanırlar. Biz isə tamam fərqli yol seçmişik – burada hamı az, amma saz satmaq, necə deyər, lap qaz vurub, qazan doldurmaq istəyir!

Cəmi qiymətlər əhalinin haradasa iyirmi faizinə hesablanıb. Qalanları isə heç nəzərə alan yoxdur.

ÖZÜMÜZÜ TƏRİFLƏMƏKLƏ...

Dedim ki, həm də mentalitetlə bağlı məsələdir bu... Ona görə də dünyanın bütün yaxşı epitetlərini özümüzə yapışdırmaqla heç də yaxşı olmuruq.

Səs salmışıq ki, tolerantıq, multikultural dəyərlərə önəm veririk, ən başlıcası da guya ki mərhəmət sahibiyik. Həqiqətən belədirmi? Təəssüf!

Yaxınların söhbətidir. Meyvə-tərəvəz köşklərinin birindən alış-veriş elədim. Evə gəldim və maraq xatirinə aldıqlarımı çəkdim. Təsəvvür edin, hamısında 200-300 qram aldatmışdılar!..

Nə demək olar? Hər şeyi istədikləri qiymətə satır, qiymətləri özləri müəyyən edirlər. Amma yenə də aldadırlar – bəli, çəkidə də aldadırlar, keyfiyyətdə də...

QARŞIDAN NOVRUZ GƏLİR...

Qarşıdan Novruz bayramı gəlir. Hələ görün martda nələr olacaq – qiymətlər elə bir səviyyə çatacaq ki, bəlkə indikinə də şükr edəcəyik... Bir məsələni qoyub, o birsinə keçirəm. Amerikalılar deyir ki, hökumət bir il ərzində cəmiyyətdən aldıqlarını Milad bayramı zamanı bircə - bircə ona qaytarır. Amma Azərbaycanda nə baş verir? Adi bayramlar bir yana, hətta dini bayramlar zamanı belə bazar və dükanlarda qiymət “od tutub yanır”! Sonra da deyirik ki, mərhəmət sahibiyik...

Ona görə də deyirik ki, ölkədə tək iqtisadi böhran getmir, bundan da dəhşətli mənəvi bir inflyasiya gedir, təkcə manatın deyil, bütün mənəvi dəyərlərin qiymətsizləşməsi baş verir.

AH, BU MENTALİTET, MENTALİTET...

Nə edək? Başımıza nə çarə qılaq? Bəs bunun səbəbləri nədir? Bəli, formal baxımdan deyə bilərdik ki, bir formasiyadan başqasına keçdik və yeni dəyərlər hələ tam oturuşmayıb.

Amma aldatmayaq özümüzü... Sovetləri də görmüş bir adam kimi deyirəm ki, o vaxt da 15 respublika olduğu kimi 15 cür də sosializm vardı – Moskvada bir, Tallində başqa, Bakıda isə tamam fərqli...

Nə idi səbəbi? Təbii ki, adi mentalitet! Bəli, o, elə “prizma”dır ki, istənilən ideyanı özünəməxsus şəkildə sındırır – lap adi optik prizma işığı sındıran kimi...

Bu səbəbdən iqtisadi böhran bir az da ağrılı olur bu ölkədə, lap cəhənnəmə çevrilir! Ona görə ki, hamımız ona öz “töhfə”mizi veririk, onu daha da ağırlaşdırır və həyatımızı lap cəhənnəmə çeviririk...

Axırda da qayıdırıq ki, hamıdan mərhəmətliyik və hələ bu da azmış kimi hamını özümüzdən nümunə götürməyə çağırırıq.

Bunu görəndə adamın yadından öz dərdi-səri də çıxır və başlayırsan digər xalqlara, cəmiyyətlərə acımağa! Yazıq deyilmi onlar? Onlar da bizə oxaşasa daha bu planetdə yaşamağa dəyərmi?...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG