Keçid linkləri

Təcili xəbərlər

Aya ilk turistlər gələn il uçur


Amerikan özəl kosmik şirkəti SpaceX Aya iki turist göndərmək planları ilə bağlı bəyanat yayıb.

Şirkətin təsisçisi və rəhbəri İlon Mask bildirib ki, Falkon Hevi (Falcon Heavy) kosmik gəmisinin sərnişinləri bu dəfə professional astronavtlar deyil, turist qismində kosmik uçuş etmək istəyənlər və “əhəmiyyətli dərəcədə maddi sərmayə qoyan” fiziki şəxslər olacaq.

SpaceX-in rəhbəri kosmik turistlərin bir-birlərini tanıdıqlarını və Hollivuddan olmadıqlarını deyib, lakin adlarını çəkməkdən imtina edib. Artıq bu il ərzində həmin şəxslər zəruri olan tibbi müayinədən keçəcəklər. Bundan sonra isə uçuşa hazırlıqlara başlayacaqlar.

“Bu proqram bəşəriyyətin 45 ildən sonra yenidən uzaq kosmosa qayıtmağına imkan yaradacaq”, deyə İlon Mask qeyd edib.

Kosmik gəmi bu səyahət üçün artıq müəyyən sınaqlardan keçməyə başlayıb və bu il ilk pilotsuz uçuşunu həyata keçirməlidir.

Mask SpaceX-in NASA ilə əməkdaşlığı sayəsində Aya uçuş planın mümkün olduğunu da vurğulayıb.

Kosmosa ilk uçuş pilotsuz olacaq, ikinci sınaq isə artıq 2018-ci ilin ikinci yarısında, gəminin göyərtəsində sərnişinlərlə baş tutacaq.

İlon Mask onu da etiraf edir ki, Aya uçuş çox risklidir, ancaq buna baxmayaraq, gələcək turistlər bu riski göz altına alırlar.

“Təbii ki, onlar sadəlövh deyillər, biz isə öz tərəfimizdən əlimizdən gələn hər bir şeyi edəcəyik ki, bu riski minimuma endirək. Ancaq yenə də risk sıfra bərabər deyil”, deyə Mask bildirib.

Sonuncu dəfə insanlar Aya 1970-ci illərin əvvəllərində uçublar. Daha sonra NASA “Apollon” proqramının baha olduğuna görə onu bağlamağa qərar verib.

Ən son yazılan

XS
SM
MD
LG