Keçid linkləri

Cənubi Kaliforniya Universitetinin alimləri siçanlar üzərində təcrübə apararaq müəyyən ediblər ki, aclığa bənzər dieta insulin ifrazına cavabdeh olan mədəaltı vəzin zədələnmiş beta-hüceyrələrinin regenerasiyasına (bərpasına) yol açır. Bu, qanda qlükozanın səviyyəsinin normada saxlanmasına kömək edir. Beta-hüceyrələr qanda şəkəri təyin edir və onun miqdarı artıq olduqda insulin ifraz edir.

Tədqiqatın nəticələri "Cell" ("Hüceyrə") jurnalında dərc edilib.

Alimlərin sözlərinə görə, heyvanlar bioloji olaraq qida qəbulu zamanı çəki artırmağa meyllidirlər. Onlar qida çatışmazlığı şəraitində enerji mənbəyinə malik olmaq üçün bədənlərində piy toplayırlar. İnsan orqanizmi də piy toplayır. Ancaq insanların əksər hissəsi qida çatışmazlığına görə ac qalmalı olmur. Buna görə də piylənmə halları və onlarla bağlı xəstəliklər artır. Bunların arasında ən geniş yayılanı şəkərli diabetdir.

Piylənmə mədəaltı vəzin beta-hüceyrələrinin zədələnməsinə yol açır. Bunun nəticəsində şəkərli diabet yaranır. Aclıqsa beta hüceyrələri yenidən proqramlaşdırmağa və insulinin normal sekresiyasına şərait yaradır. Təcrübə zamanı aclığa bənzər diyetada saxlanılan siçanlar birinci və ikinci tip şəkərli diabetin simptomlarından qurtulublar. Alimlər insanın mədəaltı vəzinin hüceyrələri ilə apardıqları təcrübə zamanı da oxşar nəticə əldə ediblər.

Xatırladaq ki, birinci tip diabet immun sistemin mədəaltı vəzin beta-hüceyrələrini məhv etməsi nəticəsində yaranır. İkinci tip diabetsə həyat tərzindən qaynaqlanır və bədənin insulinə reaksiyasının dayanması ilə müşayiət olunur.

Siçanlarda tətbiq edilən dieta növü insanların beş gün aşağı kalorili, aşağı proteinli, aşağı karbohidratlı, ancaq doymamış yağlarla zəngin dietada qalması ilə müqayisə oluna bilər.

Bu, tərkibində çoxlu qoz-fındıq və şorbalar olan, ancaq gündə 800-1000 kalori ilə məhdudlaşan veqan qidalanma tərzini xatırladır.

Bundan sonra siçanlar 25 gün istədiklərini yeyiblər. Beləliklə, aparılan təcrübə daha çox pəhriz tutmaqla normal qidalanmağın növbələnməsinə bənzər olub.

Daha öncə aparılmış tədqiqat nəticəsində pəhriz tutmağın yaşlanmanı yavaşlatdığı ortaya çıxmışdı.

Cənubi Kaliforniya Universitetindən doktor Valter Longo deyir ki, bu tapıntı həm də qidalanma tərzinin köməyilə, generik dəyişikliklər etmədən hüceyrələrin yenidən proqramlaşdırılmasının mümkünlüyünü nümayiş etdirdiyinə görə əhəmiyyətlidir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG