Keçid linkləri

Təcili xəbərlər

Gediş o gediş və ya xoşbəxt sonluqlu “Müşfiqin büstü”


(Bəs parkda qırılan 27 ağacın hesabını kim verəcək?)

Bəxti gətirdi böyük şairin, nakam şairin...

İndiki deyimlə, yenidən gündəmə gəldi.

Ən yüksək səviyyədə məsələyə münasibət bildirildi.

Xızının Sayadlar kəndində şairin xatirə muzeyinin həyətində 200 ağac əkildi (görəsən orda əvvəllər neçə ağac varmış?).

Gəncədə adına məktəb verildi.

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin mühafizəsi, inkişafı və bərpası üzrə Dövlət Xidməti (belə gurultulu xidməti olan ölkədə günün-günorta çağı icazəsiz heykəl sökə bilərlər?!) də heykəlin bir aya öz yerində bərpa olunacağını bildirdi.

Heykəli sökənlər şairin heykəlinin daha böyük parkda ucaldılacağının anonsunu verdilər.

Hələ davamı olacaq...

GEDİŞ O GEDİŞDİ...

1937-ci ildə də ilhamının ən coşqun çağında şairi qara bir gecədə qara maşına basıb apardılar. Eynən indiki kimi...

​1937-ci ildə də ilhamının ən coşqun çağında şairi qara bir gecədə qara maşına basıb apardılar.

Eynən indiki kimi...

Amma gedişinə heç bir reaksiya olmadı.

Əksinə, həmkarları qorxudan qapılarını daha bərk bağladılar.

Sovet hökumətinin bayrağının daha uca olması üçün ucadan dua etdilər.

Əslində ilhamı coşub-daşan bir şairin meydandan yox olması çoxlarının ürəyindən oldu.

Önə başqaları çıxdı.

Cavad da getdi, Cavid də getdi, Müşfiq də getdi...

Meydan boşaldı.

Onu 29 yaşındaca güllələdilər, heç kəsin cınqırı da çıxmadı...

Gediş o gedişdi...

QAYIDIŞ

O bir də illər sonra qayıtdı küləkli Bakıya.

Hər zaman şeirlərində vəsf etdiyi küləkli şəhərə.

Bəraət aldı.

Ayyy, nə öygülər öyüldü adına!

Şeirlərinə nəğmələr qoşuldu.

Mahnıları dillər əzbəri oldu.

Hətta sevdiyi qadın onun haqqında kitab da yazdı.

Və... 29 yaşlı məzarsız şair heykələ dönüb, istər-istəməz, şəhərin gur və nahamvar-naqolay yerində məskunlaşdı.

Dönüş o dönüşdu...

EY HƏSƏN BƏY!

Amma yoox!

Bunu da ona çox gördülər.

Eynən Həsən bəy Zərdabi kimi onu da yerindən dərbədər etdilər.

Xatırlayırsınızmı, Həsən bəyi düz 3 dəfə dəfn etmişdilər!

Milləti çiyinlərində daşıyan Kişiyə bir məzar yerini də çox görmüşdülər!

DAVAM EDİR 37!

Yenə həmin ssenaridir!

İllərdir Qış parkı və “Sovetski” ərazisindəki tarixi abidələri “uf”-demədən dağıdanlar üçün bir şairin heykəlini yox etmək nə böyük işdir ki?

Kimi var ki nakam şairin?

(“Azərbaycan xalqı var”, - deməyin, heç olmasa, dərhal deməyin, lütfən!)

118 TARİXİ BİNA!

Sadalayaqmı?

Qış parkı ərazisindəki saysız binalar...

Milli Dram teatrının lap yanındakı Hacı Hacağa mülkü...

Murtuza Muxtarov küçəsindəki YUĞ Teatrının yerləşdiyi tarixi hamam...

Abbas Mirzə Şərifzadənin evi və küçəyə atılan pianosu...

Sovetskidə Nazirlər Kabinetinin tarixi bina statusu verdiyi və sonra kimlərinsə siyahıdan çıxardığı 118 bina!

Bütün bunlar da təzədən bərpa olunacaqmı?

Heyhat!

Heykəli bərpa etmək olar, amma o binalar, nə yazıq ki, bilinməzliyə qovuşdu...

SÖZÜM KİMƏDİR?

Odur ki, Müşfiqin abidəsinin dağıdılmasına etiraz edənlər, sözüm həm də sizədir.

İllərdir, ancaq vur-tut bir-iki medianın, qeyri-hökumət təşkilatının gündəmə gətirdiyi, halına acıdığı, fotosunu çəkib tirajladığı tarixi abidələr darmadağın ediləndə harada idiniz?

Niyə səsiniz çıxmırdı?

Niyə bu binaların sökülməsinə, insanların evlərindən zorla çıxarılmasına ən yüksək səviyyədə münasibət bildirilmirdi?

Niyə o vaxtlar hamı kar, kor və lal idi?

XOŞBƏXT SONLUQ

“Müşfiqin büstü” filmi xoşbəxt sonluqla bitdi.

Lap Hollivud filmlərindəki kimi.

Daha yaxşı məkanda məskunlaşacaq məzarsız şair...

Nə gözəl!..

Bəs Müşfiq parkında heykəllə birgə qırılan 27 ağac?

Bəs şəhərin tarixi hissəsində həmişəlik traktorla məhv edilən tarixi abidələr?

Bakının özəlliyini göstərən qədim mülklər?

Onların hesabını kim verəcək?

Kim verəcək?

Verəcəkmi?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG