Keçid linkləri

Təcili xəbərlər

Humanitar yardım çatdıran yeməli dron


"Windhorse Aerospace" adlı Britaniya startapı fəlakət zonalarına humanitar yardımın çatdırılması üçün korpusu qismən yeyilə bilən pilotsuz uçan aparat hazırlamaq planını açıqlayıb.

N+1 jurnalı yazır ki, "Pouncer" adlanan pilotsuz uçan aparatın kiçik kontroller sxemi, kiçicik naviqasiya sistemi, itələyici hava vinti olan elektrik mühərriki və akkumulyatoru olacaq. Bütün bu elementlər quru qida yerləşdirmək üçün 17 hissəsi olan taxta karkasın içərisinə yerləşdiriləcək. Bu quru qida kip paketlərdə qablaşdırılaraq həmin hissələrə yerləşdirilərək pilotsuz uçan aparatın hamar səthini tamamlayacaq. Bu zaman taxta korpusu sökərək ocaq qalamaq üçün istifadə etmək mümkün olacaq.

Şirkət pilotsuz aparatın ilk prototipini yaxın iki ay ərzində hazırlamaq niyyətindədir. Qurğunun qanadlarının ümumi uzunluğu 2,7 metr olacaq. Gələcəkdə isə Windhorse Aerospace uçan aparatın üç versiyasını buraxmaq niyyətindədir. Bu aparatlar fəlakət zonalarına 20, 50 və 100 kiloqram qida çatdıra biləcək. Bu pilotsuz aparatların nəqliyyat təyyarələrindən buraxılması planlaşdırılır. Qurğular paraşütün köməyilə, özü də yüksək dəqiqliklə yerə enəcək. 3000 metr hündürlükdə uçan sərnişin təyyarəsi dronu yekun mənzilindən 34 kilometr aralıda havaya buraxa biləcək. Halbuki, hazırda bu məqsədlə istifadə olunan paraşüt çatdırma sistemi müharibə zonasından cəmi 5,6 kilometr məsafədən işləyə bilir.

Layihənin müəllifi, mühəndis və macəraçı Nigel Gifford sonuncu dəfə 2014-cü ildə xəbər başlıqlarına çıxmışdı. O zaman özünün "Ascenta" adlı günəş peyk şirkətini 20 milyon dollara Facebooka satmışdı.

Gifford deyir ki, hazırda humanitar yardımın hərbi təyyarələrdən paraşütün köməyilə çatdırılması "səmərəsiz və bahadır".

Macəraçı Gifford Britaniya Ordusunun Qida Çatdırma Korpusunun keçmiş üzvüdür. O, Everest dağına təşkil edilmiş beş ekspedisiyada iştirak edib, min dəfədən çox paraşütlə tullanıb. Orduda onun ixtisası ağır şəraitdə insanlara qidanın çatdırılması olub.

Giffordun ilk layihəsi, Ascenta dronu o qədər uğurlu olub ki, Facebookun yaradıcısı Mark Zuckerberg bu drondan birini Roma Papasına hədiyyə edib. Bu səbəbdən Pouncerin də eyni dərəcədə uğurlu olacağı gözlənilir. "Məni daim qeyri-mümkün olan şeylər cəlb edib. İnsanlar deyirlər ki, bunu etmək mümkün deyil. Niyə? Bunu yoxlamamaq üçün məntiqi səbəb yoxdur", - Gifford deyir.

Şirkət "Pouncer"in kütləvi istehsalına başlayandan sonra bütünlükdə yeməli pilotsuz uçan aparatın hazırlanmasına başlamağı planlaşdırır. Bu aparat sadəcə uçan quru qidadan ibarət olacaq. Onun hətta karkası və örtüyü belə sublimasiya olunmuş preslənmiş tərəvəzlərdən ibarət olacaq.

Ən son yazılan

XS
SM
MD
LG