Keçid linkləri

BİR VAXT BAŞQA SÖZLƏR DEYİRDİLƏR...

Elə məsələlər var ki, onlardan yazmaq olduqca çətindir. Tənqid edə bilmirsən, azacıq da olsun, ironiya etməyə ürəyin gəlmir. Azərbaycanda bu cür problemlərin biri, bəlkə də ən birincisi Qarabağ problemidir.

Bəli, Qarabağ ümumi bir dərddir, lap bizim qocalar demişkən, göz dağıdır. Buna söz yox. Di gəl ki, Qarabağ həm də bir siyasət məsələsidir...

Bəli, Qarabağ ümumi bir dərddir, lap bizim qocalar demişkən, göz dağıdır. Buna söz yox. Di gəl ki, Qarabağ həm də bir siyasət məsələsidir. O üzdən də ən azı bu problemə münasibətdə hakimiyyət özünü məsuliyyətli və hesabatlı sanmalı və özündə bir məsuliyyət duymalıdır ki, axı on illərdir, problemi həll edə bilmirlər.

Halbuki bir vaxtlar elə həmin hakimiyyətin üzvləri özlərindən əvvəlkilərini “ciddi Qarabağ konsepsiyasının olmamasında” və problemi həll edə bilməməkdə qınayırdılar.

İndi nə alınır? O vaxt deyilənlər tamam yaddan çıxıbmı? Yoxsa ki, Qarabağ problemi ancaq müxalifət ritorikasının predmetidir? Bəli, daha əvvəlki hakimiyyətlər yoxdur və hesab sorulası bir hakimyyət varsa, o da indikidir. Elə bu səbəbdən də hakimiyyət heç olmasa, müxalifətçilik dövründə dedikləri sözləri yada salmalıdırlar...

YÜZLƏRLƏ KƏNDDƏN YALNIZ BİRİ

Ona görə də nə qədər çalışıramsa, nə qədər cəhd edirəmsə bu hakimiyyəti Qarabağ problemini indiyədək həll edə bilmədiyinə görə heç cür bağışlaya bilmirəm. On illərdir ki, hakimiyyətdədirlər, di gəl, hələ bircə rayonu belə azad edə bilməyiblər. Əvəzində isə çox kiçik bir Cocuq Mərcanlı kəndini “böyük qayıdış”, “ böyük qələbə” kimi qələmə verirlər.

Mən isə bir vətəndaş kimi bununla heç barışa bilmirəm, ona görə ki, işğal olunmuş ərazilər bir kiçik kənddən ibarət deyil, yüzlərlə və bəlkə də minlərlə kənddən ibarətdir...

Mən isə bir vətəndaş kimi bununla heç barışa bilmirəm, ona görə ki, işğal olunmuş ərazilər bir kiçik kənddən ibarət deyil, yüzlərlə və bəlkə də minlərlə kənddən ibarətdir...

Hətta onu da başa düşürəm ki, kiçik bir uğurla olsa da, insanlara nikbinlik və qələbə ruhu aşılanmalıdır. Bunu da başa düşürəm. Amma adam bunun davamını gözləyir. Axı, bir gör, nə qədər vaxt keçib! Nə az, nə də çox – düz 24 il...

Bu 24 ildə nə qədər vədlər eşitdik? Nə qədər “Qarabağ bu gün-sabah qaytarılacaq!” dedilər. Biz də səbr etdik və gözlədik. Amma əvəzində nə gördük? Kiçik bir kəndin “böyük qayıdış” kimi qələmə verilməsini...

YUXUDA DA LAVROVU GÖRÜRDÜK...

Mən illərlə deyilən sözləri, verilən vədləri bir tərəfə qoyuram. Ötən yaz dedilər ki, artıq məsələ həll olunub, bu dəfə hər şey həll olunacaq. Hətta o qədər “Lavrov–Putin planı” dedilər ki, yatanda yuxumuzda da Putini və Lavrovu görürdük.

Amma tez bir zamanda bəlli oldu ki, bütün bunlar sabun köpüyü imiş. Hətta “böyük sülh planı”nın “memar”ı kimi qələmə verilən Lavrov bir gün bildirdi ki, Qarabağ problemi heç də Bakının daxili işi deyil!

Amma tez bir zamanda bəlli oldu ki, bütün bunlar sabun köpüyü imiş. Hətta “böyük sülh planı”nın “memar”ı kimi qələmə verilən Lavrov bir gün bildirdi ki, Qarabağ problemi heç də Bakının daxili işi deyil!

Bəs rəsmi Bakının buna siyasi-diplomatik münasibəti necə oldu? Nə dedilər, nə etdilər? Təsəvvür edin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan daha çox ona mətbuat konfransında sual verən jurnalisti qınadılar! Guya ki, məhz o, Rusiyanın baş diplomatını bu sözləri deməyə vadar edibmiş...

Qərəz, beləcə daha bir siyasi serial başa çatdı. Daha “böyük sülh planı”ndan danışan yoxdur. Əvəzində hər gün Qarabağda, ümumiyyətlə, Ermənistanla sərhəddə gərginlik yaşanması, döyüşlərin getdiyi bəlli olur.

Üstəlik, hakimiyyət daha bir Qarabağ vədinin sabun köpüyünə çevrilməsini özünün suçu hesab etmir. Hətta səlahiyyət sferasını genişləndirməkdə və özünü bir az da möhkəmləndirməkdə davam edir. Sanki bütün problemləri həll edib, Qarabağı azad ediblər...

RUSİYA KİMİN DOSTUDUR?..

Bu da azmış kimi, Rusiya ilə münasibətlərinin ən yüksək səviyyədə olduğunu deyirlər. Yox, buna da şübhə etmirik, Rusiya həqiqətən də “dost” və “strateji müttəfiq”dir. Amma kimin dostudur? Kimin müttəfiqidir? Məsələ də elə bundadır ki, Azərbaycanın dostu deyil bu ölkə, Azərbaycan iqtidarının dostudur...

...görən, bütün bunların sonu necə olacaq? Lap əvvəlki illərdə olduğu kimi olmasa da, bir az seyrəlsə də, hər halda, əsgər itkiləri hələ də davam edir.

Təbii ki, insanları bir məsələ çox düşündürür: görən, bütün bunların sonu necə olacaq? Lap əvvəlki illərdə olduğu kimi olmasa da, bir az seyrəlsə də, hər halda, əsgər itkiləri hələ də davam edir.

Ermənistan tez–tez döyüş bölgələrində vəziyyəti gərginləşdirir və Azərbaycan da cavab tədbirləri həyata keçirməli olur. Prinsipcə, bu cür cavab tədbirləri torpaqların qaytarılması üçün ciddi bir fürsət ola bilərdi. Amma ötən ilin aprel döyüşlərindəki ilk kiçik, fəqət, olduqca önəmli olan hərbi uğurları nəzərə almasaq, torpaqlar heç də qayıtmır...

Təəssüf ki, sakitləşdirici, təskinlik verə bilən hər hansı bir söz deyə bilmirəm. Ona görə ki, indi Ermənistanda parlament seçkisi ilidir. Bu isə o deməkdir ki, qeyri-müəyyən vəziyyətdir və Yerevanla Bakını sülh masası arxasında oturtmaq haqqında düşünməyə belə dəyməz. Üstəlik, belə qeyri-müəyyən hal hələ bir müddət də qalacaq.

Həm də indiki Ermənistan rəhbərliyi öz cəmiyyətinin gözündə xal qazanmaq üçün mütəmadi olaraq hərbi təxribatlara əl atır və bu yolla cəmiyyətin diqqətini digər daxili problemlərdən yayındırmağa cəhd edir.

Yaxın gələcəkdə də ciddi perspektiv görünmür. Təəssüf, Rusiya üçün geniş meydan açılması hələ də davam edir və indiyədək Qərb dediyimiz “siyasi areal” hazırda qınına çəkilmiş kimi görünür. Rusiyanı az da olsa, cilovlamaq cəhdləri sezilmir.

Belə bir vəziyyətdə nə ola bilər? Təbii ki, yaxşı heç nə... Amma bütün bunlar Azərbaycan hakimiyyətinə haqq qazandırmır. Düzdür, on illərdir digər bölgələrdəki – Gürcüstandakı və Moldovodakı problemlər də həll olunmayıb. Amma gəl, Gürcüstanda və yaxud Moldovoda indiyədək nə qədər hakimiyyətlər dəyişib!

Azərbaycan hakimiyyəti isə özünü elə aparır ki, sanki Qarabağ probleminin həll edilməməsi heç bir halda siyasət məsələsi deyil və cəmiyyət bunun hesabını ondan sormamalıdır.

Elə bu səbəbdən də vəziyyət gərgin və çox ümidsiz olaraq qalır. Düşünürsən ki, bəlkə hansısa təsadüf nəticəsində nəsə ola bilər. Amma dərhal da ağlına gəlir ki, təsadüfən heç dovşanlar da doğulmur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG