Keçid linkləri

“Mənim ömür boyu atdığım addım dəyməz tısbağanın bir addımına.”

Tısbağa Məharəti, Elbəy Məmmədli

Neçə nəsildir insanlar nifrət elədiyi işlərdə çalışırlar, niyə? Əslində ehtiyac duymadıqları şeyləri almaq üçün.

Döyüş Klubu, Chuck Palahniuk

Dövlət dairələrində işlə təmin olunsun deyə uyğun ixtisas dalınca getməsini arzulayan ailəsini qarşıma alıb əmioğluma içindən gələn yönü seçməyini məsləhət bilirəm. Əmim “Sən bir əvvəl özünü yönləndir” deyir.

ASTAGƏLLİK

Fransa`da 1840-cı illərdə özünlə tısbağa gəzdirmək kübarlıq xüsusiyyətlərindən sayılırdı. Flaneur (avara səyyah), özünü tısbağanın tempinə uydurmağı sevirdi. Ondan olsaydı, inkişaf, irəliləyiş də elə bu sürətlə olmalıydı. Bir versiyaya görə Osman Hamdi bəyin “Tısbağa Tərbiyəçisi” əsərindəki ilham qaynağının da Parisdə ikən küçələrdə gəzişən gördüyü, Charles Baudelaire'in “Çağdaş Həyatın Rəssamı” kitabında da bəhs etdiyi bu tısbağalar olub. Tərbiyəçinin, tısbağaları tərbiyələndirmək üçün istifadə etdiyi neyə nəfəs verməyib kürəyində asılı saxlaması, Osman Həmdi Beyin ney çalmaqdan, yəni tısbağalarla təmsil edilən xalqı marifləndirmə qayğısından artıq imtina etdiyini, çünki dərviş səbrinin belə bir sonu olduğu şəklində də şərh olunub.

Söz yerini çəkər, hərəkətin yalnız bir illuziyadan ibarət olduğunu izah etmək məqsədi ilə Elealı Zenon tərəfindən ortaya atılmış paradokslardan biri də tısbağa ilə bağlıdır. Misalda yunan qəhrəmanı Axillesin, bir tısbağa ilə yarışdığı xəyal edilir. Məharətli bir çapar olduğu üçün Axilles, tısbağanın müəyyən bir məsafə, məsələn yüz metr irəlidə başlamasına icazə verir. Və belə buyurur Zenon: “Əgər hər ikisinin də sabit sürətlə qaçdığını düşünsək (biri sabit yüksək bir sürətdə, digər sabit aşağı bir sürətdə), müəyyən bir müddət sonra Axilles yüz metr qaçanda tısbağanın başladığı yerə gəlmiş olacaq, ancaq bu müddət ərzində tısbağa da kiçik də olsa müəyyən bir məsafə qaçıb, məsələn 1 metr. Axilles bu məsafəni də tamamladığında, tısbağa yenə kiçik də olsa irəliləmiş olacaq və bu belə davam edəcək. Axilles nə zaman tısbağanın vardığı bir nöqtəyə çatsa, daha da getməli olduğu yer qalmış olacaq”. Bu səbəblə Zenon, Axillesin Tısbağanı heç bir zaman keçə bilməyəcəyini söyləyib. Buradakı məqsədi isə məntiqi düşünmə baxımından hərəkətin qeyri-mümkünlüyünü göstərməkdir.

İNKİŞAFIN ZƏRƏRLƏRİ

Birini qoyub o birinə keçirəm amma ki, 1995-ci ildə Holokost Muzeyi açılarkən poçt İkinci Dünya Müharibəsinə son verən xoşbəxt hadisə olaraq Xiroşima və Naqasakiyə atom bombası atılmasını qeyd edən pul çıxardırdı. Susan Sontag "Başqalarının Ağrısına Baxmaq" (Regarding the Pain of Others ) kitabında “Holocaust” deyir, "milliləşdirilmiş və Amerikanın xilasedici rolu deyil, əslində məhv edici rolu oynadığı cinayətləri unutduran bir yaddaş siyasətinin vektoruna çevrilib. ABŞ-dakı afrikalıların kölələşdirilməsi izah edən bir muzey qurmaq pisliyin burada olduğunu xatırlatmaq anlamına gələrdi. Buna qarşılıq, Amerikalılar ABŞ-ın xaric olduğu `oradakı` pisliyi xatırlatmağı seçirlər".

Enzo Traverso da “Keçmişdən İstifadə Qaydaları” (Le Passé, mode d'emploi ) kitabında Auschwitz düşərgəsindəkilərin qurtuluşunun çox daha təvazökar olan əllinci il yubileyi ilə altmışıncısı arasındakı fərqi açıqlayarkən keçmişin siyasi istifadəsinə diqqət çəkir. “Dick Cheney'in, Tony Blair və Silvio Berlusconi'nin Auschwitz'te çəkilmiş görüntüləri dünyaların ən yaxşısı olaraq qəbul edilən liberal Qərbin neqativlikdən arındırmağın yolu idi. Holocaust, beləcə, bir cür dünyəvi teodis qurmaqda, bizi sistemimizin mütləq yaxşılığı təmsil etdiyinə razı etmək üçün mütləq pisliyi xatırlatmaqdadır.” Baş ağrısı deyil ki?

Əslində isə Nasizmin inkubasiyası elə on doqquzuncu əsrin liberal Avropası idi. Nasizmi sivilizasiyanın barbarlığa enişinin ifadəsi olaraq şərh edən hakim baxışın əksinə Franfurt Məktəbinin rəhbərlərindən Horkheimer və Adorno Nasizmi neqativ bir dialektikanın çatdığı yer olaraq görürdülər; bu neqativ dialektika ağılı təhkim vasitəsinə çevirmişdi, texnikanın və sənayenin inkişafı də insani geriləməyə çevrilmişdi. Holocaust dövlət əlində cəmləşən şiddəti, bunun tətbiq olunması isə müasir sivilizasiyası meydana gətirən strukturları tələb edirdi: texnika, sənaye, əmək bölgüsü, bürokratik-rasional idarə. Kütləvi öldürmə vasitələrini, qaz otaqlarını mümkün edən şey sənaye texnikasıdır.

SPOİLER - DANİMARKA KİNOSU FÖVQƏLADƏDİR

Baxmısız ya yox bilmirəm, Thomas Vintenberg`in “Ov” (Jagten) filmində Lucas Danimarkanın kiçik bir qəsəbəsində, bağça müəllimi olaraq çalışmaqda və camaat tərəfindən sevilib sayılmaqdadır. Bir gün şagirdlərindən biri, ona həddindən artıq yaxınlıq göstərən 5 yaşındaki qız duyğularına qarşılıq ala bilmədiyi üçün gördüyü bir fotoşəkildən də təsirlənərək Lucası onun cinsi orqanına baxdığına ya da toxunduğuna dair ailəsinə və digər müəllimlərinə dəqiq olmayan bir şey söyləyir. Bu nöqtədən etibarən bütün qəsəbənin Lucas'a olan yanaşması birdən dəyişir. Ortada qəti olmayan və əsla isbatlanmayacaq olan bir günahlandırma və bütün bu ittihamlara hər şeyə baxmayaraq kor-koranə inanan “qara camaat”. Qəti olmayan dedik amma filmdə rejissor Lucas`ın belə bir şey etmədiyi mövzusunu tamaşaçısına bildirir. Yəni, şübhəsiz Lucas səhv bir məlumatla, bir yalanla günahlandırılır. Lakin ona inanacaq cürət isə kimsədən çıxmır.

RUBİK-KUBİK

İnkişaf, inkişaf deyə-deyə əldən getdik xəbərimiz yoxdu, uşaq da bağışlasın. Gəldiyimiz nəticə də canlı yayımlar, efektli şəkillər, ölkələrarası sürətli səyahət, hətta avtostopcu macərapərəst gənclər. Zenon paradoksları çürüldülmüş ola bilər amma hərəkətin qeyri-mümkünlüyü fikrini tamamən qazanca bağlı bir irəliləyişin olmadığına yoracağam. Cəmiyyət üçün məsləhət bilinən irəliləyiş fikirlərinin prospektusundaki əks təsirlər nəzərə alınmadı. Tısbağa bizə cazib bir heyvan kimi görünmədi, şir kimi nərildədik. Düşüncə zərifliyi olmayan, estetika mərhumu, həssaslıqdan uzaq məsuliyyətsiz inkişaf modelləri çanağımızı sındırdı. Təbiətdən qopuq, insanlardan aralı, torpağa ayaq basmağa həsrət fərdlərə çevrildik. Hətta bir qismimiz qaz otaqlarında boğuldu.

Əmimin, digər əhatəmin düzgün, inkişaf etmiş bir həyat kimi görüb məni gözlərinə uyan estetikaya büzüşdürüb uyğunlaşdırması əlimdən təkçə uzun saqqalımı alsaydı nə vardı ki?! Üzlərinə də demişəm, məndə söz saxladı yoxdu. Marağında olmadığımız müvəffəqiyyət meyarında uğursuz olmaqla qınanırıq. Digər tərəfdə sevilməyən işlərə girmək üçün mücadilə edilir, əslində ehtiyac olmayan şeylərin yoxluğundan dərt çəkilir. Sən Lucas kimi günahsız olmağına rəğmən oyundan kənarlaşdırılırsan. Biri işsizliyinə, biri diplomunu ala bilməməyinə, biri rəngli şalvarına qırmızı kart çıxardır. Çünki özümüzü layiqli, düzgün, yaxşı hiss etmək üçün başqasının günahlandırılmasına ehtiyacımız vardır. Birini məsum adlandırmaq üçün başqasının cinayətkar olmağı gərəkdir. Savadlı görünmək üçün başqasının cahil, zəngin olmaq üçün kasıb.... İnsan çevrəsiylə insandır. Başqalarının təsiri ilə forma alır. Burada belə nəticə çıxır ki, çevrələyənlər aydın, açıq fikirli, zövqlü olmalıdır ki, nəzər qaydasında olsun. Yəni, insanın özü aydın, açıq fikirli, zövqlü olmalıdır. Şəhər bunu gərəkdirir. Məsələ burasındadır ki, təkcə məmləkətin ümumi kütləsi deyil, ziyalıları da öz çəkilərində yüngül gəlirlər. Yarışa başlamadan təcrid olunurlar. Mirzə Cəlil, hələ də, yalnız mövzu deyil, dil olaraq da qabaqdadır.

Sözüm məclisdən qıraq, danışdığın qarşındakının anladığı qədərdir. İnsan ətraf mühiti ilə dəyərlidir. Bildiklərindən çevrə bixəbərdirsə, bilmənin heç bir məxsusiliyi yoxdur. Bir cümlədə həm İbn Ərabi həm də Albert Camus sözlərini işlətməyinin, Durkhaym`ın sosial faktları ilə açıqlama gətirməyinin, Michael Haneke ilə Bela Tarr kinematoqrafiyasını qarşılaşdıra bilməyinin heç bir qazancı olmayacaqdır. Əvəzində cari 500 manatlıq maaşın hörməti isə buracan bəsdi, bax buracan. Of! Mövcudiyyətin sıxıntısı ancaq özünü aldatmaqla keçir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG