Keçid linkləri

Təcili xəbərlər

Astmanın müalicəsinin bir addımlığında


Böyük Britaniyanın Lester Universitetinin alimləri ağır dərəcəli astmadan əziyyət çəkən insanların nəfəs yollarının daralmasına cavabdeh olan zülal aşkar ediblər. Alimlərin bu kəşfinin astmaya qarşı yeni dərmanların yaradılmasına yol açacağı gözlənilir. Astma xəstəliyi hazırda mövcud olan müalicə üsullarına tabe olmur.

Mütəxəssislər sağlam adamların nəfəs yollarından götürülmüş selik və əzələ toxumalarını yüngül, orta və ağır formalı astmadan əziyyət çəkən xəstələrdən götürülmüş nümunələrlə müqayisə ediblər. Tədqiqat göstərib ki, ağır astmadan əziyyət çəkən təcrübə iştirakçılarında HMGB1 zülalının aktiv formasının səviyyəsi daha yüksəkdir və ümumiyyətlə, həmin zülalın səviyyəsi artdıqca xəstəliyin ağırlıq dərəcəsi də artır. Məhz bu zülal nəfəs yollarının daralmasında mühüm rol oynayır.

"Biz göstərdik ki, iltihablanmış, yaxud zədələnmiş hüceyrələrin ifraz etdiyi HMGB1zülalının miqdarı ağır astmalı insanların seliyində daha çox olur... Tədqiqatın nəticələri bizi ağır astmanın müalicəsini təklmilləşdirməyə bir addım da yaxınlaşdırır", - Lester Universitetinin infeksiya, immunitet və iltihab departamentinin professoru Ruth Saunders deyir.

Alimlərin bu tapıntısı əczaçıları gələcəkdə bu zülalı hədəfləməyə yönəldə bilər.

Tədqiqatən nəticələri "The Journal of Allergy and Clinical Immunology" jurnalında dərc edilib.

Daha öncə James Cook Universitetinin alimləri müəyyən etmişdilər ki, bir tropik parazit astmanı müalicə etməyə qadirdir. Təcrübə əsnasında tropik ankilostoma parazit qurdunun ifraz etdiyi AIP-2 zülalı allergenlə təmasdan sonra siçanların tənəffüsünü asanlaşdırırdı.

XS
SM
MD
LG