Keçid linkləri

Təcili xəbərlər

Az qala Yerlə toqquşan asteroid alimlərin gözündən qaçıb


Martın 4-də Yerə çox yaxın, 20 min kilometrlik məsafədən keçmiş asteroidi alimlər cəmi altı saat əvvəl aşkar ediblər. Xoşbəxtlikdən asteroid Yerə düşməyib. Bu bir daha onu göstərir ki, real fəlakət zamanı Yer sakinlərinin əvvəlcədən xəbərdar olunmaq şansı çox azdır.

Asteroid aşkar olunan kimi dərhal trayektoriyası dəqiq hesablanaraq kataloqa daxil edilib. Alimlər səmanın daimi monitorinqini aparmaq üçün son dərəcə böyük və güclü arsenala malik olsalar da, iki halda gücsüz olurlar: asteroidlərin ölçüsü daha iri kosmik cismlərlə müqayisədə çox kiçik olanda və hərəkət istiqaməti Günəşdən gələndə. Birinci halda asteroidlər çox gec aşkar edildiyinə görə, mümkün fəlakətin qarşısını almaq mümkün olmaz. İkinci halda isə göy cisimlərini ötürmək çox asandır. Belə ki, teleskopları Günəşə tərəf çevirmək mümkün deyil.

Qəflətən peyda olan asteroidə şərti olaraq "2017 EA" adı qoyulub. Astronomlar ictimaiyyəti sakitləşdirərək əmin edirlər ki, bu göy cismi növbəti dəfə planetimizə ən tezi 100 ildən sonra yaxınlaşacaq, buna görə də onunla bağlı narahat olmağa əsas yoxdur.

Sözügedən kiçik asteroidin diametrinin 3 metrə çatdığı bildirilir. O, Yerə o qədər yaxın olub ki, geosinxron peyklər halqasının içərisindən keçib.

Asteroidin Yerə ən yaxın məsafədən keçdiyi vaxt martın 4-ü, Bakı vaxtı ilə 18:04 (yerli vaxtla 6:04) olub. Həmin vaxt o, Sakit okeanın şərq hissəsinin üzərində 14500 kilometr hündürlükdən keçib. Asteroid bu nöqtədə Yerə Aydan 20 dəfə yaxın olub. Yerli vaxtla səhər saatları olduğundan asteroid işıqlı səmada gözdən itib və bundan sonra onu yerdəki teleskoplardan müşahidə etmək mümkün olmayıb.

"2017 EA"nı ilk dəfə Yerə ən yaxın nöqtəyə çatmasından 6 saat əvvəl NASA-nın Arizona ştatının Tukson şəhəri yaxınlığında yerləşən "Catalina" layihəsinin astronomları aşkar ediblər. Göy cismi Yerin kölgəsinə daxil olmazdan əvvəl daha bir neçə rəsədxana tərəfindən müşahidə edilib.

Bundan əvvəl Yer kürəsinə 160 min kilometr məsafədə başqa bir göy cismi yaxınlaşmışdı. Həmin asteroidin diametri onlarla metr idi.

Astronomlar bəşəriyyəti asteroidləri vaxtında aşkar edə bilən daha mükəmməl xəbərdarlıq sistemləri qurmağa çağırırlar.

2017 EA kiçik asteroid sayılsa da, alimlət səmada istənilən an Yerə dəyərək London kimi şəhərləri tamamilə dağıtmağa, yüz minlərlə insanın həyatına son qoymağa qadir olan milyonlarla asteroidin olduğunu deyirlər.

"Diametri cəmi 35 metr olan asteroid Londonu yer üzündən silə bilər", - Beynəlxalq Kosmos Universitetinin keçmiş dekanı doktor Joseph Pelton deyir. Onun sözlərinə görə, potensial olaraq Yerə yaxınlaşan onlarla nəhəng asteroid "xəbərdarlıq etmədən" şəhərləri məhv edə bilər.

Ən son yazılan

XS
SM
MD
LG