Keçid linkləri

Təcili xəbərlər

Azərbaycandakı iqtisadi depressiyanın izahı


Azərbaycandakı hazırki iqtisadi vəziyyəti ən dərin iqtisadi böhran şəraitini bildirən depressiya adlandırmaq ən düzgün ifadə olardı. Resessiya daha çox yavaşlama bildirirsə depressiya artıq geriyə getməni göstərir. Həm də depressiya ifadəsi doğurdan da düzgün tapıntıdır, bir halda ki, əgər iqtisadi faktorlar ümidsizlik gətirir və böyük insan kütlələri üzərinə depressiv təzyiq göstərirsə.

2020-ci ildə ÜDM-i adambaşına 13 min dollara çatdırmaq hədəf götürülmüşdü. 2014-cü ildə adambaşına düşən ÜDM 8000 dollar idisə 2016-cı ildə bu artıq 4000 dollardan daha azdır...

Azərbaycan prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında 2020-ci ildə ÜDM-i adambaşına 13 min dollara çatdırmaq hədəf götürülmüşdü. 2014-cü ildə adambaşına düşən ÜDM 8000 dollar idisə 2016-cı ildə bu artıq 4000 dollardan daha azdır ki, bu da 9 il əvvəlki vəziyyətlə eynidir. Bu mənada 9 il geriyə gedilib. İşsizlik və inflyasiyaya aid rəqəmlərə isə istər-istəməz etibar etmək olmur.

Milli valyutanın 2 il ərzində 150 faiz devalavasiyaya uğradığı bir idxal iqtisadiyyatında 2 ilin cəmində 20 faiz inflyasiya qeyd olunması heç cür məntiqli görünmür. İşsizlik rəqəmləri isə bir neçə ildir ki, heç dəyişmir, 6 faiz ətrafında olur. Onlarla bankın bağlandığı, kütləvi ixtisarların olduğu, sosial müdafiə fondunun insanlara işsizlik müavinətlərini verə bilmədiyi və ya gecikdirdiyi bir iqtisadiyyatda işsizlik dərəcəsinin dəyişməməsi sadəcə rəqəmlərdə edilən manipulyasiya ilə izah oluna bilər.

Əsas məsələ burdan başladı. 2015-ci ilin fevral ayında Mərkəzi Bankın sədri televiziya müsahibəsində Mərkəzi Bankın devalvasiya etməyəcəyini, buna əsas olmadığını bəyan etdi. İki gün sonra isə ölkədə 30% həcmində devalvasiya oldu. Bu yalanla ölkənin milli valyutasına inam itdi. Bütün əhali qənaətlərini dollara çevirməyə başladı. Beləliklə, Mərkəzi Bankın dollar rezervləri əriməyə başladı. Devalvasiya səbəbindən dollarla kredit götürmüş insanlar kreditlərini geri qaytara bilmədilər, banklar verdikləri kreditləri yığa bilmədilər. Ölkədə iqtisadiyyat idxal üzərinə qurulduğundan və devalvasiya səbəbindən idxalın mahiyyəti artdığından malların qiyməti qalxmağa başladı.

Hər kəs qənaətini artırıb istehlakını azaldaraq pulunu növbəti devalvasiya gözləntisi ilə dollara investisiya etdi. Mərkəzi Bank rezervləri daha da azaldı...

Hər kəs qənaətini artırıb istehlakını azaldaraq pulunu növbəti devalvasiya gözləntisi ilə dollara investisiya etdi. Mərkəzi Bank rezervləri daha da azaldı. Ümumiyyətlə ölkədə istehlak azaldığından və iqtisadi çarxlar dönmədiyindən bir çox iş yerləri və verdikləri kreditləri yığa bilməyən bir çox banklar bağlandı. Devalvasiya, dollarlaşma, inflyasiya, işsizlik və inamsızlıq bir birinə qarışdı.

2015-ci ilin dekabrında daha böyük həcmdə növbəti devalvasiya edildi. Bir ildə manat 100% dəyər itirdi. Hökümət dövlət büdcəsini kiçiltdi, qənaət siyasətinə getdi və bu vəziyyəti daha da pisləşdirdi. Yuxarıda yazılan iqtisadi döngü hal-hazırda da davam etməkdədir, neft qiymətinin yuxarı yöndə stabilləşməsinə baxmayaraq manat 2015-in fevralından bu yana artıq 150% dəyər itirmişdir.

Son 10 ildə bir neçə il iqtisadi göstəriciləri ilə fəxr edən və çox sürətli böyüyən, Avropa Oyunları, Formula 1 kimi tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən, böyük futbol klublarına və futbol turnirlərinə reklamlar verən, Fransada muzey təmir etdirən, Gürcüstanda kilsələrə havayı qaz verən ölkəmiz necə oldu ki, iqtisadi baxımdan belə acınacaqlı vəziyyətə düşdü bəs?

Ölkəmizdə mövcud depressiya üçün əsas səbəb neft qiymətinin düşməsi və düşən neft qiymətləri fonunda hökümətin nəsə etməyə çalışması və elə bu nəsənin də əks təsir göstərib böhranı daha da dərinləşdirməsi oldu. Yəni qısaca hakimiyyət bəlkə də qabaqlayıcı tədbirlər almaq istəyirdi, amma bu tədbirlər iqtisadiyyata neftin qiymətinin düşməsindən daha çox mənfi təsir etdi.

...mənimçün daha maraqlısı Neft Fondunun prezidenti Şahmar Mövsümovun fikirləri idi. O, Azərbaycanda yaxşı iqtisadçıların olmadığını bəyan etdi.

Bir çox dövlət məmurlarının böhranla bağlı fikirləri oldu, mənimçün daha maraqlısı Neft Fondunun prezidenti Şahmar Mövsümovun fikirləri idi. O, Azərbaycanda yaxşı iqtisadçıların olmadığını bəyan etdi. Bu maraqlı idi, mühüm bir iqtisadi institutun başında dayanan şəxs belə bir etiraf edir. Təbii ki, o, istər-istəməz həm özünü həm də iqtisadi idarəetmənin digər başında duranlarını buraya aid edirdi. Əslində bu, ən düzgün fikirlərdən biridir.

Hakimiyyət əslində təbii ki, istəyərdi işlər düzəlsin, sadəcə iqtisadi qərarverici orqanların başında olanlar düzgün iqtisadi vizyonu olan şəxslər olmadığından və problemin diaqnozu düzgün qoyulmadığından problemlər düzəlmək yerinə daha da dərinləşdi. İqtisadi vizyonun olmamasının əsas səbəbi isə ümumiyyətlə bu insanların müasir iqtisadi təhsillərinin və təfəkkürlərinin olmaması, daha doğrusu sovet iqtisadi təhsilindən çıxmalarıdır.

Sovet ölkəsi isə mahiyyət etibarı ilə, bildiyimiz mənada bazar iqtisadiyyatının əsasları nəzərə alınaraq idarə olunmurdu. İqtisadiyyat plan və mühasibatlıq üzərinə qurulmuşdu. Makroiqtisadi təfəkkür orda təbii olaraq yox idi. Artıq 30 ilə yaxındır Sovetlərdən müstəqil olmuş Azərbaycan Sovet iqtisadi təfəkkürü ilə idarə olunur. Əsas rolu iqtisadiyyatda dövlət büdcəsi – dolayısı ilə dövlət oynayır.

İqtisadiyyat dövlət büdcəsinə əsasən idarə olunur, dövlət büdcəsinin həcmi ölkədə iqtisadi hərəkətliliyin yönünü müəyyən edir. Əslində elə depressiyaya qədər Azərbaycanda baş tutmuş yüksək iqtisadi böyümə də, ölkədə edilən devalvasiya da, hal-hazırki depressiya da bu dövlət büdcəsinin əsas alınması iqtisadi modelinin nəticəsidir.

Sovet təfəkkürü dövlətçilik baxımından hər sferada problemlidir, iqtisadi mənada isə bu kollapsdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG