Keçid linkləri

Təcili xəbərlər

NASA Marsın atmosferini bərpa etmək istəyir


Mars magnetic field
Mars magnetic field

NASA hesab edir ki, Mars planeti ətrafında maqnit qalxanı yaratmaqla onun atmosferini və son nəticədə okeanlarını bərpa etmək olacaq.

NASA-nın Vaşinqtondakı baş qərargahında keçirilən Planetary Science Vision 2050 seminarında çıxış edən alim Ceyms Qrin (James Green) qeyri adi ideya irəli sürüb. O hesab edir ki, Marsın ətrafında maqnit qalxanı quraşdırmaqla onun atmosferini bərpa etmək, son nəticədə planeti həyat üçün yararlı hala gətirmək mümkündür.

Qrin deyib ki, Marsla Günəş arasındakı dayanıqlı orbitin üzərində “maqnit qalxanının" quraşdırılması planeti yüksək energetikaya malik günəş hissəciklərindən qorumağa kömək edə bilər.

Bir zamanlar Marsda çoxlu su və qatı atmosfer olub. Ancaq sonradan Qırmızı planet atmosferinin 80-90%-ni itirib. Bu isə öz növbəsində okeanların qurumasına səbəb olub.

Sözügedən qalxan böyük dipoldan ibarət olacaq. Dipol süni maqnit sahəsi yaratmağa qadir olan çox güclü elektrik zənciridir. Məhz onun köməyilə Marsın atmosferi tədricən bərpa olunacaq. Alimin ideyasına görə, bu maqnit qalxanı Marsın özünün vaxtilə mövcud olmuş, ancaq sonradan itirilmiş maqnitosferini əvəz edəcək.

Qrinin Mars L1 adlandırdığı bu "sini maqnitosferin" modeli göstərib ki, bu struktur Marsın ionosferində baş verən eroziyanın qarşısını almaqla bir neçə il ərzində Qırmızı planetdə Yerdəki atmosfer təzyiqinin yarısını əldə etməyə imkan verə bilər. Qatılaşmış atmosfer öz növbəsində planeti günəş küləklərindən qoruyacaq və temperaturu 4 dərəcə Selsi artıracaq. Bu isə Marsın qütblərindəki CO2 buzlarının əriyərək bərk haldan qaz hala keçməsi üçün kifayət etməlidir. Yaranan istixana effekti isə planeti, ən çox da onun ekvator hissəsini, qızdırmağa başlayacaq. Nəticədə planetin qütblərinin altındakı buzlar əriyərək bərk haldan maye hala keçəcək, planet yenidən maye su ilə dolacaq. Beləliklə, 100 ildən sonra Qırmızı planetdə həyat mümkün olacaq.

"Bəlkə də qədim okeanın 1/7-i Marsa qaytarıla bilər", deyə Green bildirib.

"The Independent" nəşri yazır ki, daha əvvəl alimlər Marsda əcayib ilbizlər tapmış və çox qədim zamanlarda planetdə qeyri-adi daşqının baş verdiyini sübuta yetirmişdilər.

Ən son yazılan

XS
SM
MD
LG