Keçid linkləri

Təcili xəbərlər

"Mars şəraitində" kartof yetişdirilib


Alimlər təcrübə apararaq Marsdakı şəraiti imitasiya edən şərtlərdə kartof yetişdiriblər. Beynəlxalq Kartof Mərkəzinin (CIP) yaydığı press-relizdə qeyd edilir ki, təcrübənin nəticələri uğurlu hesab olunub.

Söhbət CIP və NASA aerokosmik agentliyinin ötən ilin fevral ayında Peruda başlamış birgə eksperimentindən gedir. Alimlər ilkin olaraq eksperiment üçün 100 kartof sortu seçiblər. Onlardan 40-ı And dağlarında yetişən və yerli şərtlərə dözümlü olan növləri təmsil edib. Qalan 60 sort minimal miqdarda su və duzlarla həyatda qalmağa qadir olan, viruslara qarşı immunitetə malik genetik modifikasiya edilmiş növlər olub.

Bunun ardınca Perunun Mühəndislik və Texnologiyalar Universitetinin alimləri CubeSat peykinin bazasında xüsusi platdorma yaradıblar. Platformaya içərisində Pampa de la Hoya səhrasından götürülmüş qrunt olan kamera yerləşdirlib. Bu səhra yer üzündə ən quraq yerlərdən biridir. Aqronomlar germetik qurğunun içərisində Mars temperaturunu, atmosfer təzyiqini və havada oksigen və karbon qazlarının müvafiq səviyyəsini təmin ediblər. Torpaq içərisində qidalı maddələr həll edilmiş su ilə qidalandırılıb.

Konteynerin içərisinə qoyulmuş kameranın çəkdiyi kiçik videoyazıdan görünür ki, kartoflar hətta xeyli quru torpaqda və aşağı atmosfer təzyiqində belə cücərməyə və çiçəkləməyə qadirdir. Ancaq yetişdirilmiş kartofun keyfiyyəti və qidaya yararlılığı haqqında heç bir məlumat verilmir.

Mütəxəssislər deyirlər ki, gələcəkdə Marsda məskunlaşacaq insanlar böyük ehtimalla Qırmızı planetdə kartof yetişdirə biləcəklər. Ancaq bunun üçün əvvəlcə torpağı qidalı maddələrlə doydurmaq və yumşaltmaq lazım olacaq. Bu, kök yumrularının kifayət qədər hava və su almasına kömək edəcək. Alimlər kartofun yetişdirilməsi üçün minimal əlverişli şəraiti müəyyən etmək üçün təcrübələri davam etdirmək niyyətindədirlər.

"Marsda kartof" eksperimeti başlayanda alimlər onun nəticələrinin faydalarının nə qədər uzağa gedəcəyini bilmirdilər.

Ancaq indi onlar belə nəticəyə gəliblər ki, bu tədqiqatın bəşəriyyət üçün böyük əhəmiyyəti ola bilər.

2015-ci ildə yer üzündə 795 milyona qədər insanın kifayət qədər qida qəbul etmədiyi bildirilirdi. Bu rəqəm həmin ildən əvvəlki illərə nəzərən geriləməni göstərirdi. BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı iqlim dəyişikliyini gələcək inkişafa əsas təhlükə kimi görür.

Kartof daha isti və daha sıx məskunlaşmış dünyanı qida ilə təmin edəcək ərzaqlar arasında əsas namizəddir. Dözümlü və qidalı bitki olan kartof artıq dünyanın ən çox becərilən qeyri-dənli bitkisidir. Alimlər kartofu gələcəkdə qida təhlükəsizliyini təmin edəcək bitkilərin "yüksək eşalonuna" aid edirlər.

Beynəlxalq Kartof Mərkəzi Aydaho ştatının küləklə sovrulan düzənliklərindən Banqladeşin şoran sahillərinə qədər hər yerdə yetişə bilən 4000 kartof növünün olduğunu bildirir. Onların Marsda da yetişdirilə biləcəyinə ümid var.

Ən son yazılan

XS
SM
MD
LG