Arxasında siyasi sifarişin dayandığı kimsədə şübhə doğurmayan hər həbsdən sonra rejim yanlıları eyni təranələri səsləndirirlər, həmin həbsin siyasi olmadığını ciddi-cəhdlə, artıq hər kəsin əzbərlədiyi cümlələrlə “sübut” etməyə çalışırlar. Bu yaxın-uzaq tarixdəki bütün anti-demokratik rejimlərə xas təcrübədir: onlar həmişə belə hesab ediblər, hələ də belə hesab edirlər ki, bununla kimisə nəyəsə inandırmaq olar.
...hər kəsə gün kimi aydın olan bu repressiv addıma da ənənəvi, şablon, kiflənmiş cümlələrlə tamamilə qeyri-siyasi, tamamilə hüquqi libas biçilirdi. Həm də bilə-bilə ki, onsuz da buna heç kimi inandırmaq mümkün deyil.
Sonuncu dəfə tanınmış blogger Mehman Hüseynovun həbsindən sonra eyni mənzərənin, növbəti oxşar uğursuz cəhdin şahidi olduq. YAP cinahından ard-arda verilən açıqlamalarda hüquqi deyil, siyasi bir qərarla tutuqlandığı hər kəsə gün kimi aydın olan bu repressiv addıma da ənənəvi, şablon, kiflənmiş cümlələrlə tamamilə qeyri-siyasi, tamamilə hüquqi libas biçilirdi. Həm də bilə-bilə ki, onsuz da buna heç kimi inandırmaq mümkün deyil. Çünki istənilən fikrə bir başqasını inandıra bilmək üçün öncə buna özün inanmalısan!
***
Mənə isə həmişə qəribə görünən odur ki, avtoritar rejimlərin həyata keçirdikləri siyasi repressiyaları inadla inkar etməyə, gizlətməyə nə ehtiyacları var axı?! Tuturlar - əcəb edirlər. Bunu onların idarəçilik anlayışı, dünyagörüşü tələb edir. Başqa cür idarə etmək onlar üçün mümkün deyil. Yaxşı, bundan sonra həmin həbslərin siyasi cəza olduğunu malalamaq nəyə lazımdır ki? Niyə bu həbslərin arxasında hər hansı siyasi qisas hissinin olmadığını isbat etməyə, “qanuni don” geyindirməyə çalışırlar? Sanki belə həbslərə, digər repressiya üsullarına əl atdıqlarına görə təpkilər, reaksiyalar onlar üçün çoxmu maraqlıdır, ya da əhəmiyyətlidir?
...demokratiyanın imitasiyası ilə özünə “demokratik imic” yaratmaq istəyən hansı avtoritar hakimiyyət bu günəcən buna nail ola bilib ki, indən sonra da buna ümid edəsən?!
Məsələn, əgər bu, avtoritar rejimlərə özləri haqqında yaratmağa cəhd etdikləri “demokratik imic”i korlamamaqdan ötürü gərəkdirsə, onda da ortaya başqa suallar çıxır. “Demokratik imic” onlar üçün belə önəmlidirsə, daha yeddi dərədən su gətirmək nəyə gərəkdir, olmazmı elə çağdışı, orta yüzillikləri andıran idarəçilik anlayışından biryolluq imtina edilsin? Yoxsa, demokratiyanın imitasiyası ilə özünə “demokratik imic” yaratmaq istəyən hansı avtoritar hakimiyyət bu günəcən buna nail ola bilib ki, indən sonra da buna ümid edəsən?!
Hə, əlbəttə, onu da yaxşı başa düşürük ki, anti-demokratik idarəçilikdən imtina avtoritar rejimlər üçün oturduğu budağı baltalamaqdan başqa bir şey deyil. Amma, ancaq və lakin! Bütün hallarda bir yandan öz hakimiyyətinin təhlükəsizliyini və uzunömürlülüyünü təmin etmək niyyəti ilə kütləvi siyasi repressiyalarla toplumda qorxu hissini gücləndirməyə çalışıb, o biri yandan dünyaya özünü “insan hüquqlarına və azadlıqlarına sadiq, sayğılı” obrazda təqdim etmək cəhdi arasındakı incə təzadın sirrini öyrənmək bizim də haqqımızdır.
Axı nəyin kompleksidir bu?
Və nə ehtiyac var axı buna?
Maraqlıdır, çox maraqlıdır.
***
Və sonda.
Sözdə deyil, əməldə hüquqi-demokratik dövlət olmağın çoxlu üstünlükləri, qazancları var... Mən sadəcə, mövzumuzla bağlı iki faydasını anladacam.
Sözdə deyil, əməldə hüquqi-demokratik dövlət olmağın çoxlu üstünlükləri, qazancları var. Hamısını saymaq fikrində deyiləm və heç buna ehtiyac da yoxdur.
Mən sadəcə, mövzumuzla bağlı iki faydasını anladacam.
BİR: Hüquqi-demokratik dövlətdə hər dəfə kimisə, absurd ittihamlarla həbs etməyə, ya da başqa formada cəzalandırmağa, sonra da bu həbsi siyasi deyilmiş kimi qələmə vermək üçün əziyyət çəkməyə, min dərədən su gətirməyə ehtiyac qalmır.
İKİ: Ümumiyyətlə, hüquqi-demokratik dövlətdə də həbs yolu hər kəsin üzünə açıqdır, sadəcə, orada nə bir insan həbs ediləndə adamların ağlına onun hansı ictimai və siyasi fikir daşıyıcısı olduğu, məhz bu fikirlərinə görə haqsız mühakimə edilə biləcəyi gəlir, nə də hakimiyyət həmin həbsin siyasi sifariş olmadığını sübut etmək üçün dəridən-qabıqdan çıxmaq gərəyi hesab edir. Çünki verilən cəzanın arxasında törədilmiş suç dayanır.
Bir sözlə, hansı üzünə çevirirsən çevir, ən gözəl olan da, ən rahat, qulağıdinc olan da sadəcə və sadəcə hüquqa söykənmək, yalnız və yalnız hüquqi-demokratik dövlətə iman gətirməkdir.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.