İraqın Mosul şəhərində "İslam Dövləti"nin qazdığı tunellərdə unikal sərvətlər aşkar edilib. Arxeoloqlar Assuriya çarlığının ən yüksək çiçəklənmə dövrü olan eramızdan əvvəl 7-ci əsrə aid qədim heykəllər, barelyeflər və mixi yazılar tapdıqlarını bildiriblər.
Bundan əvvəl arxeoloqlar Yunis peyğəmbər məscidinin altında qədim məbədin olduğunu güman edirdilər. Tale elə gətirdi ki, terrorçular onların bu gümanını təsdiq etdi. Alimlər ümid edirlər ki, yeraltı keçidlər uçana qədər saray və qədim artefaktları xilas etmək mümkün olacaq.
Mosulun Əntiq Əşyalar İdarəsinin rəhbəri Faleh əl-Şumari (Faleh al-Shumari) deyir ki, idarə əvvəl 1990-cı illərdə, və daha sonra 2004-2005-ci illərdə bu ərazidə qazıntı işləri aparıb. Ancaq sonradan vəsait çatışmazlığı və təhlükəsizliklə bağlı qazıntılar dayandırılıb.
"Bu artifaktlar dərhal qazılaraq yerin altından çıxarılmalı, vəziyyət imkan verən kimi təhlükəsiz yerə, məsələn, Bağdad Muzeyinə ... daşınmalıdır", - o deyir.
Çox güman ki, islamçılar uçurmaq üçün onların altından tunellər qazarkən təsadüfən bu qədim abidələri aşkar ediblər.
Mosul muzeyinin sabiq kuratoru Layla Salih terrorçuların tunellərdəki heykəl və barelyeflərə toxunmamasına təəccüblənir. Axı terroçular muzeyin ekspozisiyasında olan ən qiymətli abidələri tamamilə məhv ediblər.
İslamçılar tapılmış artefaktları terror əməliyyatlarının maliyyələşdirilməsi üçün satmaq istəyirdilər. Onların bir qismini ölkədən çıxararaq satmağa nail olublar. Digər eksponatların əhəmiyyətini isə dəyərləndirə bilməyiblər. Məhz buna görə də Assuriya çarlığı dövrünə aid qanadlı öküz barelyefləri və üzərində mixi yazılar olan daşlara toxunulmayıb.
Ancaq tunellər uçmağa meyllidir. Bu isə artifaktların çıxarılmasını çətinləşdirir.
Şumani deyir ki, 2014-cü ilin iyununda Mosulu ələ keçirmiş İŞİD 2015-ci ilin fevralında şəhər muzeyində qorunan artifaktları tamamilə məhv edib, ya da talayıb. Ancaq sözügedən bina salamat qalıb və burada terrorçu qruplaşmanın polis idarəsi yerləşib.
İŞİD-in ideologiyasına görə, bütün bütlər dağıdılmalıdır. Onun qiymətli tarixi abidələri, qədim binaları, dini məbədləri məhv etməsi ölkələrinin zəngin tarixi irsi ilə fəxr edən iraqlıları çox incidir. İraq bəşər sivilizasiyasının beşiklərindən biri hesab edilir.
Sözügedən ərazidə həmçinin e.ə. VII əsrdə dövləti idarə etmiş Assuriya kralı Esarhaddonun sarayının qalıqlar var. Bu abidə də Nabi Yunis məbədinin altında aşkar edilib.
Salih tunellərdə alimlərin lammasu kimi tanınan qanadlı heykəllərin qalıqlarını tapdıqlarını deyir.
İki il öncə İŞİD əllərində iri külünglər olan kişilərin Mosul Muzeyində qədim incəsənəd abidələrini dağıtmasını əks etdirən video yaymışdı. Ancaq sonradan İraq rəsmiləri həmin muzeydəki heykəllərin çoxunun kopiya olduğunu, orijinal heykəlllərin təhlükəsizlik üçün Bağdada göndərildiyini bildirmişdilər.
Videoda görüntülənən silahlılardan biri belə deyir:
"Allah-taala bizə bu heykəlləri, büt və qədim əşyaları dağıtmağı əmr edirsə, hətta onların dəyəri milyardlarla dollar olsa belə biz bunu etməliyik".
Ancaq İŞİD silahlıları heç də həmişə belə prinsipial mövqe tutmayıblar.
İki il öncə FTB incəsənət kolleksiyaçılarına və dəllallarına müraciət edərək onları terrorçu qrupun bazara çıxara biləcəyi, Suriya və İraqın tarixi arxeoloji yerlərindən oğurlanmış abidələrə diqqət etməyə çağırmışdı.