BİR SƏFƏRİN İZİLƏ...
Ötən həftənin axır günlərində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya daha bir səfər etdi. Mübaliğəsiz demək olar ki, indi diqqət mərkəzində olan, siyasi təhlilçilər tərəfindən ən çox çözülən olaylardan biri də məhz budur.
İlk öncə onu demək lazımdır ki, məşhur təyyarə olayından sonra Türkiyə-Rusiya əlaqələri nə qədər soyumuşdusa indi bir o qədər hərarətləşməkdə və isti fazaya keçməkdədir.
Səbəblər çoxdur. İlk öncə onu demək lazımdır ki, məşhur təyyarə olayından sonra Türkiyə-Rusiya əlaqələri nə qədər soyumuşdusa indi bir o qədər hərarətləşməkdə və isti fazaya keçməkdədir.
Üstəlik, Türkiyənin ABŞ-la, xüsusən də Avropa ilə son vaxtlarda münasibətlərinin soyuması, Rusiya siyasət adamlarının hətta Türkiyənin gələcəkdə NATO-dan çıxacağı haqdakı bəyanatları bölgənin geosiyasi arxitekturasında yeni bir üçbucağın, Türkiyə-Rusiya-İran üçlüyünün yaranacağı barədə müəyyən mülahizələrə yol açır.
Ona görə də çox maraqlıdır ki, görən, Türkiyə-Rusiya münasibətləri hara qədər inkişaf edəcək? Bütün bunlara bir-iki cümlə ilə toxunacağıq, amma bizim üçün başqa bir məsələ də önəm kəsb edir ki, bu da Rusiya-Türkiyə münasibətləri konteksində çözülə bilən Qarabağ problemidir...
BİR HƏFTƏLİK İŞ OTUZ İLLİK ƏZABA ÇEVRİLİB...
Etiraf etmək lazımdır ki, azərbaycanlılar səfərdən hər şeydən əvvəl ötən ilki gurultulu vədlərin – Minsk Qrupu həmsədrlərinin və eləcə də Rusiya rəhbərlərinin Türkiyənin də Dağlıq Qarabağ probleminin həllinə daha yaxından cəlb ediləcəyi haqda dediklərinin təsdiqini, Ərdoğanın hələ ötən il Sankt – Peterburq görüşündə problemin çözülməsi üçün Rusiya-Türkiyə-Azərbaycan müştərək strukturunun təsis edilməsi haqqındakı təklifinin inkişafını gözləyirdi.
Nə siyasi dövriyyədəki “Lavrov-Putin” planı gerçəkləşdi, nə də ki, Türkiyə prosesə yaxından cəlb olundu.
Çox təəssüf ki, ötən il onların heç biri doğrulmadı. Nə siyasi dövriyyədəki “Lavrov-Putin” planı gerçəkləşdi, nə də ki, Türkiyə prosesə yaxından cəlb olundu.
Əvəzində isə münaqişə bölgələrindəki onsuz da kövrək olan atəşkəs rejiminin pozulması daha intensiv xarakter aldı, lokal hərbi insidentlərin genişlənərək irimiqyaslı əməliyyatlara transformasiya edilməsi ehtimalı artdı.
Digər təfərrüatlar hamıya yaxşı bəllidir. Bəlli olmayan və hələ də cavabsız qalan suallardan biri isə budur ki, görən, Azərbaycanın həm öz dostu, həm də dostunun dostu olan Rusiya nədən Qarabağ probleminin həllini gerçəkləşdirmək istəmir? Axı Rusiya siyasətçiləri dəfələrlə bəyan ediblər ki, probleminin həlli bircə həftəlik işdir! Niyə bircə həftəlik iş az qala otuz illik əzaba çevrilib?..
Görüşdən səslənən xəbərlərdən məlum oldu ki, Ərdoğan-Putin dialoqunda həm də Qarabağ probleminə toxunulub. Türkiyənin prezidenti bir daha Sankt-Peterburqdakı təklifini, Azərbaycan-Rusiya-Türkiyə müştəırək qurumunun yaradılmasını bir daha dilə gətirib. Amma güman etmirəm ki, bu təklifə Rusiyanın müsbət cavabı olsun.
Rusiya keçmiş sovet məkanını hamıya qısqanır və onu heç kimlə bölüşmək istəmir. Elə yeni ABŞ administrasiyasından da Rusiyanın əsas gözləntilərindən biri də bununla bağlıdır...
Ona görə ki, Rusiya keçmiş sovet məkanını hamıya qısqanır və onu heç kimlə bölüşmək istəmir. Elə yeni ABŞ administrasiyasından da Rusiyanın əsas gözləntilərindən biri də bununla bağlıdır – ümid edirlər ki, dünyanın “yeni bölgü”sündə keçmiş sovet məkanı da onların payına düşəcək...
O üzdən çox da optimist deyiləm. Burada başqa bir məsələ də var. Türkiyə, Rusiya və İran Qafqaz və Mərkəzi Asiya bölgəsində nə qədər “böyük dostlar”dırsa, bir o qədər də böyük rəqibdirlər, özü də tarixən rəqibdirlər, çünki hər biri öz təsirini bu bölgələrə yaymağa çalışır.
Ona görə də Türkiyənin də Qarabağ probleminin çözümünə cəlb edilməsi nə qədər məntiqli və arzuolunan görünsə də bir o qədər real deyil. Özü də bu, təkcə Yerevanın məsələyə münasibətilə bağlı deyil. Əsas problem oldur ki, Rusiya heç bir halda Qafqaz məkanını Türkiyə ilə bölüşməz.
ANKARA QƏRBDƏN QOPARSA...
İndicə adını çəkdiyim üç dövlətin – Türkiyənin, Rusiyanın və bir də ki, İranın fərz olunan regional geosiyasi koalisiyasının yaranmasına gəldikdə isə nə qədər təəccüblü olsa da, Rusiya və İran bunda maraqlı görünürlər. Məsələ bundadır ki, bu iki dövlətin Qərblə böyük problemləri var və düşünürlər ki, əgər Ankara Qərbdən qopsa, sonuncu regionda çox zəifləyəcək.
...görən, Ərdoğan Türkiyəni daha haralara aparacaq, haralara, hansı ittifaqlara sürükləyəcək?..
Çox təəssüf ki, Türkiyənin də Qərblə müəyyən problemləri yaranmaqdadır. Özü də bu daha çox bir hakimiyyətlə, hakim partiyanın siyasi ambisiyaları ilə bağlıdır. Tez-tez özümüzə sual verir və düşünürük ki, görən, Ərdoğan Türkiyəni daha haralara aparacaq, haralara, hansı ittifaqlara sürükləyəcək?..
Yaxınlarda Vladimir Jirinovski bildirmişdi ki, onunla söhbətdə Ərdoğan Türkiyənin NATO-dan çıxacağını demişdi. Bəli, demək olar ki, Vladimir Volfoviç özünün növbəti çərənləməsini edir və buna fikir vermək gərək deyil.
Doğrusu, Jirinovskinin dediklərinə mən də şübhə edirəm. Digər tərəfdən də Ərdoğanın hər gün dediklərinə, xüsusən də onun ABŞ və Avropa ölkələriilə bağlı NATO üzvü olan ölkənin lideri üçün xarakterik olmayan bəyanatlarına diqqət edəndə düşünürəm ki, niyə də olmasın? Bir daha deyirəm ki, Ərdoğan ABŞ və ya Avropa haqqında elə açıqlamalar verir ki, bunları NATO üzvü olan ölkənin liderindən eşitmək ən azı təəccüb doğurur...
BİR GÜN EŞİTSƏK Kİ...
Ona görə də istisna etmirəm ki, bir gün Türkiyənin hətta NATO-dan çıxması da reallaşa bilər – özü də Ərdoğanın sayəsində! Bir baxın, o artıq əsas məqsədini – Türkiyədə prezident respublikasının qurulmasını reallaşdırmaqdadır.
Bunu bir neçə dəfə obrazlı şəkildə, məcazi mənada “səssiz çevriliş”, hətta “konstitusion çevrilıiş” adlandırmışam. Türkiyə tarixində bir neçə dəfə hərbi elita hakimiyyətə gəlib, ali icra hakimiyyətinin səlahiyyətləri artırılıb, digər hakimiyyət qollarının səlahiyyətlərisə məhdudlaşdırılıb.
İndi Ərdoğan özünün əsas arzusuna çatarsa, referendumda onun istəyinə “hə” deyilərsə, onda ölkədə sərt prezident idarəçiliyi bərqərar olacaqdır, ali icra hakimiyyətinin səlahiyyətləri artacaqdır.
İndi Ərdoğan özünün əsas arzusuna çatarsa, referendumda onun istəyinə “hə” deyilərsə, onda ölkədə sərt prezident idarəçiliyi bərqərar olacaqdır, ali icra hakimiyyətinin səlahiyyətləri artacaqdır. O üzdən buna bir daha “səssiz çevriliş” deyirəm.
Təbii ki, bu heç də klassik mənadakı “çevriliş” anlamına gəlmir. Söhbət referendumla ölkənin konstitusion əsasların dəyişdirilməsindən gedir və hər şey Türkiyə cəmiyyətinin iradəsindən asılıdır – yekun sözü yenə məhz onlar deyəcəklər və necə deyər, onlara xoşdursa, bizə də xoşdur...
Bəlkə başqa cür – “səssiz kollaps” da demək olardı buna, çünki ehtimal edirəm ki, bu həm də demokratiyanın kollapsı olacaqdır, çünki prezident respublikasına çevriləcək Türkiyənin indiki parlament respublikasından daha demokratik olacağı məndə böyük şübhə doğurur.
Hətta düşünürəm ki, Türkiyə cəmiyyətinin böyük kəsimi fərqinə varmadan, məsələlərin mahiyyətinə dərindən getmədən indiki iqtidara dəstək verir. İnsanların bir qisminin, özü də böyük qisminin Ərdoğana simpatiyası var və ona inanır, dəstək verirlər. Təəssüf ki, Ərdoğan da bundan bir qədər sui-istifadə edir. Elə o üzdən də düşünmürəm ki, prezident idarəçiliyinə keçid bu ölkə üçün daha effektli olacaqdır. Sadəcə, bu da bir siyasət məsələsidir – siyasətçilər hər şeydən çox böyük səlahiyyətləri və hakimiyyəti sevirlər...
Ona görə də bir gün eşitsək ki, Türkiyə NATO ilə də vidalaşıb, qətiyyən bundan təəccüblənmərik...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.