Əgər iqlim dəyişiklikləri nəzəriyyəsinə inansaq, Yer kürəsindəki səhralar iqlim və geoloji proseslər nəticəsində yaranıb. Lakin təbiətin sirlərini araşdıran alimlər buna o qədər də inanmırlar.
Seul universitetində çalışan geoloq Devid Rayt (David Wright) Saxara səhrasının yaranması ilə bağlı unikal bir fərziyyə irəli sürüb. Apardığı araşdırmalardan mütəxəssis belə bir qənaətə gəlib ki, Saxara səhrası iqlim dəyişikliyi nəticəsində yaranmayıb. Daha dəqiq desək, yalnız iqlim dəyişikliyi nəticəsində deyil, həmçinin insanların fəaliyyəti nəticəsində səhraya çevrilib.
Alimin sözlərinə görə, insan bu səhranın yaranışında başlıca yeri tutan amillərdən biri ola bilər. Arxeoloji məlumatlar da bunu deməyə imkan verir. Belə ki, bu ərazidə yaşayan insanlar səhra formalaşana qədər ev heyvanlarını saxlamağa başlayıblar.
Alim, səhra ərazisində pastoralizmin yaranmasını göstərən dəlilləri analiz edərək, onları kol bitkiləri üçün xarakterik olan meşə-çöllüklə müqayisə edib. Rayt müəyyən edib ki, təxminən on min il əvvəl Nil çayı ətrafında olan ərazilərdə ilk kəndli tipli qəbilələr yaranıb, məhz bu vaxtdan sonra da iqlim dəyişiklikləri müşahidə edilib.
Mütəxəssisin araşdırmalarına görə, ev heyvanları məhz yaşıllıqların yoxa çıxmasına və albedonun artmasına gətirib çıxarıb. Albedo – yerin səthində əks olunan günəş işığının həcmidir. Bu da öz növbəsində yerli ərazinin iqliminə təsir göstərərək yağışların daha az yağmasına və nəticə etibarı ilə səhranın formalaşmasına gətirib çıxarıb.