Harvard Universitetinin Smitson Mərkəzinin (Smithsonian Center) alimləri kosmik məkandan yerə çatmış sürətli radiosiqnalların başqa qalaktikada olan yadplanetlilərin kosmik gəmisindən gəldiyini ehtimal edirlər. Alimlərin bu nəzəriyyəsi elmi dairələrdə çox da populyar olmasa da, onlar onu ciddi araşdırmalarla möhkəmləndirmək niyyətindədirlər.
2007-ci ildə başlamış müşahidə dövründə alimlər 20-yə qədər qısa radiosiqnal qəbul ediblər. Onların hər biri cəmi bir neçə millisaniyə davam edib. Müddətindən fərqli olaraq, radiosiqnalların enerjisi son dərəcə yüksək olub. Bu səslərin qaynaqlandığı istiqaməti də təxmini müəyyən etmək mümkün olub. Səslər Günəş sistemindən milyardlarla işıq ili məsafədə yerləşən qalaktikaların birindən gəlir.
Harvard Universiteti və Harvard Smithson Astrofizika Mərkəzinin iki alimi, Avi Loeb və Manasvi Lingamın irəli sürdüyü ehtimala görə, siqnalın mənbəyi yadplanetlilərin xüsusi mayakları, yaxud kosmik gəmilərinin işıq yelkənləri ola bilər. Alimlər elm üçün çox qeyri-adi görünən bu versiyanı hesablamalarla sübuta yetirmək niyyətindədirlər. Onlar bu tədqiqata dair məqalələrini "The Astrophysical Journal Letters" jurnalında dərc etdiriblər.
Onlar hesablayıblar ki, siqnalın yaranması zamanı ayrılan nəhəng enerjiyə baxmayaraq, onun qaynaqlandığı konstruksiya bu enerjidən məhv olmaya da bilərdi. Onlar müəyyən ediblər ki, belə bir siqnalı verə biləcək süni mənbənin yaradılması üçün fiziki məhdudiyyət mövcud deyil. Həmin aparat Yer kürəsindən iki dəfə böyük olmaldır.
Elm ictimaiyyəti belə nəzəriyyələrə ehtiyatla yanaşır. "Nə qədər olmasa astrofizika mühitində sürətli radiosəslərin yerdənkənar sivilizasiyalara aid olması fikri marginal sayılır", Moskva Dövlət Universitetinin Dövlət Astrofizika İnstitutunun elmi işçisi və ictimaiyyət arasında astronomiyanın populyarlaşdırılması ilə məşğul olan Anton Biryukov deyir.
"Bu hadisələrin təbii mənşəyi, məsələn, güclü maqnit sahələri olan neytron ulduzlar barədə nəzəriyyələr bitməmiş bu barədə danışmaq bir növ qeyri-ciddidir", deyə alim əlavə edib. Biryukovun sözlərinə görə, Amerika alimlərinin əsas məqsədi Breakthrough Foundation layihəsi üçün dəstək qazanmaqdır. Bu layihə işıq yelkəni olan gəminin ən yaxın ulduza göndərilməsinin mümkünlüyünü tədqiq etmək üçün nəzərdə tutulub.