C vitamini soyuqdəymədən qoruyan vasitə kimi tanınır. Məlum olub ki, o, həm də orqanizmin istənilən yerində, istənilən inkişaf səviyyəsində olan xərçəngə qarşı effektiv, ucuz və təhlükəsiz vasitə ola bilər.
Alimlər apardıqları yeni tədqiqatda C vitamini, habelə başqa eksperimental dərman vasitələri və təbii maddələrin xərçəng hüceyrələrinin böyüməsinə təsirini öyrəniblər. Məlum olub ki, C vitamini nəinki xərçəng hüceyrələrini öldürməyə qadirdir, hətta eksperimental dərmanlardan 10 dəfə daha effektivdir.
Tədqiqatın nəticələri "Oncotarget" jurnalında dərc edilib. Mançesterdəki Salford Universitetində aparılmış tədqiqatın rəhbəri doktor Qloria Bonuçellidir (Gloria Bonuccelli).
Xərçəngə qarşı standart preparatlar xoşagəlməz yan effektlərə malikdir. Onlar immun sistemini məhv edir, həzm sistemini pozur, allergik reaksiyalar yaradır, qanaxmalara və hətta ölümə yol açır. Ancaq C vitamini təhlükəsizdir.
Mütəxəssislər xərçəng hüceyrələrində C vitamininin iştirakı ilə qlikoliz prosesini (qlükoza molekulunun enerji ayrılması ilə müşayiət olunan parçalanması) araşdırıblar. Məlum olub ki, C vitamini xərçəng hüceyrələrinin mitoxondriyalarında qlükozanın adenozintrifosfata (ATF) çevrilməsinin qarşısını almağa qadirdir. Mahiyyət etibarilə bu, xərçəngi energetik dəstəkdən məhrum edərək onun böyüməsinin qarşısını alır və hətta böyümə prosesini geriyə çevirirdi.
Nəticələri 2016-cı ilin dekabrında "Redox Biology" jurnalında dərc edilmiş başqa bir tədqiqat zamanı isə alimlər yüksək dozada C vitamininin (askorbat) xərçəng hüceyrələrini öldürdüyünü müəyyən ediblər. Ayova Universitetinin Tibb Xidməti mərkəzinin mütəxəssisləri aşkar ediblər ki, C vitamininin parçalanması nəticəsində hidrogen peroksid yaranır, o isə öz növbəsində toxuma və DNT-ni zədələyir. Tədqiqatın nəticələrinə görə xərçəng hüceyrələri hidrogen peroksidə normal hüceyrələr kimi müqavimət göstərə bilmir. Beləliklə də xərçəng hüceyrələri yüksək dozada C vitamini qarşısında zədələrə və ölümə həssasdırlar.
Yeri gəlmişkən, C vitaminini ilk dəfə Amerika biokimyaçısı Linus Pauling xərçəngə qarşı vasitə kimi sınaqdan keçirib. O, bu kəşfinə görə Nobel mükafatına layiq görülüb. O, xərçənglə mübarizə aparmaq üçün nəhəng həcmdə (sutkada 10 000 milliqram, ancaq günlük norma 100 vahidi keçməmək şərtilə) preparatı vena daxilinə yeridirdi.