Keçid linkləri

Təcili xəbərlər

Britaniya alimləri: naviqator beyinə təsir edirmiş


Britaniya alimləri müəyyən ediblər ki, insan getdiyi yolu naviqatorun köməyilə tapmağa üstünlük verəndə onun beyninin müvafiq mərkəzi sönür.

N+1 yazdığına görə, London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, naviqatordan istifadə insanın məkanda orentasiya bacarığını unutmaına yol açır.

Mütəxəssislərin fikrincə, naviqatorlardan həddindən çox istifadə hippokampusu "söndürür". Hippokampus insan və heyvanların beynində ətraf mühit və məkanla bağlı məlumat formalaşdıran hissədir.

Alimlər 24 könüllüyə Londonun Soho rayonunun virtual simulyasiyasında bir neçə marşrutla yol getməyi təklif ediblər. Təcrübə iştirakçılarının yol seçmək üçün bir neçə variantı olub. Təcrübə zamanı MRT (maqnit-rezonans tomoqrafiyası) aparatında iştirakçıların beyinlərinin skanlaşdırılması həyata keçirilib.

Eksperiment zamanı iştirakçılar yolu hər hansı bir cihazın köməyi olmadan, sərbəst şəkildə tapanda hipokampus və korteksin (beyin qabığı) prefrontal hissəsində fəaliyyət qığılcımları qeydə alınıb. İştirakçılar naviqatorların köməyindən istifadə edəndə isə bu mənzərənin əksi müşahidə olunub.

Əldə olunmuş məlumatların təhlili göstərib ki, sağ hipokampusun arxa hissəsi yolun mümkün variantlarındakı dəyişiklikləri izləyir. Sağ hipokampusun ön hissəsi isə məsafəni hesablamağa cavabdehdir.

Bu nəticələr London Universitet Kollecinin neyrobioloqlarının bundan öncə apardığı araşdırmanın nəticələri ilə üst-üstə düşür. Həmin araşdırma nəticəsində sübut olunmuşdu ki, London taksiçiləri şəhərin küçə və gəzməli yerlərində hərəkət istiqamələrini öyrəndikləri zaman onların hipokampusu genişlənir.

"Nəticələr göstərir ki, GPS-in göstərişlərinə əməl etmək də zəhmət tələb edən iş olsa da, yolu sərbəst şəkildə tapmaq qədər zəhmətli deyil", tədqiqatın əsas müəllifi, - Britaniyanın Kent Universitetinin neyrobioloqu Amir-Homayoun Javadi deyir.

Javadinin sözlərinə görə, bu, insanların yolu tapmaq qabiliyyəti get-gedə daha da zəiflədəcək.

Ancaq yol tapmaq üçün cihazılara müraciət etməyin nəticələri heç də həmişə mənfi deyil. Bu zəhmətli vəzifənin cihazlara həvalə edilməsi nəticəsində azad edilmiş əqli resurslar başqa məqsədlər üçün istifadə oluna bilər.

Əslində, smartfonlarla böyüyən uşaqlarda ətraf mühitdə yollarını təbii, sərbəst şəkildə tapmış və məlumatları internetdən yox, yadında saxlamaqla əldə etmiş nəsillərdən fərqli bacarıqlar inkişaf edə bilər.

Javadinin sözlərinə görə, bugünkü uşaqların təkcə hipokampusu yox, bütün beyni fərqli inkişaf edir. "Beyin müxtəlif mühitlərə, ehtiyac və imkanlara adaptasiya etmək üçün davamlı olaraq dəyişir. Təsəvvür edin ki, həmin mühit, ehtiyac və imkanlar onların doğulduğu vaxtdan bəri tamamilə dəyişib", - alim deyir.

XS
SM
MD
LG