Texnologiyanın inkişafı insanların həyatını bir çox cəhətdən asanlaşdırsa da, özüylə qorxular da gətirib.
Bir çox insanlar süni intellektli cihazlar üzündən işini itirə biləcəyindən qorxu və narahatlıq keçirirlər. Beylor Universitetinin tədqiqatçılarının apardığı yeni araşdırma bunu deməyə imkan verir.
Texnofoblar robotlardan, süni intellektdən və anlamadqıları yeni texnologiyadan qorxanlardır. Onlar texnologiyanın inkişafıyla işlərini itirməkdən, gələcəkdə yetərincə pul qazana bilməməkdən digərlərinə nisbətən üç dəfə çox narahatlıq keçirirlər.
Araşdırmaya 1541 iştirakçı qatılıb. İştirakçılar araşdırmaçılara özlərinin fobiyaları, narahatlıqarı, iş və yuxu rejimləri barədə danışıblar. Məlum olub ki, onların 95 faizi narahatlıq və emosiyalarını cilovlaya bilmirlər. Texnofoblar tez-tez nəsə pis bir şey olacağından qorxurlar. Onlar bu qorxunu digərlərindən 76 faiz daha çox yaşayırlar.
Tədqiqatçılardan sosioloq Pol Makklur (Paul McClure) bildirir ki, bəzi peşələrdə çalışan insanlar işlərini özləriylə müqayisədə daha ucuz və daha uzun çalışa biləcək robotlara, proqamlara uduzmaqdan yetərincə qorxurlar. O, gələcəkdə bu səbədən işlərindən çıxanlar arasında böyük bir sosial rahatsızlıq yarana biləcəyini də vurğulayır.