Almaniyada günəşli günlərin sayı çox deyil. Ona görə də, Köln şəhəri yaxınlığında yerləşən Alman Aerokosmik Mərkəzi (DLR) bərpaolunan enerji mənbələrinin öyrənilməsinə kömək etmək üçün dünyada ən böyük süni günəşi - günəş simulyatorunu yaradıb. Hündürlüyü üçmərtəbəli bina boyda olan "Synlight" adlı elektrik "günəş"dən müxtəlif tədqiqat layihələrində, o cümlədən günəş işığının köməyilə hidrogen yanacağının əldə edilməsi layihələrində istifadə ediləcək.
Günəş ən mühüm potensial enerji mənbələrindən biridir. Ancaq bu potensialdan istifadə üçün yeni texnologiyaların işlənib hazırlanması çətin ola bilər. Belə ki, günəş bir qədər "kaprizli" enerji mənbəyidir. O, gecələr işıq saçmır, buludlu günləri sevmir, dünyanın bəzi yerlərində isə ümumiyyətlə bir neçə ay göy üzündə görünmür.
Alman alim və mühəndisləri günəşi əvəz edə biləcək və daim nəzarətdə olan etibarlı vasitəni təmin etmək üçün laboratoriya işləri üçün nəhəng süni günəş yaradıblar. Yeni qurğu parabolik əksetdirici kimi işləyir.
Adətən projektorlarda güclü işıq mənbəyi parabolik əksetdiricidən əks olunaraq fokusa toplanır. "Synlight"ın özü nəhəng paraboladır. O, 149 ədəd 7 kilovatlıq qövsvari ksenon lampadan ibarətdir. Bu lampaların işıq saçma gücü hər kvadrat metrə 11 Meqavattdır. Onların işığı üç sınaq kamerasında sahəsi 20 x 20 santimetr olan bir yerdə fokuslana bilir. Cihaz maksimal həddə kökləndikdə 320 kilovat güc və 3000 dərəcə Selsi temperatur təmin edə bilir. Qeyd edilir ki, "Synlight" yer səthindəki günəş radiasiyasından 10 min dəfə güclü işıq verməyə qadirdir.
Günəş işığının təsiri ilə hidrogenin əldə edilməsi prosesinin araşdırılması üçün belə güc zəruridir. Hidrogen yandığı zaman özündən sonra ancaq su buxarı qoyur. Buna görə bir çoxları ona gələcəyin "yaşıl" yanacağı kimi baxırlar. Ancaq onun istehsalı külli miqdarda enerji tələb edir. Bu enerji isə adətən faydalı qazıntıların yandırılması hesabına əldə edilir.
Alman Aerokosmik Mərkəzi ümid edir ki, "Synlight" alimlərə günəş enerjisinin köməyilə suyun hidrogen və oksigenə parçalanmasının daha effektiv üsulunu tapmağa kömək edəcək. Buna bənzər üsullar arıq laboratoriya şəraitində sınaqdan keçirilib. Ancaq onların miqyasını arırmaq hələlik mümkün olmayıb.
Süni günəşin ümumi dəyərinin 3,5 milyon avro olduğu bildirilir.
Yeni yaradılmış qurğu hava şəraitindən asılı deyil. Alimlər bu simulyatorun günəş enerjisi istehsalı sahəsində inkişafı sürətləndirəcəyinə ümid edirlər.
Almaniyanın ekologiya naziri Yoxan Remmel (Johannes Remmel) deyib ki, mövcud enerji texnologiyalarının genişləndirilməsi bərpa oluna bilən enerji hədəflərinə çatmaq yolunda mühüm mərhələdir.
“Unikal texnologiyalar və Synlight kimi qlobal layihələrə sərmayə qoyulmasa enerjinin keçid prosesi zəifləyər", deyə nazir bildirib.
“Bərpa olunan enerji növləri gələcəkdə dünyanın enerji təminatının əsas hissəsini təşkil edəcək", - Alman Aerokosmik Mərkəzinin idarə heyəinin üzvü Karsten Lemmer deyib.
Ancaq alimlər hidrogenin problemsiz olmadığını da etiraf ediblər. Hidrogenin bərpaolunan mənbələrdən əldə edilmiş karbon monoksidi ilə qarışdırılması nəticəsində aviasiya sahəsi üçün ekoloji təmiz kerosin əldə etmək mümkün olacaq.