Keçid linkləri

“Alatoranda yazılanlar”a söz ardı...

Cəmiyyətdə həm inkişafın doğulması, həm də problemlərin yaranması əsasən iqtisadi, sosial və siyasi amillərdən asılı olur. Lakin bu faktorların təsiri altında həm də millətin hansısa düşüncə sistemi formalaşır, cəmiyyətin sosial-psixioloji ovqatı müəyyənləşir, ədəbi hadisələr meydana çıxır. Ədəbi hadisələrin özü ilə bərabər onun təqdimatı da ədəbi zövqü formalaşdırır. Ona görə, cəmiyyət həyatı ilə məşğul olan şəxslərin əsas vəzifələrindən biri toplumun nə ilə nəfəs alması və yaradıcı insanların qələmindən hansı məhsulların çıxdığını daimi təqib etmək olmalıdır. Bu təqibetmə cəmiyyətin nəbzinin necə döyünməsi haqqında təsəvvürlərini dəqiqləşməsinə yardımçı olur. Bu mənada mən tez-tez ədəbiyyat sahəsində imzalarına və şəxsiyyətlərinə hörmətim olan bir çox insanlarla görüşüb ədəbi prosesləri onlardan öyrənməyə çalışıram. Bir çox hallarda ədəbi sahədə informasiya mənbəyi rolunu isə yeni çap olunan kitablardan əldə edirəm. Klassiklərlə yanaşı müasirlərin əsərlərini oxumaqdan zövq alıram. Azərbaycanda ədəbi nəsillər arasında mövcud olan münaqişələrin səbəblərini öyrənməyə çalışıram. Onlar arasında müqayisələr aparmaq və əsərlərinin cəmiyyət həyatının nə dərəcədə özündə inikası olduğunu müəyyənləşdirməyə can atıram.

Roman (xüsusuilə psixoloji romanlar) və povestin uzun zamanımızı alması ilə bərabər, bir çox hallarda qəliz tərcümələr hesabına əsərin leytmotivini müəyyənləşdirməyə çalışmağımızın özü ağrılı bir prosesə çevrilir.

Bunlardan biri yaşca orta nəslə aid olan, lakin gənc ədəbi nəslin parlaq nümunələrindən olan Rasim Qaracadır. Azad Yazarlar Ocağının (AYO) quruculularından olan Rasim Qaracanın ötən ay çapdan çıxardığı “Alatoranda yazılanlar” kitabını oxudum. Kitaba yaxın illərdə (10-15 ildə) çap olunmuş məqalələri və esseləri daxil idi. Etiraf edirəm ki, son illər müəlliflərin nağılvari müsahibəyə bənzər əsərlərdən və uzun romanlardansa, bestselləri və məqalələr toplusu olan kitablardan daha çox maraq göstərirəm. Roman (xüsusuilə psixoloji romanlar) və povestin uzun zamanımızı alması ilə bərabər, bir çox hallarda qəliz tərcümələr hesabına əsərin leytmotivini müəyyənləşdirməyə çalışmağımızın özü ağrılı bir prosesə çevrilir. Yazarların sayagəlməz olması və nəşr olunan kitabların fantastik sayı çağdaş mütaliənin yeni formasını tapmağı zəruri edir. Bu mənada əsərlərdən hasil etdiyimiz qənaətləri bestsellər və esselər daha lakonik formada məzmununu bizə çatdırır. Təbii ki, həmin povestlərin özü hadisələrin əlaqəli təsvirinin daha dərindən dərki baxımından maraqlı olur. Lakin indi elə bir dövrdə yaşayırıq ki, gərək effektiv olmaq üçün zamanımızı daha rasional idarə edək. Ona görə bəzən yeyəcəyimizin yeməyin hazırlanma prosesindən daha çox onun süfrəyə tez daxil olması üçün vaxtımıza qənaət etməyi bacaraq. Bu baxımdan kitabda Rasim Qaracanın “qısa metrajlı filmində” uzun mənalı düşüncələrin yatdığını gördüm. Ona görə kitabı (səh. 421) həvəslə, sürətli və eyni zamanda düşünərək oxuyub tamamladım. Kitabda ən çox bəyəndiyim yazılar var ki, onları təkrar oxumaqdan zövq aldım. Xüsusilə “Yeni əsrin yeni əsərləri”, “Barışmışlar və əyilmişlər“, “Şeytanla əməkdaşlıq“, “Yoxdan varolmanın avantajları”, “Gənc yazarlara 10 məsləhət“, “Xəcalət“ və digərlərini çox bəyəndim. Kitabda diqqətimi çəkən və oxucuya düşünmək üçün xeyli ipucu verən məqamları özüm üçün də dəqiqləşdirdim.

Müəllif təkcə özünün ədəbi düşüncələrini oxucularla bölüşmür. Onunla birgə addımlayan yeni ədəbi nəslin nümayəndələrini çox böyük genişürəkliliklə oxucularına təqdim edir (xüsusuilə Şərif Ağayar, Nərmin Kamal, Seymur Baycan, Günel Mövlud və digərləri). Onların müsbət məziyyətlərini və istedad üstünlüklərini açmağa çalışır. Onların qarşıda hələ çox böyük ədəbi uğurlara imza atacaqları əminliyini cəsarətlə dilə gətirir. Fikrimcə, bu daha çox 60-cılara məxsus olan qısqanclıq hisslərindən fərqli olaraq, postmodernistlərin tamam ayrı formada təqdimat nümunəsinin sığırını açmasının görsənişidir. “Başqalarını böyütməsən, özün böyüyəmərsən” fəlsəfəsinə sadiq qalan müəllif həmkarı ilə rəqabəti yox, əməkdaşlığı təşviq edən yol seçdiyini ifadə edir. AYO ətrafında yeni ədəbi nəsli birləşdirmək missiyasi olan şəxs məhz belə birləşdirici xüsusiyyətə malik olmalıdır ki, çevrə böyüsün. Gənc nəsli hər hansı ədəbi çətər altında bir araya gətirmək onların ayrı-ayrılıqda müxtəlif zəngin insanların tamadasına çevirməkdən xilas yollarından biri idi.

Onların KİV və QHT Şurası ətrafında üzüyola formada layihə müsabiqəsinin iddiaçısı deyil, dünya ədəbi proseslərinə inteqrasiyasında özlərinin yaradıcı şəxslər olaraq təqdim edilməsi əsas olmalıdır.

Bundan sonrakı işlərdən biri bəzi istedadlı yazarların oliqarxların media qurumlarında çalışmasını sərbəst özünü ifadə imkanı ilə əvəz edilməsinə nail olmaqdır. Onların icazəli mövzulara müraciət etməsini, sərhəd tanımayan faciə janrını ədəbi mühitə gətirməsi kimi ambisioz hədəflərlə əvəzlənməsinə çox böyük ehtiyac var. Onların KİV və QHT Şurası ətrafında üzüyola formada layihə müsabiqəsinin iddiaçısı deyil, dünya ədəbi proseslərinə inteqrasiyasında özlərinin yaradıcı şəxslər olaraq təqdim edilməsi əsas olmalıdır. Buna görə onların hər hansı ədəbi dərnəklərdə birləşərək yeni yaradıcılıq əsərləri ortaya qoymasına çalışmaq bəlkə də ən doğrusudur. İstedadlı insanlara sifarişli əsərlər yaratmaq yox, işıq düşməyən mövzulara sərbəst müraciət etmək iqtidarında olmaq yaraşır. Mənim şəxsən AYO-dan gözləntim budur.

Kitabda Rasim bəyin bəyəndiyim yanaşmalarından biri də hamını rahatca tənqid etmək sərbəstliyi ilə bağlı oldu. Müəllif cəmiyyətdə ən yuxarıda oturan vəzifəlisindən tutmuş siyasi partiya lideri də olmaqla ən tanınmış ziyalısına qədər ziyanlı hesab etdiyi hər bir nöqsanı güzəştə getmədən və üzgörənlik etmədən asanlıqla tənqid edir. Onlara münasibətdə özünə qarşı heç bir senzura tətbiq etmir. Kitabda hətta mənim hörmət qoyduğum insanlarla bağlı tənqidi qeydlər də var. Çıxış yolu: tənqidçilərin tənqidi qeydləri ətrafında geniş müzakirə açmaqla deyil, tənqidə əsas yaradan arqumentləri əllərdən almaqla cavab vermək!

Müəlliflə həm razılaşdığım, həm də razılaşmadığım məqam da mövcuddur. Ədəbi mühitlə bağlı yazdıqlarında böyük həqiqət payının olduğunu qəbul edirəm. Çoxlu sayda maneələrlə bağlı söylənilənlərlə razıyam. Lakin bütün bunlarla yanaşı düşünmək üçün bəzi suallara da cavab axtarmağın da vacib olduğu qanəatindəyəm.

Dünyada şedevr əsərlər və illər uzunu “Nobel”i öz ayağına gətirə biləcək əsərlərin bir çoxu sərt avtoritar rejimlərdə və ədəbiyyatın intihar etdiyi dövlətlərdə yaranmayıbmı?

Dünyada şedevr əsərlər və illər uzunu “Nobel”i öz ayağına gətirə biləcək əsərlərin bir çoxu sərt avtoritar rejimlərdə və ədəbiyyatın intihar etdiyi dövlətlərdə yaranmayıbmı? Yayı açılmayan və düşünmək üçün nifrət deposuna yığılan materialı ədəbiyyat nümunəsinə çevrən ədəbi müəlliflər dünyada ən çox əsərləri oxunan yazarlar deyillərmi? Təbii, olub deyəcəksiz! Tarix belə nümunələrlə də zəngindir. Hətta küncə sıxılan ədəbiyyat nümayəndəsi belə elə ədəbi nümunə yarada bilər ki, həmin əsər hamı tərəfindən etiraf olunar. Bu mənada qlobal miqyasda yazıla bilən belə əsərlər əslində heç sərhəd tanımaz. Onlara heç kim mane ola bilməz. Azərbaycanda yeni ədəbi nəslin bu səviyyədə əsərlər yazmamasının səbəbi “60-cılarla” bağlı deyil. Onlar ən yaxşı halda gəncləri görməməzlikdən gələ bilərlər. Onları ədəbi məclislərə dəvət etməzlər. Onların istedadlarını qısqanarlar. Amma onların istedadlarını satın ala bilməzlər. Çünki, istedad alqı-satqı predmeti deyil. Onun özünün gec və ya tez olaraq ifadə müddəti var. Hətta ucqar kənddə belə çox istedadlı yazar şəhərə gəlib öz oxucusu ilə görüşməyə bilər. Onun əsərləri bərbad kağızlarda və ucuz vərəqlərdə çap olunsa belə əsərin gücü və yaradıcı möhürü şəhərin oxucu kütləsini ucqar kəndə müəllifin arxasınca apara bilər. Mən hazırda ədəbi mühitdə olan, lakin əyalətdə yaşayanlar bir neçə ədəbiyyat nümayəndələrini sosial şəbəkədə çox heyranlıqla izləyirəm. Bəxtiyar Hidayət, Aqil Kələntərli və adını çəkmədiyim bir neçə yeni ədəbi nəslin nümayəndələri təqib etdiklərim sırasındadırlar.

Rasib bəy onu narahat edən başqa bir ədəbi mövzuda da tam haqlıdır. Hətta biz oxucuların ürəyindən keçənləri dilə gətirir. Oxucunun xarici müəlliflərə əlçatanlığının davasını aparır. Tutaq ki, oxucunun nə xarici dil mükəmməlliyi var, nə də xaricdən ədəbiyyat almaq imkanı. Bu zaman o, ya klassikləri oxumalıdır, yaxud çap problemi olmayan Azərbaycanın məmur-yazıçılarını. Biləcəridən o tərəfə hətta boylanmamalıdır. Əslində Azərbaycanda gənc ədəbi nəsli inkişafa götürən yollardan biri onların dünya ədəbi mühitinə sıx inteqrasiya olmalarıdır. Söhbət həm yazardan, həm də onun oxucularından gedir.

Niyə milyardlarla körpü tikintisinə və son 5 ildə ev sahibi olduğumuz beynəlxalq yarışmalara üst-üstə 6 milyard dollar xərcləməyə imkanımız olduğu halda Azərbaycan hökuməti tərcümə işinə bu qədər simvolik vəsaitlər ayırır? Niyə yeni ədəbi nəsli ağuşuna almadan və özününküləşdirmədən onlara özünüifadə imkanları üçün şanslar vermir?

Son günlərdə Gürcü ədəbiyyatının yeni müəlliflərinin əsərlərini oxudum. Yeni ədəbi nəslə edilən dəstəyin miqyası ilə tanış oldum. Amma açıq etiraf edirəm ki, bundan sonra bizdəki ədəbi inkişafı onlarla müqayisə etməkdə çətinlik çəkdim. Baxmayaraq ki, bizdə son illər xeyli istedadlı insanlar ədəbiyyata gəlib. Amma bu istedad da yetərli deyil. Dövlət büdcəsi vəsaitlərinin xərclənməsi üçün layihələr axtardığımız illər olub. Lakin bu qədər geniş maliyyə imkanları ilə ədəbi elitanın sinxron davranışını görə bilmədik. Niyə milyardlarla körpü tikintisinə və son 5 ildə (2012-2017) ev sahibi olduğumuz beynəlxalq yarışmalara üst-üstə 6 milyard dollar xərcləməyə imkanımız olduğu halda Azərbaycan hökuməti tərcümə işinə bu qədər simvolik vəsaitlər ayırır? Niyə yeni ədəbi nəsli ağuşuna almadan və özününküləşdirmədən onlara özünüifadə imkanları üçün şanslar vermir? Niyə dünya ədəbiyyatının doğma dilimizə tərcüməsi üçün ayrılan 20 milyon manatın şəffaf xərclənib qurtarması və növbəti tranşların ayrılması üçün israrlı fəaliyyət göstərmir? AYO məhdud imkanları ilə əcnəbi müəlliflərin (Frans Kafka, Çarlz Bukovski, Henri Miller, Umberto Eko, Corc Karlin və digərləri) əsərlərini tərcümə edə bildiyi halda geniş maliyyə imkanına malik dövlət büdcəsindən qidalanan digər ədəbi qurumlar nədən bunu edə bilmirlər? Və ya bundan yaxşısını və geniş miqyaslısını həyata keçirməyi bacarmırlar? Yeri düşmüşkən, AYO üzvlərinin tərcüməsi ilə yuxarıda adın çəkdiyim müəlliflərin çox maraqlı esseləri (“Üst insana gedən yol” kitabı) məndə xeyli maraq oyatmışdı.

Rasim Qaracanın yazıçı-şairləri iki təsnifata ayırması ilə razılaşmamaq olmur. Biri dostlar-tanışlar-qohumlar çevrəsinin yazıçıları və cəmiyyətin yazıçıları. Birinci qrupdakılar hansısa məmur-nazir-deputatın himayəsində bəslənmək və himayə olunmaq üçün mövcuddurlar. Məmura təhlükəsizlik “yastığı” və maddi divar kimi arxalanmaqdır onların əsas marağı. Yağış yağanda başlarını həmin çətərin altında hiss edəcək qədər güvən yeri yaratmaqdır onların amacı. Belə yazıçılar ən yaxşı halda məmurların məclislərində sözlə qəhrəmanlıq “səlnamələri” yaradarlar.

İkinci qrupda olan cəmiyyətin yazıçı-şairləri isə milli dərdlərin tərcümanı, cəmiyyətin faciələrini ədəbiyyata gətirmək və cəmiyyətin altına hansı “minaların” basdırılmasının anonsunu vermək kimi missiya ilə yükləniblər.

İkinci qrupda olan cəmiyyətin yazıçı-şairləri isə milli dərdlərin tərcümanı, cəmiyyətin faciələrini ədəbiyyata gətirmək və cəmiyyətin altına hansı “minaların” basdırılmasının anonsunu vermək kimi missiya ilə yükləniblər. Bu ədəbi seçimdə hər bir yaradıcı şəxs hansı missiya daşıyıcısı olduğunu özü müəyyənləşdirir. Ya qarnının hökmü ilə vicdanını güzəştə gedir, yaxud cəmiyyətin vicdanı olacaq zirvəyə iddia edirsən. Cəmiyyəti əsarət məfkurəsindən xilasın yolllarından biri də bəlkə belə açıq seçim yolunun adının dəqiq ifadəsindən keçir. Rasim Qaracanın bu bölgüsü ədəbiyyat nümayəndələrini bu acıdan tanımaq fürsəti yaradır. Oxucunun gözünü açan belə təsnifata görə müəllif təqdirəlayiqdir.

Ədəbiyyatı siyasi vasitəyə çevirəndə ədəbiyyat da gözdən düşür, ədəbiyyatçı da. Biz hazırki dövrümüzdə həmin ədəbi nüfuzun böhranının yaşadığını görürük. Çılğın və üsyankar ədəbiyyat insanının nümunəsini daha görə bilmirik. Ədəbiyyatda özünəməxsus xarakter sahiblərinin olduğunu barmaqla saya bilirik. Mənə elə gəlir ki, 80-ci illərin sonunda böyük bir şər imperiyasına qarşı üsyankar və inqilabi ədəbi nəslin nümayəndələri daha çoxluq təşkil edirdi, nəinki indi. Situasiya deyəsən xeyli dəyişib. Mənə elə gəlir ki, indiki ədəbiyyat nümayəndələri arasında gələcək zamana işləyən əsl ədəbi müəlliflər karyeraya xidmət edən ədəbi funksionerlərdən çox azdır. Halbuki ikinci qrupa aid olanlar daha çoxluq təşkil etsəydilər ədəbiyyatımız bundan daha dik duruşu ilə seçilərdi. Çox təəsüf ki, onların bir çoxunu dövlət qurumlarında fərqli vəzifələrdə məmur kimi görürük. Bu yol qınanılmalı halda, həmin cığırı prospektə çevirənlərin sırasının genişləndiyini də təəsüf edərək seyr edirik. Əslində, ədəbiyyatı siyasi vasitəyə və karyera nərdivanına çevirənlər ictimai qınağa tuş gətirilmədikcə, açıq düşərgə dəyişməsini və dünənə qədər lənətlədikləri yerə pənah gətirməklərin kompleksini yaşamadan, hakim partiyaya üzv olacaq qədər “cəsarətlilər” tapıldı. Bu yolun maraqlı personalarından olan Salam Sarvanın hekayəsi medianı bir neçə gün zəbt etdi.

Deməli, həmin gənc yazarlar ədəbi diskusiyaları çayxanalarda aparırlarmış. Günün ikinci yarısının keçməsinə baxmayaraq yüngülvari nahar etmək üçün belə pulları olmadıqları halda oradan da durub dağılırmışlar. Günlərin biri...

Kitabda Rasim Qaraca AYO-nun üzvlərinin hansı fədakarlıqlar hesabına bu Ocağı qurduqlarından da söz açılır. Deməli, həmin gənc yazarlar ədəbi diskusiyaları çayxanalarda aparırlarmış. Günün ikinci yarısının keçməsinə baxmayaraq yüngülvari nahar etmək üçün belə pulları olmadıqları halda oradan da durub dağılırmışlar. Belə hallar onlar üçün adi hal imiş. Günlərin biri ənənəvi vaxtda dağılışanda yazarlardan biri deyib ki, gəlin heç olmasa acqarına şəkil çəkdirək?! Onların belə fotoları çox olub. Müxtəlif çətinliklərə baxmayaraq AYO-nın rəhbəri Rasim Qaracanın müxtəlif dövlət qurumlarından vəsait almaq üçün onların qapılarını döyüb gənc yazarların əsərlərini çap etdirmək iradəsi tükənmədi. Bunlar Rasim Qaraca üçün ağ günlər deyildi. Rasim Qaracanın iradə gücü ilə belə bir ədəbi nəslin qayğısına qalmaq ona ağ günlərdən daha çox qara günlər gətirdi. Lakin şərəfli ədəbi səhifə qazandırdı. Bu fədakarlıq həmin ədəbi nəslin bir çoxunun kimlərəsə, hansısa qurumlara əsir düşməsinə mane ola bildi. Bu mənada “Alatoranda yazdıqlarım” kitabını oxuyanda “hər bir kitabda müəllifin bioqrafiyası yatır” fikrində müəyyən həqiqətlərin olduğunu bir daha kəşf etdim. Hətta müəllif desə ki, onlar mən deyiləm, mənim obrazlarımdır. Fərq etməz, demisənsə, demək başqa obrazın dili ilə deyirsən.

Bilirəm bir iqtisadçı olaraq bəlkə də ədəbi hadisələr haqqında fikirlərimlə razı olmayanlar olacaq. Ancaq fikirlərimi demək haqqında düşünərkən hansısa ədəbiyyat nümayəndəsinin razı olmayacağına görə, fikirlərimi sərhədləmədim. Ümumiyyətlə düşüncələrimə divar çəkmək anlayışını yaxına buraxmıram. Bütün təşəbbüslərə qapını bağlayıb həqiqətin o tərəfdə qalmasına razı ola bilmirəm. Ədəbiyyat təkcə ədəbiyyatda olanlar üçün deyil. Sadə oxucusundan tutmuş elitaya qədər hamının həmin ədəbi “piroqda” payı var və bunlar bütün oxucuların məhsuludur. Həmin məhsulun zay, yoxsa keyfiyyətli olmasına dair hər bir istehlakçının öz fikri olmalıdır. Əks halda GEN məhsulu ilə ekoloji sağlam məhsullar biri-birinə qarışar. Əslində oxucu düşüncəsi və istehlakçı məsuliyyəti digərlərində zövq yaratmalıdır. Ədəbi zövqlər də məhz beləcə formalaşır.

Mənim özümün oxuduğum müəllifləri seçmək meyarlarım var. Bunlardan biri müəlliflərin azad ruhlu, yoxsa konyukturaya xidmət kimliyi ilə birbaşa bağlıdır. Konkret söyləyim: mən məmur olaraq vəzifə tutan yazıçıları oxumuram!

​Mənim özümün oxuduğum müəllifləri seçmək meyarlarım var. Bunlardan biri müəlliflərin azad ruhlu, yoxsa konyukturaya xidmət kimliyi ilə birbaşa bağlıdır. Konkret söyləyim: mən məmur olaraq vəzifə tutan yazıçıları oxumuram! Daha çox küncə sıxılan yazıçıları oxuyuram. Belə şairlərin şerlərini dinləyirəm.

Mən bahalı dəbdəbədən lüksü tərənnüm edəni yox, yoxsul daxmalarından başlamış əyalət gerçəkliklərini əsərlərində görə bildiyim müəlliflərin əsərlərini oxuyuram. Gülləri görən müəllifin tikanları da görmək kimi bəsirət gözü açıq, dürüst ədəbi nümayəndələri daha çox oxumağa çalışıram. Mən hökumətlərin səriştəsizliyindən qaynaqlanan cəmiyyətin eybəcərliyini malalayanları yox, onları şapalaq kimi onun üzünə vuranları oxuyuram. Mən o ədəbi əsərləri oxuyur, o müəlliflərlə maraqlanır və onların yazılarını təqib edirəm ki, onlar cəmiyyətin acı reallıqlarını ədəbiyyata gətirə bilirlər. Dilləri qısa deyillər. Ozünəsenzura sərhədlərində dolanbac etmirlər. Ədəbiyyatda ütülü sözlərlə hakim rejimin əl-üzünü yumurlar. Həqiqəti heç kimə güzəşt etmirlər. Heç bir camiənin və partiyanın tərəfini saxlamırlar. Həqiqətin yanında durmaqdır onların dəyişməz missiyası! Belələridir mənim sevimli yazıçım!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG