Keçid linkləri

Təcili xəbərlər

4 yaşlı uşaq Sirinin köməyilə anasının həyatını xilas edib


Londonun cənubunda yaşayan Roman adlı 4 yaşlı oğlan anasının huşsuz halda yerdə uzandığını görərək onun həyatını xilas edib. Uşaq anlayıb ki, ayfonu açmaq üçün anasının barmağını Touch ID düyməsinə toxundurmalıdır. Telefonu işə salandan sonra uşaq Siridən təcili xidmətlər üçün olan 999 nömrəsinə (ABŞ-dakı 911 kimi) zəng vurmağı xahiş edib.

Operatorla əlaqə quran işaq evin ünvanını düzgün ifadə edib və operatora izah edib ki, anası "gözü yumulu uzanıb və nəfəs almır". Polisin "ananı çağıra bilərsənmi" xahişinə uşaq belə cavab verib: "Çağıra bilmərəm, o ölüb". Cəmi 13 dəqiqədən sonra gələn təcili yardım xidməti və polis evə daxil olaraq Romanı, onun əkiz qardaşını, kiçik qardaşını və huşsuz vəziyyətdə olan anasını tapıb. Təcili yardım xidməti qadını xəstəxanaya aparıb. Həkimlər qadına dərman verərək onu özünə gətiriblər. Söhbətin audioyazısını YouTube-da dinləmək mümkündür.

London Polisi yaydığı bəyantda bildirib ki, martın 7-də baş vermiş bu insident uşaqlara fövqəladə hallar zamanı necə davranacaqlarını öyrətməyin nə qədər zəruri olduğunu göstərir.

"Əgər bu gün əlinizdə bir işiniz yoxdursa, mən balaca uşaqların valideynlərinə uşaqları ilə oturub onlara belə vəziyyətdə necə davranmalı olduqlarını başa salmağı məsləhət görərdim. Üzləşdiyimiz təcrübə göstərir ki, bu, həyatla ölüm arasında fərq yarada biləcək qədər vacibdir", - polis rəsmisi Ade Adelekan deyib.

Bu, Sirinin insanların həyatını xilas etdiyi ilk hal deyil. 2015-ci ildə ABŞ-ın Tennessi ştatında yaşayan Sam Ray adlı 18 yaşlı gənc öz avtomobilini təmir edərkən fəlakətlə üzləşib. Maşını yerdən qaldırmaq üçün istifadə olunan domkrat avtomobilin ağırlığına dözməyib və 2 tonluq yük maşını sahibinin üstünə düşüb. Oğlan köməyə çağırsa da, onun harayını heç kim eşitməyib.

Oğlan insanları köməyə çağıraraq xilas olmağa çalışdığı zaman Sirinin işə düşdüyünü eşidib. Onun cibində olan iPhone-un Sirini işə salan düyməsi təsadüfən basılıb. Sam anlayıb ki, bu onun xilas olmaq şansıdır. O, çanağını tərpədərək Sirini yenidən işə salıb və səs komandasının köməyilə 911 xidməti ilə əlaqə saxlayıb. Nəticədə o xilas olub.

Ötən il Avstraliyada yaşayan Stacy Glison adlı bir gənc ana südəmər qızına süni tənəffüs verə-verə "Salam, Siri" ifadəsini işlədib və təcili yardımla əlaqə yarada bilib. Xatırladaq ki, telefonda Sirini işə salmaq üçün məhz bu ifadədən istifadə olunur. Ambulans onların evinə çatana qədər körpə yenidən nəfəs almağa başlayıb.

Ən son yazılan

XS
SM
MD
LG