Keçid linkləri

Təcili xəbərlər

Elon Musk insan beynini kompüterə qoşur


"The Wall Street Journal" qəzeti yazır ki, Tesla və SpaceX şirkətlərinin başçısı İlon Mask (Elon Musk) insan beyninin kompüterlə qarşılıqlı əlaqəsini nəzərdə tutan neyrointerfeysin yaradılması ilə məşğul olan "Neuralink" şirkətini yaradıb.

"The Verge" nəşri isə ötən ilin iyulunda yaradılmış, hələlik başlanğıc mərhələsində olan şirkətin beyinə implantasiya edilən qurğuların yaradılması sahəsində ixtisaslaşacağını yazır. Belə qurğulardan istifadə insanlara kompüterlərlə qarşılıqlı əlaqədə olmağa və əlavə sistemlərdən istifadə etmədən öz fikirlərini rəqəmsallaşdırmağa imkan verəcək.

Son yarım il ərzində Musk bir neçə dəfə "Neuralink"in mövcudluğuna eyham vurub. İş adamı gələcək simsiz neyrointerfeysi "neyron bağ" (neural lace) termini ilə adlandırıb. Bu terminin müəllifi yazıçı-futuroloq Yan Banksdır (Ian Banks). Onun romanlarında insanla maşının simbiozu təkcə informasiya mübadiləsinə imkan vermir, həm də fərdi fiziki ölümündən sonra "diriltməyə" qadirdir.

Qeyd etmək lazımdır ki, Maskın planı fantastik görünür. Hazırda tibb sahəsində beyinə implantasiya edilən elektrodlardan və başqa vasitələrdən istifadə edilir. Bu vasitələrdən müxtəlif neyrodegenerativ xəstəlikləri olan pasientlərin vəziyyətini yaxşılaşdırmaq üçün istifadə edilir. Bununla yanaşı, çox az sayda insana beyindaxili implantlar yeridilib. Çünki belə cərrahi müdaxilələr çox təhlükəlidir və xəstələr yalnız digər müalicə üsulları bitdiyi təqdirdə bu seçimi edirlər.

"Neuralink" bu qəbildən olan ilk şirkət deyil. Misal olaraq "Kernel" şirkəti neyrodegenerativ xəstəliklər və beynin effektivliyinin artırılması sahəsində tədqiqatlarla məşğuldur. Bu şirkətin həmtəsisçilərindən biri iş adamı, "Braintree" şirkətinin təsisçisi Brayan Consondur (Bryan Johnson).

"Neuralink"in yaxın gələcəkdə öz məqsədinə çataraq dolğun neyrointerfeys yaradacağına ümid etmək çətindir. Tədqiqatçıların sözlərinə görə, hələlik bəşəriyyət neyronların işi və qarşılıqlı əlaqəsi barədə çox az məlumata malikdir.

Sözügedən texnologiya yaddaşı yaxşılaşdırmağa kömək edə və insanlara əlavə süni zəka verə bilər. The Wall Street Journal yazır ki, dünyanın aparıcı alimləri İlon Maskın maliyyələşdirdiyi bu layihədə iştiraka razılıq veriblər.

Maskın özü çərşənbə axşamı günü şirkətin mövcudluğunu təsdiq edərək gələn həftə WaitButWhy saytında bu barədə daha detallı məlumat veriləcəyini bildirib.

Hazırda Silikon vadisinin ən maraqlı nümayəndələrindən sayılan İlon Mask eyni zamanda elektrik minik maşınlarının istehsalçısı olan "Tesla" şirkətinin və "Space X" kosmik tədqiqat şirkətinin təmsilçisidir. Bundan başqa o, "Hyperloop" nəqliyyat vasitəsi, habelə Los Ancelesin altındakı tunellərin araşdırılması və Avstraliyanın elektriklə təmin edilməsi layihələri ilə də məşğuldur.

Ən son yazılan

XS
SM
MD
LG