Keçid linkləri

Təcili xəbərlər

İstifadəçilərin şəxsi məlumatlarının satılmasına icazə verildi


Çərşənbə axşamı günü ABŞ Konqresi internet provayderlərinin istifadəçilərin ziyarət tarixini yaymaq və satmaq üçün icazə almalı olduğu barədə qanunu ləğv edib. Bu qanun Barak Obamanın prezidentliyi dövründə qəbul olunmuşdu. ABŞ senatı da bu addımı dəstəkləyib. Artıq yeni qanunun qüvvəyə minməsi üçün yalnız prezident Donald Trumpın imzası lazımdır.

The Verge nəşri yazır ki, Federal Rabitə Komissiyasının ötən ilin oktyabrında hazırladığı qanuna görə provayderlər istifadəçilərin məlumatlarını başqa şirkətlərə satmazdan öncə onların icazəsini almalı, bu məlumatları hakerlərdən qorumalı və müştəriləri məlumat sızmaları barədə xəbərdar etməli idilər. Ancaq bu qanun hələ də qüvvəyə minməmişdi. Buna görə də qanunun ləğvi nəticə etibarilə faktiki status kvonun saxlanması deməkdir.

Ancaq diqqətə alınmalıdır ki, amerikalı istifadəçilər internetdə get-gedə daha çox vaxt keçirirlər. Onlar internet serfinqi üçün kompüterlərdən və mobil qurğulardan istifadə edirlər. İnsanların internet fəallığına dair məlumatlarsa bir sıra şirkətlər üçün böyük maraq kəsb edir. Onlar bu məlumatları sataraq külli miqdarda qazanc əldə edə bilərlər. Problem ondadır ki, bu halda onların satışa çıxardığı şey onlara məxsus deyil. Bir çox istifadəçilər internetdəki fəallıqlarının paylaşılmamasını, şəxsi məlumat kimi qalmasını istərdilər. Üstəlik, nəzərə alanda ki, istifadəçilər internet şirkətinə bunun müqabilində hələ aylıq haqq da ödəyirlər, narazılıq daha da artır.

Bununla yanaşı, respublikaçı çoxluğa malik ABŞ Konqresi provayderlərin Obama dövründə qəbul edilmiş qanunun diskriminasiya xarakterli olmasına dair arqumentlərinə qulaq asdı. Provayderlər bu fikri onunla əsaslandırırlar ki, sözügedən qadağa Google və Facebook da daxil olmaqla internet şirkətlərinə şamil edilmir. Ancaq "The Verge" bu arqumenti əsaslı hesab etmir. Belə ki, adı çəkilən şirkətlərin isifadəçilərin ziyarətləri barədə məlumatların ancaq bir hissəsinə çıxışı var. Provayderlərsə bu məlumatı bütövlükdə əldə edə bilirlər.

Federal Rabitə Komissiyasının prezident Donald Trump tərəfindən təyin edilmiş yeni rəhbəri Ajit Pai səsvermənin nəticələrinə münasibət bildirərkən qeyd edib ki, ləğv edilmiş qadağa şirkətlərin bir qrupuna digər qrup üzərində üstünlük verdiyinə görə konstitusiyaya zidd idi.

Qeyd edək ki, yeni qanun təkcə internet provayderlərinə istifadəçilərin alış-veriş, axtarış və s. vərdişlərinə dair məlumatları satmaq imkanı vermir, həm də Federal Rabitə Komissiyasının bir daha şəxsi məlumatların qorunmasını təsbit edən qanunlar hazırlamasının qarşısını alır.

2015-ci ildə ABŞ-ın "AT&T" şirkəti 280 min müştərisinin şəxsi məlumatlarını oğurlayaraq satdığına görə 25 milyon dollar cərimə edilmişdi.

Ən son yazılan

XS
SM
MD
LG