Keçid linkləri

Təcili xəbərlər

Hepatit Parkinson xəstəliyi ilə bağlıdır


Aparılan yeni irimiqyaslı araşdırmaya əsasən, hepatit infeksiyası olan insanların Parkinson xəstəliyinə tutulma ehtimalları daha çoxdur.

Bu əlaqəni araşdıran Oksford Universitetinin alimi Culiya Pakpur (Julia Pakpoor) komandası ilə apardığı araşdırmada İngiltərə xəstəxanalarının 1999-2011-ci illəri əhatə edən məlumat bazasında qeyd edilən 22 min hepatit B-dən və 48 min Hepatit C-dən əziyyət çəkən insanların xəstəlik tarixçələrindən istifadə ediblər. Bundan başqa, alimlər 6 min autoimmun hepatitli, 4 min xroniki aktiv hepatitli, 20 min VİÇ infeksiyalı şəxslərin xəstəxana tarixçələrini də bu araşdırmaya daxil ediblər.

Araşdırma zamanı əldə edilən nəticələr onu göstərib ki, hepatit B və ya C virusuna heç vaxt yoluxmamış insanlarla müqayisədə, bu viruslara yoluxan insanlarda Parkinson xəstəliyinin yaranma ehtimalı 76%-dən çoxdur.

Mütəxəssislər hələ ki, bu əlaqəni izah edə bilmirlər: aparılan təcrübə səbəbi müəyyən etməyib.

“Amma bu əlaqə dəqiq var və o çox güclüdür”, deyə Milli Parkinson Tibb Fondunun Rəhbəri Maykl Okan bildirib.

Okan onu da qeyd edir ki, ötən il Tayvanda aparılan tədqiqatlar hepatit C-dən əziyyət çəkənlərdə Parkinson xəstəliyi riskinin yüksək olduğunu sübut edib.

Hepatit B və C qaraciyər virus infeksiyalarıdır. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarına görə, B virusu əsasən cinsi yolla yaylır. C virusu isə damardaxili çirkli iynələr vasitəsilə ötürülür.

Hər iki infeksiya xroniki ola bilir. Dünya Səhiyyə Təşkilatına görə, dünyada 240 milyon insan hepatit B-dən xroniki olaraq əziyyət çəkir, hepatit C-dən isə əziyyət çəkən insanların sayı 130-150 milyondur.

Parkinson xəstəliyi isə hərəkət pozuqluğu olaraq əzaların titrəməsi, həmçinin balans və koordinasiya pozuqluğu ilə müşaiət olunur. Bu xəstəlikdən isə hələ ki, müalicə üsulu yoxdur. Bir dəfə yaranan xəstəlik, vaxt keçdikcə daha da proqressivləşir və pisləşir. Parkinsonun əsas səbəbi hələ də müəmmalı olaraq qalır.

Tədqiqatçıların sözlərinə görə, hepatit C-nin müalicəsi mümkündür. Beynəlxalq konqresdə alim və həkimlər çıxışlarında müalicə üsulundan danışaraq bildiriblər ki, bu üsul xəstələrin böyük hissəsini müalicə edir. Əsas hədəf – orqanizmin müdafiə gücünü möhkəmləndirməkdir, bu yolla da virus müalicə edilir.

XS
SM
MD
LG