Hakerlər İŞİD-in rəsmi xəbər portalı Amaq-a hücum edib. Minlərlə istifadəçi virusa yoluxdurulub.
Hazırda sayta daxil olarkən belə bir informasiya görünür: “Saytda virus var. Zərərli proqramla hakerlər kompüterinizə hücum edib vacib informasiyalarınızı ələ keçirə və ya silə bilərlər”.
Sayt idarəçiləri hücumu təsbit edən kimi Telegram kanalı vasitəsiylə mediaya məlumat ötürüblər və istifadəçilərə portalda görünən Flash Player-i yükləməmək barədə xəbərdarlıq ediblər.
Məlumatda bildirilib ki, virus Flash Player-də gizlənib. Zərərli proqramın casusluq üçün hazırlandığı, İŞİD tərəfdarlarının yerini izləyə, söhbətlərini oxuya, bütün multimedia fayllarını ələ keçirə biləcəyi iddia olunur.
Kiberhücuma görə, hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Ancaq, bu hücumun da son illər İŞİD-in veb resurslarına bir neçə dəfə hücum edən Anonymous haker qrupunun işi olduğu təxmin edilir.